Fabrik yumurtaları

Uşaqlıqda bir ay qabaqdan Axır çərşənbədə yumurta döyüşdürməyə hazırlaşardıq. Arabir hövsələmizi basa bilməz, ilk çərşənbədən başlayaraq döyüşə atılardıq. “11 Mart Böyük Xalq Günü”nə də belə hazırlıq getdi, bayram havasından məst olmuş gənclər özünü saxlaya bilmədi, gah o, gah bu məhlədə bayram məşqləri apardılar. 11 martda (bu yazının oxunduğu gün) yumurta döyüşü necə olacaq, gənclər bayramı hansı şəkildə qeyd eləyəcəklər, məlum deyil. Bu Günün özəlliyi və gözəlliyi də elə sürpriz olmasında. Hakimiyyətin kürkünə birə salan da elə budu, çünki döyüşə çıxaracağı yumurtalar fabrik yumurtasıdı. Fabrik yumurtaları isə kənd yumurtalarına həmişə uduzub. Sadəcə, dişə vurduqda yaxşı cingildəyirlər, ama çaqqışanda-döyüşdürəndə aydın olur ki, boş imiş.

Söhbət ideyadan, əqidədən gedir. Erməni adlandırılan gənclərin ürəkdən gələn, günəşlə, işıqla, torpaqla, azadlıq eşqi ilə mayalanmış bayram tədbirlərinin qarşısına inqubator vətənpərvərliyi və ya ferma tərəfkeşliyi ilə çıxmağın mənası yoxdu. Ilham Əliyev isə deyib: “Yumurtanın qiymətini şişirdənlər cəzalandırılacaq”. Ama hansı yumurtanın?

Martın 9-da YAP-ın icra katibi Əli Əhmədov partiyanın Gənclər Birliyinin FƏALLARI ilə görüşüb və Facebook-da baş verənlərlə bağlı onları məlumatlandırıb. Təxminən belə aydın olur ki, o, gecə-gündüz FB səhifələrini izləyir. Indi kimin və hansı adla dostudursa, onu müəyyən eləmək çətindi. Ehtimal ki, Həbib Müntəzirin. Yeri gəlmişkən, Əhmədovun bu toplantısından sonra dostluq təklifləri qadın adlarıyla üstümüzə sel kimi axmağa başlayıb. Cazibədar, şəhvətli! Şəxsən mən heç birini geri çevirmirəm, adamlar nə elədiyimizi bilmək istəyirlər, qoy bilsinlər, onsuz da yazdığımızı açıq yazırıq qəzetdə.

Mübariz Qurbanlı isə od eləyib: “Mən nə 11 mart, nə də 12 martda Azərbaycanda, Bakı şəhərində hansısa kütləvi iğtişaşın, hərəkatın baş verəcəyini təsəvvür belə eləmirəm. Çünki Azərbaycan gəncliyi prezident Ilham Əliyevin siyasətini müdafiə edir”. Axı “11 mart”çılar da iğtişaş-filan olmayacaq deyir. Bir yandan inanmırsız, bir yandan da “baş verməyəcək” deyirsiz. Baş verməyəcəksə, bu qaşınmalar nədən? Gülünc ittihamlarla həbslər, vay-şivən, ordu hazırlığı, polis məşqləri nədən? “Onların çağırışlarına qoşulan insanlar Azərbaycanda 0.1 faizdən də dəfələrlə az ola bilər”,- dediyiniz nə, bu qorxu, vurnuxma, vurundurma nə? 0.1 faizdən də az deyillərmi? Xalq da, gənclik də, qocalıq da hamısı sizi dəstəkləmirmi? Onda o gənclərə meydan verin, qoy 5-10 nəfər toplaşsın, şüar səsləndirsin və saylarının az olmasından xəcalət çəkə-çəkə evlərinə dağılışıb, bir də belə əməllərə əl atmasınlar. Hə, qorxmayın, yoldaşlar. Bir az qırışığınızı açın. Dərindən nəfəs alın. Tikan üstdə oturmaq o qədər də xoş bir şey deyil.

Həm də Azərbaycan gəncliyi Ilham Əliyevi müdafiə eləyirsə, o 0.1 faiz də elə özgəsi deyil, Azərbaycan gəncliyidi, məntiqlə belə çıxır, onlar da çıxıb Ilham Əliyevi müdafiə eləyəcəklər, niyə imkan vermirsiz?..

“Yuğ” Dövlət Teatrının aktyoru Kamran Yunis yolpulusu olmadığından işə gələ bilməyən xalq artistlərindən danışıb “Azadlıq” radiosuna və: “Demək istədiyim odur ki, maddi problemlər insanları boğur. Nə qədər dözmək olar? Biz normal yaşamaq istəyirik!” – deyib. Əliəhmədovlar isə aktyorun üzünə dirənirlər ki, biz analoqu olmayan xoşbəxtlik, naz-nemət, var-dövlət içində yaşayırıq. Əlbəttə, kimin necə dolandığını onun özündən yaxşı bilmək olmaz.

Hə, FB-də maraqlı bir şərhə sataşdı gözüm. Pəri Miniatür adlı biri yazıb: “Yumurta məsələsi bizim taleyimizi həll edir və həyatımız, itirdiyimiz torpaqlar, mənəvi dəyərlərimiz bu yumurta hikmətinə bağlıdır”.