AFFA “Xəzər Lənkəran”ı 19 000 manat cərimələdi

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. İclasda “Xəzər Lənkəran”la “Neftçi” arasında avqustun 25-də keçirilən və 0:0 hesabı ilə başa çatan oyun zamanı baş verən dava-dalaş müzakirə olunub.
İntizam Komitəsi davanı “Xəzər Lənkəran” azarkeşlərinin saldığını qeyd edərək qərar alıb ki:

– 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan Kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.
– Stadionda baş vermiş kütləvi intizamsızlığa görə “Xəzər Lənkəran” klubu 5000 manat cərimə olunur (maddə 50).
– Pirotexniki vasitələrdən istifadə edilməsi və  meydançaya kənar əşyalar atılmasına görə “Xəzər Lənkəran” klubu 4000 manat cərimə olunur (maddə 52).
– “Xəzər Lənkəran” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə klub 1000 manat cərimə olunur (maddə 40).
– “Xəzər Lənkəran” və “Neftçi” klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunur.
– Hər iki klubun ev sahibi olduğu oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Topaz Premyer Liqası və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək.
– Matçın gedişində stadionun diktoru tərəfindən “Xəzər Lənkəran” azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Xəzər Lənkəran” klubu 2000 manat cərimə olunur.
– “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyevlə “Neftçi” klubunun 7  №-li futbolçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə “Xəzər Lənkəran” və “Neftçi” klubları 2000 manat cərimə olunurlar.