Akif Heydərli: «Əgər Mövsüm Səmədovun namizədliyi qeydə alınmasa, bunu hakimiyyətin qorxaqlığı, saxtakarlığı kimi qiymətləndirəcəyik»
Azərbaycan Islam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun prezidentliyə namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi haqda məlumat vermişdik.
Islam Partiyası sədrinin müavini, Mövsüm Səmədovun namizədliyi ilə bağlı yaradılmış təşəbbüs qrupunun rəhbəri Akif Heydərli “Azadlıq”a açıqlamasında Mövsüm Səmədovun qeydə alınması üçün sona qədər mübarizə aparacaqlarını və hakimiyyətin siyasi iradə nümayiş etdirib onu dərhal azad etməli olduğunu bildirdi: “Hələ ki, MSK-dan heç bir cavab almamışıq. Həftənin 2-ci gününə qədər cavab verilməlidir. Mövsüm Səmədovun namizədliyini verməsi üçün 160 min insan imza atıb və bu imzalar müvafiq orqanlara təqdim edilib. Ölkədə hamı bilir ki, Mövsüm Səmədov siyasi sifariş əsasında, şərlənərək həbs olunub. Nə ilkin istintaqda, nə də məhkəmə zamanı ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib. Əgər hakimiyyət Mövsüm Səmədovdan qorxmursa, onun seçkilərdə qalib gələcəyinə inanmırsa, bunu əyani şəkildə sübut etsin. Əks halda biz bunu hakimiyyətin qorxaqlığı və seçkilərin saxtalaşdırılmasına növbəti cəhd kimi qiymətləndirəcəyik. Mövsüm Səmədovun bütün sənədləri qaydasındadır və seçki qanunvericiliyinə uyğun olaraq bütün hallara əməl olunur. MSK-dan müsbət cavab aldıqdan sonra imzatoplama kampaniyasına başlayacağıq. Islam Partiyası ədliyyə Nazirliyində qeydiyyata alınmadığına görə, biz Mövsüm Smədovun namizədliyini irəli sürmək üçün 100 nəfərdən ibarət təşəbbüs qrupu yaratmışıq və mütəmadi iclaslar keçirib, görüləcək işləri müzakirə edirik. Biz hesab edirik ki, Mövsüm Səmədov ən layiqli namizədlərdən biridir”.
Xatırladaq ki, Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Ilham Hüseyn