AMIP-in öz namizədi olmayacaq

Azərbaycan Milli Istiqlal Partiyası (AMIP) bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak etməyəcək. Bu barədə AMIP-in baş katibi Arzuxan Əlizadə məlumat verib.

A.Əlizadə bildirib ki, prezident seçkilərə qədər AMIP-in qurultayı çağırılmayacaq. Qurultayın yalnız seçkilərdən sonra keçirilməsi nəzərdə tutulur: “Bu ərəfədə qurultayın çağırılmasına ehtiyac yoxdur. Çünki partiyanın Siyasi Şurasında aparılan müzakirələrin nəticəsi kimi, AMIP-in seçkilərdə öz namizədilə iştirak etməməsi barədə qərar qəbul olunub. Hazırda seçkilərdə partiyanın hansı formada iştirakı ilə bağlı məsələni qətiləşdirmək üçün, Siyasi Şura Mərkəzi Şuranın çağırılmasını məqsədəuyğun hesab edib. Mərkəzi Şuranın yaxın günlərdə çağırılması nəzərdə tutulur”. Partiya funksioneri qeyd edib ki, namizəd olmasa da, AMIP-in prezident seçkilərində iştirakı birmənalıdır: “Partiyanın seçkilərdə hansı formada iştirakı, Milli Şuranın namizədini dəstəkləyib-dəstəkləməyəcəyi barədə qərarı Mərkəzi Şura verəcək”(APA).