Fərhad Əliyev özünü gözdən saldı

Sabiq nazir Ilham Əliyevə etdiyi jestin müqabilində YAP tərəfindən aşağılandı

Sabiq iqtisadi inkişaf naziri, 2005-ci dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilən Fərhad Əliyevin Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə bağlı açıqlaması həmyerliləri tərəfindən hiddətlə qarşılanıb. Xatırladaq ki, Fərhad Əliyev vəkili vasitəsilə həbsxanadan yolladığı açıqlamada bildirib ki, Cəmil Həsənliyə böyük hörməti olsa da, prezident seçkisində ölkə başçısı Ilham Əliyevi dəstəkləyir.

Fərhad Əliyev doğulduğu Cəlilabad rayonundan “Azadlıq”a bildiriblər ki, sabiq nazirin bu addımını hər kəs pisləyir. “Rayonda deyirlər ki, Cəmil Həsənli Fərhad Əliyevi həmişə müdafiə edib. O, həbs ediləndə sinəsini qabağa verib. Heç olmasa Fərhad Əliyev bunu göz önünə gətirib belə açıqlama verməzdi. Fərhad Əliyev sussa idi bundan daha yaxşı idi”, – deyə Cəlilabaddakı mənbəmiz bildirib.

Yeri gəlmişkən, Fərhad Əliyevin belə bir açıqlama ilə çıxış etməsi barədə müxtəlif mülahizələr səslənir. Bəzi mülahizələrə görə, sabiq nazir öz təşəbbüsü ilə bu açıqlamanı verib. Hesab edib ki, Ilham Əliyevə bu sayaq jest etməsi azadlığa buraxılmasını sürətləndirə bilər.

Başqa bir mülahizəyə görə, Cəmil Həsənli vahid namizəd elan ediləndən sonra hakimiyyət dərhal Fərhad Əliyevi onun əleyhinə danışmağa məcbur edib. Sabiq nazir də bu cür açıqlama verib.

Cəmil Həsənli özü Fərhad Əliyevin açıqlamasına bir cümlə ilə cavab verib. O, AzadlıqRadiosuna müsahibəsində deyib: “Mən onun seçiminə hörmətlə yanaşıram”.

YAP-dan da Fərhad Əliyevin açıqlamasına reaksiya verilib. YAP-çı deputat Aydın Mirzəzadə modern.az-a bu barədə bildirib: “Hesab edirəm ki, bu sadəcə olaraq bir nəfərin mövqeyidir. Buna başqa qiymət vermək düzgün olmazdı. Əgər həbsdə olan Fərhad Əliyev qarşıdan gələn seçkilərlə bağlı öz mövqeyini bildirirsə, bu, onun seçimidir. Ümumiyyətlə isə hələ seçki təbliğatı başlamadan indidən bir çox insanlar öz seçimlərini edirlər. Milyonlarla insan Ilham Əliyevi dəstəklədiyini bildirir. Fərhad Əliyevin də bu milyonlara qoşulması hesab edirəm ki, bir vətəndaş seçimidir”.

Göründüyü kimi YAP-çı deputat Fərhad Əliyevin hakim partiya üçün xüsusi bir çəkiyə malik şəxs olmadığına, açıqlamasının sıravi bir vətəndaşın mövqeyi olduğuna işarə edib. Və əslində bununla Fərhad Əliyevi aşağılayıb.

Azad