Sabirabad polisində özbaşınalıq

Sakinlər yol polisinin rəisindən şikayətçidir 

“Sabirabad rayon yol polisinin rəisi Məmmədsadıq Nağıyev məni vurub” – bu sözləri “Azadlıq”a rayon sakini Musa Zülfüqarov deyib. Onun dediyinə görə, iyulun 12-də oğlu maşınını sürürmüş: “Məmmədsadıq da adi geyimdə olub. Maşını əl eləyib ki saxlasın. Oğlum da onu tanımadığı üçün saxlamayıb. Getdim Məmmədsadıqla görüşdüm. Dedim cəriməsi nə qədərdir, ödəyirəm. Cavabı bu oldu ki, 160 manat, ancaq bu məbləğlə canımı qurtara bilməyəcəyimi söylədi. Sonra ayağa qalxıb mənə qanunla danışmağı irad tutdu. Məni döyməklə hədələdi. Dedim ki, vətəndaşı vura bilməzsən. Bir az keçdi raport yazdı. Guya mən onu vurmuşam. Polis idarəsinə apardılar. Bir gün orada qaldım”.

Şikayətçinin sözlərinə görə, idarədə deyiblər ki, guya yol polisi rəisini döydüyünə görə one 3 ilə qədər iş gözləyir: “1500 manat pul aldılar və cəriməni yazdılar. Dedilər ki, bir adama desən, başına bundan da böyük oyun açacağıq”. 

Musa Zülfüqarovla yanaşı başqa bir rayon sakini də Məmmədsadıq Nağıyevin qanunsuz addımı ilə üzləşib. Müşviq Fətiyev deyir ki, maşınına arxa şüşəsinə qara pərdə vurubmuş: “Şöbənin qarşısından keçirdim. Məmmədsadıq Nağıyev də işçilərlə idarənin qarşısında oturmuşdu. 

Işçiləri arxamca maşını sürdülər, saxlatdırıb rəisin məni görmək istədiyini dedilər. Serjant yanımda oturdu, gəldim rəisin yanına. Pərdənin qanunsuz olduğunu söylədi. Bildirdim ki, bu tündlüyə qədər icazə verilir. Dedi ki, kustar üsulla hazırlanıb, bu, qadağandır. Onunla razılaşdım və sökəcəyimi dedim”.

Şikayətçi deyir ki, rəis onun həbsinə göstəriş verib: “Buna etiraz etdim. Dedim ki, cəriməm nə qədərdirsə, yazın ödəyim. Məmmədsadıq ayağa qalxdı. Əsəbi şəkildə ”mənə ağıl öyrədirsən?” deyib qolumdan yapışıb yerə yıxdı. Dedim kim sənə səlahiyyət verib vətəndaşı vurursan? “Əcəb edirəm” deyib vurdu, sonra da işçilərlə məni sürüyə-sürüyə bayıra çıxartdı. Dedi ki, yol mənimdir, səni qoymayacam burada maşın sürməyə. Polis idarəsinə raport yazmışdılar. Onlara dedim ki, mənim də adamım var, cavabını alarsan, bundan sonra yumşaldı və məni buraxdılar”.

Məlumat bizə ötən həftənin sonları daxil olub.

Məsələ ilə bağlı Dövlət Yol Polisi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev iş həftəsinin sonu olduğunu əsas gətirərək iş həftəsi başlayandan sonra zəng etməyimizi istədi. Ötən gün bir daha Kamran Əliyevlə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.

Qarşı tərəfi də dinləməyə hazırıq.