Avqustun 25-də Lənkəran şəhər mərkəzi stadionda keçirilən “Xəzər Lənkəran”-“Neftçi” qarşılaşması bitəndən sonra azarkeşlər arasında dava düşdü.
Rəsmi məlumata görə, baş verən insident zamanı Daxili Qoşunların müddətdən artıq hərbi qulluqçuları, 1988-ci il təvəllüdlü Saleh Səttar oğlu Hüseynov, 1990-cı il təvəllüdlü Tural Səfər oğlu Əliyev, 1987-ci il təvəllüdlü Natiq Ismayıl oğlu Ismayılov, 1992-ci il təvəllüdlü Kamran Dadaş oğlu Quliyev, 1989-cu il təvəllüdlü Sənan Surxay oğlu Həsənov və polis baş leytenantı 1977-ci il təvəllüdlü Mircan Mirverdi oğlu Quliyev xəsarət alıblar.
Xəstəxanaya yerləşdirilən hərbi qulluqçular ötən gün xəstəxanadan evə buraxılıb, polis baş leytenantı isə xəstəxanada müalicəsini davam etdirir.
Olayla bağlı 7 nəfər – 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Aydın Əkbərov, 1994-cü il təvəllüdlü Qusar rayon sakini Elman Davud oğlu Tağıyev, 1975-ci il təvəllüdlü Abşeron rayon sakini Zaur Arif oğlu Ərəbov, 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini Rəfail Fərahim oğlu Əkbərov, 1962-ci il təvəllüdlü Lənkəran rayon sakini Əli Aslanov, 1962-ci il təvəllüdlü Astara rayon sakini Elçin Eldar oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Lənkəran rayon sakini Elman Bayraməli oğlu Ibrahimli tutulub və barələrində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Qarşıdurmadan sonra daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Lənkərana getməsi barədə xəbərlər yayıldı. Ancaq az keçməmiş Lənkəran şəhər Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov məlumatı təkzib edib: “Insident yalnız stadionun daxilində baş verib. Onun da qarşısını almışıq. Nə baş verib ki, ondan ötrü Vilayət müəllim də Lənkərana gəlsin, proseslərə burdan nəzarət eləsin? Oyun qurtaranda azarkeşlər stadionu tərk etmirdilər. Deyirdilər ki, mayın 28-də Bakıda keçirilmiş Azərbaycan Kubokunun final matçından sonra ”Neftçi” komandası “Xəzər Lənkəran”a qarşı pis münasibət göstərib. Onlardan bəziləri xuliqanlıq etdiyi üçün 7 nəfər saxlanılıb, 1 polis əməkdaşı yüngül xəsarət alıb. Oyundan sonra Lənkəran küçələrində iğtişaşların törədildiyinə dair xəbərlər də doğru deyil. Azarkeşlər stadiondan çıxdıqdan sonra evlərinə dağılışıblar”.
“Xəzər Lənkəran” rəsmiləri baş verən hadisələrə rəsmi münasibət bildirib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlamasında hadisənin əsas səbəbi kimi may ayında paytaxtda baş tutan ölkə kubokunun final qarşılaşmasından sonra “Xəzər Lənkəran” futbolçularının döyülməsini göstərib: “Bu olay hamımızı üzdü. Hələ yaxşı ki, Lənkəran polisi və Daxili Qoşunlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirə bildilər. Matç ərzində oyunun dayanmaması, meydana azarkeşlərin daxil olmaması kimi vacib amillər var və bütün digər hadisələr oyun sonrası baş verib. Amma ortada çox böyük bir fakt var – bu hadisələrin yaşanacağı gözlənilirdi. Çünki mayın 28-də Bakıda keçirilən ölkə kobokunun finalında baş verən hadisələrə görə cəzalanmalı olan insanlara layiqli cəza verilmədi. ”Neftçi” ilə oyuna az qalmış guya idman direktoru vəzifəsindən çıxarılmış Güloğlan Cabbarov “Neftçi” prezidenti ilə Albaniyada klubun rəsmi geyimində matçı VIP lojada izlədi. Bütün bu amillər, yəni cəzasızlıq insanları daha da hiddətləndirdi. Bir ay ölkə mətbuatı ölkə kubokunun finalında baş verən biabırçılığı işıqlandırdı, pislədi, lakin nə dəyişdi? Kimlər cəzalandı? “Neftçi” tərəfinə biz oyundan sonra klub olaraq onlara öz qonaqpərvərliyimizi göstərdik. Gecə saat 2-yə qədər rəhbərlik və futbolçular “Xəzər Lənkəran”ın bazasında qalıb çörək yeyib, çay içib yola salınıb. Yəni biz klub olaraq 15 min insanın qarşısını almağa qadir deyilik. Necə ki, bu qədər polis və daxili qoşunlar bunu çətinliklə etdi. Ona görə də vaxtında düzgün cəzalar verilsəydi, kütlə sakitləşərdi”.
“Bu olaylar hamımızı üzdü. Hər birimiz baş verənlərə görə narahatlıq keçirdik. Dünən oyun başa çatdıqdan sonra 2 saatdan çox bir müddətə stadionda qaldıq və aranın sakitləşməyini gözlədik. Bütün bu faktlar heç də ürəkaçan bir şey deyil. Bundan əlavə ”Xəzər Lənkəran” rəsmilərinin hadisə ilə bağlı verdikləri açıqlamalar da bizi qane etmədi. Belə ki, qarşı tərəfin rəsmiləri öz açıqlamalarında 15 minlik azarkeşin qarşısını almağın mümkünsüz olduğunu bildiriblər. Ancaq ev sahibi “Xəzər Lənkəran”dır və onlar birbaşa olaraq stadionun təhlükəsizliyinə cavabdeh olmalıdırlar”.
Rayon sakinlərinin məlumatına görə, olay oyundan sonra iki-üç saat ərzində baş verib: “Klubun azarkeşləri davanı küçələrdə etməyib. Yolları bağlamaq, obyektlərə hücum etməklə bağlı yayılan məlumatlar yalandır. 7 azarkeş həbs olunub, bizim əsas narahtlığımız həmin şəxslərin həbsi ilə bağlıdır”.
Rayondan aldığımız son məlumata görə, polis yolla gedən azarkeşləri bölmələrə aparır: “Polis şübhələndiyi, oyunda olan bəzi azarkeşləri bölmələrə aparıblar. Hətta bir neçə azarkeşin evinə zənglər də olub”.
Ramin DEKO