Nazirin qardaşı banka 4 milyon manat “atıb”

“Dəmirbank” Əlikram Camalovu məhkəməyə verir

“Dəmirbank” Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovu məhkəməyə verir. Bu barədə bankın nümayəndəsi İlhamə Həsənova məlumat verib.

Nümayəndə bildirib ki, nazirin qardaşı Əlikram Camalov “Hacı Camalxan” adlı Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradıb və özü də həmin qurumun direktorudur. Əlikram Camalov “Hacı Camalxan” MMC-nin adına “Dəmirbank”dan 3 milyon 950 min manat kredit götürüb.

İlhamə Həsənovanın sözlərinə görə, Əlikram Camalov qeyd olunan krediti 26 may 2010-cu ildə götürüb: “Bu günə kimi Əlikram Camalov götürdüyü kreditə görə banka bir manat da olsun, ödəniş etməyib. Qardaşının vəzifədə olmasından istifadə edən Əlikram Camalov banka ödəniş etməkdən boyun qaçırır. Buna görə də iddia ərizəsi hazırlamışıq və bankın pulunu ödəməsi üçün məhkəməyə müraciət edəcəyik”.

Hüquqşünas onu da əlavə edib ki, Əlikram Camalovun banka faizi ilə birlikdə borcu hesablanıb. Onun sözlərinə görə, faizi ilə birlikdə Əlikram Camalov “Dəmirbank”a 4 milyon 336 min manat borculudur.

Qeyd edək ki, Əlikram Camalov “Hacı Camalxan” MMC-ni kəndli-fermer təsərrüfatı kimi yaradıb. Bu qurum Şirvan şəhərində və Salyan rayonunda fəaliyyət göstərir.

Aytən