3 ölkə BMT-ni gözləmədən hərəkətə keçir; Rusiya kənara çəkilir; hərbi müdaxilə hər an başlaya bilər
ABŞ, İngiltərə və Fransa Bəşər Əsəd rejiminə qarşı hərbi gücdən istifadə məsələsində anlaşıb. Bu barədə “Hürriyet” qəzeti 3 ölkədən “ən yüksək səviyyədə verilən açıqlamalara” istinadla məlumat yayıb. Qəzet yazır ki, anlaşma 3 ölkə liderinin ötən həftə sonu apardığı danışıqlarda əldə edilib.
“Hürriyet” Bəşər Əsəd rejimini kimyəvi silahdan istifadə olunacağı halda “qırmızı xəttin” keçiləcəyi haqda xəbərdar edən ABŞ-ın Suriyada bir neçə gün qabaq mülki əhaliyə qarşı kimyəvi silah işlədildiyinə “az şübhə etdiyini” diqqətə çatdırır. Bununla bağlı ABŞ prezidenti Barak Obamanın Milli Təhlükəsizlik Şurasını çağırdığını xatırladan qəzet İngiltərə və Fransanın da Əsəd rejiminə qarşı hərbi gücdən istifadəyə tərəfdar olduğunu yazır.
Qəzet xəbər verir ki, nəzərdən keçirilən birgə hərbi müdaxilə variantlarından biri də hava hücumudur. Ötən həftə sonu İngiltərənin baş naziri Devid Kemeronun ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Farnsua Hollandla apardığı telefon müzakirələrində Əsəd rejiminin önəmli obyektlərinin raket zərbələrilə vurulması nəzərdən keçirilib.
Avqustun 26-da İngiltərənin xarici işlər naziri Uilyam Heyq bəyan edib ki, Suriyaya qarşı hücum BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan da mümkündür. Çünki bu ölkədə kimyəvi silah istifadə edilib. Suriya əleyhinə qətnamələrin Rusiya və Çin tərəfindən əngəlləndiyi BMT TŞ isə məsələnin nizamlanması üzrə məsuliyyəti öz üzərinə götürmək istəmir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf isə avqustun 26- keçirdiyi brifinqdə bəyan edib ki, təmsil etdiyi hökumət Suriyaya qarşı bir sıra mümkün hərəkət variantlarını, o cümlədən güc tətbiqini nəzərdən keçirir. “Prezident ən müxtəlif addımları nəzərdən keçirir. Dediyimiz kimi, bura hərbi cavab ehtimalı da daxildir. Hələlik bu barədə qərar yoxdur, müzakirələr gedir”, – deyə Harf bildirib.
Suriyada kimyəvi silazdan istifadə ilə bağtlı sübutlara gəlincə, Dövlət Departamentinin rəsmisi bəyan edib ki, bunlar kəşfiyyat məlumatları və açıq mənbələrin informasiyalarıdır.
Liviyadakı hərbi əməliyyatların təsəbbüşkarı olan Fransanın rəhbərliyi də bildirib ki, tezliklə Suriya münaqişəsinə hərbi müdaxilə barədə qərar çıxarılacaq.
Britaniya mətbuatı isə öz hökumətlərindəki mənbələrə istinadla hərbi əməliyyatların gələn həftə başlaya biləcəyini yazıblar. “Daily Mail” qəzeti Əsəd rejiminin hətta yaxın 48 saat ərzində vurula biləcəyini xəbər verib. Qəzet yazıb ki, bu, qısa müddətli, amma çox sarsıdıcı və güclü hücum olacaq.
Bu arada Bəşər Əsəd Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində ABŞ-ın Suriyaya hərbi müdaxilə edəcəyi halda “Vyetnam müharibəsindən bəri olduğu kimi” məğlubiyyətlə üzləşəcəyini deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə “son günlərdə Vaşinqtondan gələn və Suriyaya hərbi müdaxiləyə hazırlıq getdiyini göstərən” xəbərlədən narahatlıq duyduqlarını bildirib. Lavrov narahatlıqlarını telefon danışığında amerikalı həmkarı Con Kerriyə də çatdırıb: “Suriyaya mümkün hərbi müdaxilə bütün Yaxın Şərq regionu üçün təhlükəli nəticələr doğura bilər”. Rusiya ABŞ-ı “Dəməşqə qarşı güc yolu ilə təzyiqdən çəkinməyə, Suriyada olan BMT ekspertlərinin hərtərəfli, obyektiv və tərəfsiz araşdırma aparması üçün normal şərait yaradılmasına dəstək verməyə” çağırır.
Lavrov avqustun 26-da Suriya böhranı ilə bağlı xarici media təmsilçiləri üçün mətbuat konfransı da keçirib. “Vaşinqton bildirir ki, ”qırmızı xətt” keçilib. Bu isə “Böyük səkkizlik” ölkələri liderlərinin bir müddət əvvəl verdikləri birgə bəyanata ziddir. Həmin bəyanatda bildirilirdi ki, kimyəvi silahdan istifadə ilə bağlı istənilən məlumat ətraflı araşdırılmalı, nəticələr BMT-yə təqdim olunmalıdır. Ona görə də biz keçmişdəki səhvləri təkrarlamamağa, birgə, düzgün işləməyə çağırırıq. Biz bunları Iraq, Liviya olaylarında görmüşük. Xaricdən müdaxilə heç bir halda təhlükəsizliyin bərpasına, əhalinin yaşayışının yaxşılaşmasına gətirib çıxarmayıb”, – deyə Rusiya XİN başçısı jurnalistlərə bildirib. O, həmçinin qeyd edib ki, hazırda beynəlxalq birliyin bütün səyləri “Suriyadan terrorçuların çıxarılmasına” yönəlməlidir.
Bununla belə, Lavrov Suriyaya hərbi müdaxilə olacağı halda, Rusiyanın müharibəyə qoulamaycağını da diqqətə çatdırıb. Bu istiqamətdə suala cavabında o, bildirib ki, Rusiya kiminləsə döyüşmək niyyətində deyil.
Suriyanın özündə isə BMT-nin kimyəvi silahlarla əlaqədar araşdırma aparan nümayəndə heyəti atəşə tutulub. Türkiyə mətbuatının yazdığına görə, Suriya Ümumi İnqilab Şurasının mətbuat xidmətinin katibi Əbu Məhəmməd baş verən hadisəni şərh edərəkən bildirib ki, BMT nümayəndə heyətinin avtomobili Dəməşqin girəcəyində Əsədə bağlı ordu birlikləri tərəfindən atəşə tutulub. Avtomobil karvanının atəşə tutulması, BMT nümayəndə heyətinin bölgədəki fəaliyyətinə Bəşər Əsədin mane olması kimi qiymətləndirilir. Əbu Məhəmmədi iddia edib ki, atəş nəticəsində karvanda bir avtomobil sıradan çıxıb.