Üzeyir Cəfərov: «Əsgərin təsərrüfat işlərinə cəlb olunması sovet dövründən qalma ənənədir»
Milli ordunun əsgərlərinin qeyri-hərbi işlərə cəlb olunması ilə bağlı bundan əvvəl də müxtəlif məlumatlar yayılıb. “Yeni Müsavat” qəzetinin dünənki sayında gedən məqalə də bu qəbildəndir. Məqaləyə görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova məxsus olduğu bildirilən “Gəmiqaya” şirkəti şəhərin mərkəzində olan köhnə arxiv binasını alıb. Hazırda orada söküntü işləri aparılır. Binanın köhnə suvağı sökülür. Təmir-tikinti işlərini isə usta və fəhlələrin əvəzinə Ermənistanla sərhəddə yerləşən hərbi hissələrdən birinin əsgərləri həyata keçirir. Qeyd edək ki, qəzetdə həmçinin binanın təmirinə cəlb olunan əsgərlərin şəkilləri də dərc olunub.Hərbçi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, istənilən halda hərbi xidmətə çağırılanların kənar işlərə cəlb olunması qanunsuz addımdır və buna yol verən şəxslər ciddi cəzalandırılmalıdır. Bu ənənənin sovet dövründən qaldığını deyən Ü.Cəfərov vurğuladı ki, əsgərlərin təsərrüfat işlərinə cəlb olunması o zaman az qala qanuna çevrilmişdi: “Biz zaman-zaman bu cür faktlar aşkarlayırıq. Sovet dövründə əsgərlərin bu cür xidmətləri müqabilində hərbi hissələr müəyyən imtiyazlar, texniki baza əldə edirdilər. Bir vaxtlar milli ordumuzda geniş yayılan bu hal son zamanlar azalsa da, Naxçıvanda hələ də davam etməkdədir. Buna Naxçıvanın gözdən uzaqda olması da kömək edir. Əsgərin bir nömrəli vəzifəsi vətəni qorumaqdır, təsərrüfat işləri ilə məşğul olmaq əsgərin borcu deyil”.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Suallarımızı mətbuat xidmətinin əməkdaşına söylədikdən sonra o, bizimlə əlaqə saxlanılacağını bildirdi. Amma günün sonuna kimi nazirlikdən cavab gəlmədi.
Hikmət