Birlik məsələsi sakrallaşanda

Demokratik təsisatlarda siyasi qərarlar çətin qəbul olunur. Elə bu səbəbdən Milli Şurının yekun qərarının bu qədər gecikməsi bir o qədər də təəccüb doğurmur. Amma ehtiyat namizədlə bağlı qərarın bu qədər yubanmasının səbəbi təkcə demokratik prosedurlarının ləngliyinin nətiəcəsidirmi?  Düşünmürük. Bunun səbəbini başa düşmək üçün Mili Şurada baş verən proseslərə bir qədər yaxından baş vurmaq daha məqsədəuyğundur, neinki demokratiya nəzəriyyəsinin cəngəlliklərində eşələnmək.

Indi heç bir yazıda düşündüklərini olduğu kimi qələmə almaq faktiki olaraq mümkün deyil. Hər yazıda siyasətin yalnız kiçik bir hissəsini dilə gətirmək olur.  

Bu baxımdan Milli Şura da istisna deyil. Təəssüf ki, mən başqaları kimi “Hakimiyyət Milli Şuradan qorxur” fikrini yaza bilmirəm. Ona görə ki, buna mənim özümün inamım azdır.

Mənə elə gəlir ki, Milli Şura özünün son qərarı ilə I.Əliyevə ilk dəfə olaraq legitim prezident olmaq şansı verdi. Bu vaxta qədər onun prezidentliyinin legitimliyi həmişə şübhə doğurmuşdu.

“Niyə görə Ə.Kərimlinin və ya I,Qəmbərin namizədliyini irəli sürmürsünüz?” sualına səmimi müxadifətçilər “Bu halda bizi yalnız şərəfli məğlubiyyət gözləyir”- deyə cavab verirdilər. Başa düşmək olmur. Bəs indiki halda necə? Müxalifəti şərəfli qələbə gözləyirmi? 

Zərrə qədər olsun belə insanları həvəsdən salmaq, onları mübarizədən, fəaliyyətdən yayındırmaq istəmirəm. 

Amma indi müxalifətin sərəncamında imza toplamaq üçün çox az vaxt var. Məsələ hətta imzada da deyil. Onlar yəqin ki, toplanacaq. Böyük ehtimalla Milli Şuranın sədrinin namizədlik məsələsi alınmayacaq.

Qalır ehtiyat namizəd. Bəziləri düşünür ki, Milli Şura cəmiyyət arasında o qədər populyardır ki, kimin namizədliyini irəli sürsən o, mütləq qalib gələcək! 

Amma belədirmi? Deyirlər ki, əhali arasında narazılıq o qədər böyükdür ki, istənilən müstəqil namizəd I.Əliyevə qalib gələ bilər. 

Amma belədirmi?

Bəlkə də bu iki fikrin ikisində də həqiqət var. Amma onlar o vaxt doğru olardı ki, ölkədə əsl demokratik seçki keçirilərdi. Fəqət, bu ehtimal nə dərəcədə yetərlidir? 

Düşünmürük ki, bu suala təsdiqləyici cavab verən təhlilçi tapılsın. Qeyrilərinə gəldikdə isə, onların öz çıxışlarını hansı statusda qurması mənim üçün hələ də qaranlıq qalır: təhlilçi siyasi funksioner statusunda, funksioner isə təhlilçi kimi çıxış edir.

Amma məsələ bunda deyil. Bu, başqa bir mövzudur, özü də maraqlı mövzudur. Fəqət, bizim onu indi çözmək imkanımız yoxdur. Ən çətini isə bilirsiniz nədir? Adam özü də çaşıb qalır: bilmirsən ki, təhlilçi kimi çıxış edəsən, yoxsa funksioner kimi…

Bəlkə də indiki məqamda funksioner kimi çıxış etmək daha düzgün sayıla bilər, çünki bu halda sən faktiki olaraq təbliğatçılıq edirsən. 

Amma bir sual yaranır: Milli Şuranın daha artıq şanslı seçimi yox idimi? Məsələ burasındadır ki, vardı.

Mən bir məsələni başa düşmürəm. Müxalifət birlik məsələsinə sakral bir məzmun verdi. Faktiki olaraq müxalifətin birliyi digər məsələlərlə müqayisədə ən önəmli hesab edildi və müxalifətçilər daha çox bunun üstündə dayandılar. 

Düşünürük ki, burada hakimiyyətin çoxillik təbliğatı da az rol oynamadı. Neçə illər idi elə hey deyirdilər ki, müxalifət birləşə bilmir, filankəslər müxalifətin birliyini pozur. Bunu az qala ictimai qınaq səviyyəsinə qaldırdılar. 

Həm də birlik məsələsinə bizdə həmişə primitiv yanaşıblar. 1988-ci ildən elə hey deyirlər ki, hamımız birləşməliyik. Müxalifətin birləşdiyini görəndən sonra həmin “ictimai rəy” buyuracaq ki, bəs bütün problemlər ondan irəli gədir ki, müxalifət hakimiyyətlə birləşə bilmir!

Özü də buna bir mistik məna da verəcəklər: hamımız bir yumruq kimi birləşməliyik…

Budur, neçə illərdir ölkədə bir çox şeylər faktiki olaraq birləşdiriilib: icra hakimiyyəti qanunverici, qanunverici hakimiyyət isə məhkəmə hakimiyyətinə qarışıb. Bir effektiv nəticə alınıbmı? 

Demokratiyanın gücü birlikdə deyil, institusional etimadsızlıqdadır: hamı biri-birinə nəzarət etməlidir? Niyə görə ABŞ-da demokratlarla respublikaçılar bir “yumruq” olmur? 

Bəlkə bunu başa düşmək üçün ağılları çatmır?