Bu dəfə hədəfdə onun rəhbərlik etdiyi «Ibrus» kino şirkətidir
Hakimiyyət tanınmış kinorejissor və dramaturq, Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovla “haqq-hesab çəkmək” üçün ən müxtəlif yollara əl atır. Məlum olduğu kimi, Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinemotoqrafçılar Ittifaqıyla bağlı Vergilər Nazirliyinin istintaq idarəsində cinayət işi başlanıb, bir neçə aydır ki, istintaq gedir. Indi də Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi “Ibrus” kino şirkətinə qarşı cinayət işi başlamaq planlaşdırılır.
Bu haqda “Reytinq”in yaydığı xəbərdə bildirilir ki, “Ibrus” MMC də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən yoxlamaya cəlb olunub: “Nazirlik MMC-də xeyli məbləğdə vergidən yayınma faktı aşkarladığını bildirib. Rüstəm Ibrahimbəyov Kinematoqrafçılar Ittifaqı və ”Ibrus” MMC-nin vergidən yayınmaları haqda səyyar yoxlama aktlarında göstərilənlərlə razılaşmır və bunu siyası fəaliyyətilə əlaqələndirir. Ancaq o, bu problemi təkcə açıqlama verməklə həll emək niyyətində deyil.
Rüstəm Ibrahimbəyov Vergilər Nazirliyinin müvafiq departamenti ilə məhkəmə müstəvisində də qalmaqal yaşayır. Aldığımız məlumata görə, Milli Şura sədri sahibi olduğu MMC-də aparılan səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş qərarın ləğvi və vergi kimi ödənilmiş məbləğin qaytarılması tələbilə məhkəməyə üz tutub. Ancaq birinci məhkəmə instansiyası Milli Şura sədrinin bu iddiasını təmin etməyib. Rüstəm Ibrahimbəyov Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı 1 saylı Bakı Inzibatı-Iqtisadi Məhkəməsində iddia qaldırıb. Ancaq onun səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş qərarın ləğvi, vergi kimi ödənilmiş məbləğin qaytarılaması tələbilə iddiası rədd olunub. Milli Şura sədri bu qərarla razılaşmayıb və apelyasiya şikayəti verib”.
Rüstəm Ibrahimbəyovun hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev də “Azadlıq”a açıqlamasında xəbəri təsdiqləyib: “Iş artıq apelyasiya məhkəməsinin icraatındadır. Birinci instansiya iddianı təmin etməyib. Məsələ burasındadır ki, hesablanmış vergilər artıq ödənilib. Baxmayaraq ki, Əlavə Dəyər Vergisindən başqa digər vergilər məhkəmələrdə mübahisələndirilsə də, ödənilib. Vergi yoxlaması düzgün keçirilməyib, onun əsasında qəbul edilmiş qərar qanunsuzdur”.
Ramin