Məşhur karikaturaçı rəssam Nəcəfqulu

«Kirpi»nin baş rəssamı

Azərbaycan rəssamlıq məktəbinin, təsviri sənətimizin görkəmli nümayəndələrindən biri də Nəcəfqulu Ismayılovdur. Onun müxtəlif janrlarda yaratdığı əsərlər, karikaturalar hər zaman böyük maraqla qarşılanıb və bu gün də belədir. Nəcəfqulu Əbdülrəhim oğlu Ismayılov 1923-cü ildə Bakıda anadan olub. 1936-1940-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb və II Dünya müharibəsinin başlanması onun ali təhsilini davam etdirməyə imkan verməyib.

Lakin yarımçıq təhsil alsa da, Nəcəfqulu Ismayılov 60 illik yaradıcılıq dövründə yaratdığı bənzərsiz əsərlərlə öz sözünü deyə bilib.

Nəcəfqulu Ismayılov özünəməxsus və orijinal üslubu ilə təsviri sənətimizi yüksək mərhələyə qaldıran çox istedadlı bir rəssam kimi tanınıb. Nəcəfqulu Ismayılov xatirələrində yazırdı: “Deyirlər ki, mən anadan olanda ağlamaq əvəzinə gülmüşəm. Bundan təşvişə düşən valideynlərim xəstə olduğumu zənn edib həkim çağırıblar. O da mənə baxıb və deyib ki, gülüş sağlamlığın ilkin əlamətidir”. 

Nəcəfqulu Ismayılov Əzim Əzimzadə məktəbinin  davamçılarından olmuş, məharətli qrafika ustası kimi tanınmışdır. O, 1952-ci ildə “Molla Nəsrəddin” jurnalının təsiri ilə nəşrə başlayan “Kirpi” jurnalının baş rəssamı olub və 1979-cu ilə qədər burada çalışıb. Otuz ilə yaxın jurnalın baş rəssamı kimi minlərlə güclü bədii təsir qüvvəsi olan maraqlı karikaturalar, şarjlar və başqa qrafik əsərlər yaradıb. O, bu jurnal üçün rəsm və karikaturalar, plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar böyük maraqla qarşılanmışdı. 

Təsadüfi deyil ki, Nəcəfqulu Ismayılovla uzun müddət bir redaksiyada çalışmış görkəmli yazıçı Seyfəddin Dağlı onun 50 illik yubileyi ilə bağlı təbrikdə yazırdı: “Güldürmək və eyni zamanda düşündürmək ikiqat istedad tələb edir. Belə bir istedada sahib sənətkarın həm də aydın müəllif mövqeyi olmalıdır. Həyatda rast gəldiyi eybəcərlikləri gülüş hədəfinə çevirən satirikin onlara nə məqsədlə atəş açdığı bilinməlidir. Saltıkov-Şedrinin bu barədə bir kəlamını xatırlamaq yerinə düşər: ”Satiranın həqiqətən satira olması və məqsədinə çatması üçün o, əvvəlcə öz yaradıcısının hansı idealdan çıxış etdiyini oxucuya hiss etdirməli, ikincisi – neştərinin hansı məsələyə qarşı yönəldiyini aydın başa düşməlidir”. Bu mənada Nəcəfqulunun fırçası öz rənglər dünyasında mənəviyyata, əxlaqa zidd hərəkət sahiblərinin karikaturalarını çəkib”.

Rəssamın görkəmli “portretlər”i

Nəcəfqulu Ismayılov dəzgah rəngkarlığı və qrafika sahəsində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb.ÿOnun  dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında çox uğurlu əsərləri mövcuddur. Rəssamın yaradıcılığında portret janrı xüsusi yer tutur. “Qubalı Fətəli xan”, “General H.Aslanov”, “Sara Aşurbəyli”, “Şair M.Ə.Möcüz”, “Yazıçı A.Şaiq”, “Ana”, “Yazıçı Cəlil Məmmədquluzadə”, “Şair S.Vurğun”, “Akademik M.Hüseynov”, “S.Bəhlulzadə”, “Ü.Hacıbəyli”, “Nəsirəddin Tusi” və digər portretləri buna misal ola bilər. 

Rəssamın Fətəli xanın portreti eyni zamanda tarixi önəm daşıyır. Onun kətan üzərində yaradılmış əzəmətli surəti tamaşaçıya xoş ovqat bəxş edir…

N.Ismayılovun yaratdığı Cəlil Məmmədquluzadənin portreti də çox maraqlı və düşündürücü bir əsərdir. Həmin əsərdə C.Məmmədquluzadənin azacıq yarım profildən sağ əlində məşhur “Molla Nəsrəddin” jurnalının nömrəsini tutmuş vəziyyətdə təsvir edilən surəti canlandırılıb. Rəssamın “Nəsirəddin Tusi” portreti Azərbaycanın dahi ensiklopediyaçı aliminin yaradılmış ən uğurlu portret əsərlərindən biri hesab olunur.  

Nəcəfqulu Ismayılovun süjetli tablo və mənzərə əsərlərindən  “Nəsiminin edamı”, “Qrand-opera”, “Içərişəhərdə küçə”, “Səadət”, “Realist rəssam” və başqalar da maraqla qarşılanan əsərləri sırasına daxildir.

Rəssamın “Realist rəssam” adlı əsəri haqda xalq şairi Bəxtiyar Vahabzadə belə yazırdı: “Küçənin bir tərəfində əsərlərini satan rəssam, tində isə ismətini satmaq üçün ”müştəri” gözləyən qadın dayanmışdır. Biri mənəviyyatını, o biri isə özünü satmaq üçün “müştəri” gözləyir”. 

Nəcəfqulu Ismayılov 1970-1982-ci illərdə Məhəmməd Füzulinin, Sabirin, Üzeyir Hacıbəylinin misdən barelyeflərini yaratmışdır. Hələ sovet dövründə onun əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. Ötən əsrin 70-ci illərində Moskvada “Fitil” kinoteatrında Nəcəfqulunun sərgisinə baxan dünya şöhrətli rəssam Tahir Salahov təəssüratını belə dilə gətirmişdi: “Əziz Nəcəfqulu! Bu böyük istedadlı, səmimi və könül oxşayan sərginlə səni təbrik edirəm. Köhnə və yeni Bakının doğma obrazları və insanları ilə Moskvada görüşməyimə çox şadam. Sənin gözəl və böyük sənətinə həmişə dərin məhəbbətlə yanaşıram”. 

Nəcəfqulu Ismayılovunÿ”Kirpi” jurnalının səhifələrini zənginləşdirən bir çox əsərləri ötən əsrin 70-ci illərində Bolqarıstanın məşhur Qabrovo şəhərində gülüşlə bağlı keçirilən beynəlxalq yarışmada nümayiş olunmuşdur. Onun əsərlərinə tamaşa edənlər hətta onu rəssam yox, dahi bir satirik adlandırırdılar. Bu baxımdan da Nəcəfqulunun əsərləri müasir dövrdə də öz aktuallığını itirməmiş, tamaşaçıların sevə-sevə baxdıqları əsərlər sırasına daxil olmuşdur.

Karikaturalarının sözlərini də özü yazırdı… 

Nəcəfqulu IsmayılovÿSəttar Bəhlulzadə yaradıcılığını çox sevirdi. O da Azərbaycanı kənbəkənd gəzərək öz əsərləri üçün materiallar toplayar, gördüyü neqativ hallara qarşı münasibətini bildirər və bütün bunları öz karikaturalarında yaratdığı ümumiləşdirilmiş obrazlarla satira hədəfinə çevirərdi. Onun yaratdığı “Qayğıkeş ferma müdiri”, “Əsl şərəf lövhəsi belə olar”, “Axır ki dil tapdıq”, “Sözsüz” və başqa sənət nümunələri bu baxımdan xarakterikdir.

Nəcəfqulu Ismayılov “Kirpi” jurnalında çalışdığı illərdə çəkdiyi karikaturaların sözlərini də özü yazardı. Onun bu istedadı da rəssama böyük şöhrət qazandırmışdı. O, bir çox görkəmli sənət adamlarının portretlərini işləmiş, eyni zamanda onların dostluq şarclarını da çəkmişdi. Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının portretləri və dostluq şarjları buna misal ola bilər. Böyük aktyor Bəşir Səfəroğlu öz şarjına baxaraq Nəcəfquludan dönə-dönə soruşub: “Mən ölüm, düz de, bu, doğrudan mənəm? Qədeş, sənin neçə gözün var? Bunları necə görmüsən?”- demişdi.

Azərbaycanın təsviri sənətində özünəməxsus yeri olan Nəcəfqulu Ismayılovun əsərlərinə baxmaq, onun yaratdığı obrazlar qalereyasını görmək kifayətdir ki, onun təkrarsız yaradıcılıq dünyasının şahidi olasan. Həm rəngkarlıq, həm də qrafika sahəsində eyni dərəcədə yaradıcılıq şöhrəti qazanmaq xoşbəxtliyi də hər sənətkara nəsib olmur. Nəcəfqulu Ismayılov məhz bu xoşbəxtliyə nəsib olan görkəmli sənətkar olub.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir