Jiletlərin materialı nazikləşdi, ehtiyat düymələr verilmədi
Valideyn: – Xoşuna gəldi?
Uşaq: – Hə
Valideyn: – Elə bil çiyinləri böyükdür axı… Qolları da uzun gəlir… Heç nə olmaz, içəri qatladarıq gələn il də geyinərsən.
Bu dialoq Bakı Tikiş Evində (BTE) gedir. Məktəbli geyimi almağa gələn valideynlərin və şagirdlərin çoxluğundan səslər bir-birinə qarışıb. Qələbəlikdən geyinmə otaqlarının hamısı dolub və valideynlər növbə gözləmədən elə mağazanın ortasında uşaqları soyundurub, formaları geyindirirlər. Bu il 1-6-cı sinif üçün məktəbli forması 40 manat, 7-11-ci siniflər üçün 52 manatdır. Keçən il ölçülərə görə məktəbli paltarı 1-6-cı siniflər üçün 40-45 manat, 7-11-ci siniflər üçün 53-55 manat olub. Məktəbli formalarının qiymətlərində bu il endirim edilib. Formaya köynək, şalvar (ətək), jilet, pencək daxildir.
Valideyn Sevda Ələsgərova 6-cı və 8-ci siniflərdə oxuyan iki uşağına forma alır. Deyir ki, köynək almadığına görə 6-cı sinifdə oxuyan qızı üçün 35 manat, 8-ci sinifdə oxuyan oğlunun formasına 45 manat ödəyib. “Jileti bu il məni qane eləmədi. Materialı nazikdir, keçən il qalın idi. Qiymətləri pis deyil. Bazarla eyni qiymət gəlib çıxır”.
Zemfira Əliyeva nəvəsinə forma alır. Deyir ki, paltarın qiyməti və keyfiyyəti yaxşıdır. “O biri nəvəm üçün də almışdıq, lap iki ilə də bəs edir”.
Geyimlərin üstünə ehtiyat düymə qoyulmur. Düymələr qırılanda valideynlər fabrikə gəlib buradan düymə almalıdırlar. Satış mağazalarına da düymə verilmir. Fabrikə təqdim olunan geyimin düyməsi tikilib valideynə verilir, əllə satılmır.
Valideyn Elnur Manafovun oğlu bu il birinci sinifə gedəcək. O, köynək xoşuna gəlmədiyindən uşağa şalvar, pencək və jilet alıb. “Keyfiyyəti pis deyil, yaxşıdır. 35 manat ödədik”.
BTE-nin Yasamal rayonu Həsən Bəy Zərdabi 55 ünvanında yerləşən mağazasında sakitlikdir. Satıcı qadın deyir ki, bu günə qədər 30 məktəbli forması satıb. Ayın axırına və sentyabrda alıcıların çoxalacağını gözləyir. Həmin vaxt BTE-dən kömək üçün əlavə satıcılar da göndərilir. Mağazaya gələn valideyn 4-cü sinifdə oxuyan oğlu üçün bir neçə forma dəyişdirdikdən sonra əyninə uyğununu tapır. Uşaq 7-11-ci sinif üçün qoyulan pencəyi bəyənir, amma qadın bunu sata bilməyəcəyini deyir. Anası uşağı dilə tutub pencəyi qara qalstuk almaqla kompensasiya edir. Valideyn deyir ki, jiletlər keçən il qalın idi, bu il nazikləşib.
Bakı Tikiş Evinin Satış şöbəsinin müdiri Etibar Əzimov “Azadlıq”a deyir ki, qiymətləri endirməklə onların adından baha qiymətə forma satanların qarşısını almaq istəyiblər. Ötən il ölçülərə görə qoyulan fərqli qiymətlər endirilərək vahid qiymətdə qalıb.
Parçanın ipliyi Ingiltərədən gəlir, Türkiyənin “Bossa” şirkətində toxunur. Bakı Tikiş Evi parçadan bu formanı hazırlayır. “Təhsil Nazirliyinin nəzdində Valideyn və Müəllim Assosiyasiyası var. Məktəb müəllimləri, valideynlər, uşaqlar dəfələrlə bu paltarlara baxıblar. Biz onlara 50 cür forma təklif etmişik. Axırda bu nümunəyə gəlib çıxmışıq. Çox iş adamı təklif etmişdi, amma bizim istehsalı bəyəndilər. Bizim kimi böyük fabrik Azərbaycanda yoxdur. Burada 850 nəfər qadın işləyir, 50-60 nəfər kişi işçilərimizdir. Bu ildən Sumqayıt, Abşeron, Quba Lənkəranda da satış yerlərimiz var. 22 mağazamız işləyir. Qışda 10-12 mağazanı işlək saxlayırıq. Hazırda anbarda 1-6-cı siniflər üçün 24 min, 7-11-ci siniflər üçün 27 min forma var”- E.Əzimov deyir.
Müdir formaların uşaqların əyninə ya çox böyük, ya da kiçik qalmasının səbəbini onların standart ölçülərdə olmaması ilə bağlayır. Onlar vahid geyim ölçülərini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən alırlar. “Bizim uşaqlarda da kilo problemi çoxdur. Birinci sinif uşağıdır 38-40 ölçü geyinir. Bu, 6-7-ci sinif şagirdlərin ölçüsüdür”. BTE-nin forma üçün Komitədən gigiyenik və uyğunluq sertifikatları var. “Bizdə nazik və qalın jiletlər var. Valideynlər çox güman bunu bilməyiblər. Dəmir düymələr tez qırılır, gərək onu bərkitsinlər. Uşaqlarda adrenalin çoxdur, hərəkətdə olurlar deyə tez qırılır”.
E.Əzimov əlavə edir ki, BTE-nin adından istifadə edib Çindən məktəbli formaları gətirirlər. Onlar Iqtisadi Inkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etsələr də bunun qarşısı tamamilə alınmır. “Cərimələyirlər, bağlayırlar, amma yenə də tam nəzarət etmirlər. Ayrı vaxt yerli istehsalı gücləndirmək lazımdır deyirlər, amma xaricdən ölkəyə mal girir. Onlar malı Çindən gətirirlər. 10-15 manata forma satırlar”.
Məktəblilər üçün forma tikən BTE-nin fabrikinə keçirik. Tikiş maşınının arxasında yalnız qadınlardır. Işçi Təranə Qurbanova deyir ki, gün ərzində 200-250 forma tikir. Səhər saat 8-dən axşam 7-yə qədər işləyir, amma “yorulmuram” deyir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu yaxınlarda saxta məktəbli formaları ilə bağlı vətəndaşlardan şikayət gəldiyini açıqlamışdı. Bakıdakı şagirdlər Bakı Tikiş Evinin formalarını geyinir, Sumqayıt və Abşeron rayonlarında bunu “Bakı Tekstil Fabriki” görür. Bu ildən BTE də Sumqayıt və Abşeron ərazilərində işləyir.
Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin sədriÿ Azər Mehtiyev “Azadlıq”a deyir ki, məktəb formaları ilə bağlı lisenziyalaşdırma ləğv olunmalıdır. “Bu işin Bakıda bir tikiş fabrikinə verilməsi süni inhisarlıq yaradır. Insanlara seçim imkanları verilmir. Bütün tikiş fabriklərinə bərabər şərait yaratmaq lazımdır ki, onlar məhsullarını bazara çıxarsınlar. Bu zaman rəqabət mühiti yaranacaq və istər-istəməz qiymətlər aşağı düşəcək. Bakı Tikiş Evi bildirir ki, onlar qiymətləri aşağı salıblar. Amma açıqlamırlar ki, bu ucuzlaşma nəyin bahasına baş verib? Dövlət bu qiymətə nəzarət etməlidir. Bu işin Bakıda bir şirkətə həvalə edilməsi, ümumiyyətlə, qanuna ziddir. Onlardan başqa bazara kim mal çıxarırsa, hamısını ziyanlı mal satmaqda qınayırlar. Bu, bazarı sıxışdırmaqdır”.
Sevinc Vaqifqızı