Hacı Əbdül Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsindən danışdı
«Heydər Əliyev namizəd olanda İlham Əliyevin də namizədliyi irəli sürülmüşdü, məgər bu təxribat idi?»
“Mehriban Əliyevanın namizədliyinə elə rekasiyalar verildi ki, sanki biz hansısa bir müxalifət liderinin namizədliyini irəli sürmüşük”. Bu sözləri “Azadlıq”a “Tövbə” Cəmiyyətinin və Vətən Naminə Xalq Birliyi Hərəkatının sədri Hacı Əbdül deyib.
Yada salaq ki, bir neçə gün əvvəl Vətən Naminə Xalq Birliyi Hərəkatı qarşıdan gələn prezident seçkisində ölkə başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürdüyünü bəyan edib. Bundan əvvəl isə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Əlisahib Hüseynov qanadı eyni təşəbbüslə çıxış etmişdi. Lakin hakimiyyət düşərgəsindən DADP-nin bu addımına sərt reaksiya verildi. Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi təxribat kimi dəyərləndirildi. DADP-yə qarşı hücumlar başlandı. Əlisahib Hüseynov polis tərəfindən saxlanıldı. Partiyanın icra katibi Sevda Xurşudova Gürcüstana deportasiya edildi. DADP-dən sonra Vətən Naminə Xalq Birliyinin belə bir bəyanatla çıxış etməsinə də eyni reaksiya verilib.
Amma Hacı Əbdülün sözlərinə görə, hələ ki ciddi təzyiqlə üzləşməyiblər: “Bizə niyə təzyiq etməlidirlər? Nə qəbahət iş görümüşük? Mən inanmıram ki, bizə hər hansı təzyiq göstərilsin. Biz hakimiyyətdə olan bir şəxsin namizədliyini irəli sürmüşük, hansısa müxalifət liderinin yox”.
Hacı Əbdül bu addımın təxribat adlandırılmasına da münasibət bildirib: “Burada heç bir təxribatdan söhbət gedə bilməz. Vaxtilə Heydər Əliyev YAP-ın namizədi olanda, Ilham Əliyevin də namizədliyi irəli sürülmüşdü, məgər bu təxribat idi? Bəs indi nə baş verib? Burada nə var ki? Heydər Əliyev sonradan Ilham Əliyevin xeyrinə namizədliyini geri götürdü. Yəni, belə şeylər olur. Bir neçə namizəd irəli sürülür, sonra səslərini bir-birlərinə verirlər. Burada heç bir təxribatdan söhbət gedə bilməz. Sadəcə bəzi qüvvələr, mən ad çəkmək istəmirəm, Mehriban xanımı prezident kimi görmək istəmirlər. Ona görə də bu məsələyə istədikləri donu geyindirməyə çalışırlar”.
Bəs bu addım Mehriban Əliyevanın özü ilə razılışdırılıbmı? Hacı Əbdül bu suala belə cavab verib: “Məsələ burasındadır ki, xalq onu prezident görmək istəyir. Biz xalqın istəyini ifadə etmişik. Ümidvarıq ki, Mehriban xanım da namizəd olmağa razılıq verəcək. Seçkiyə gedənlər ondan artıqdır? O qədər yaramaz adam seçkiyə gedir ki, heç bu barədə danışmırlar. Biz istəyirik ki, Azərbaycan Misir, Liviya, Suriyaya dönməsin. Belə bir təhlükə var. Baxın görün, dünyada nələr baş verir. Hər şey göz qabağındadır. Hesab edirik ki, Mehriban Əliyevanın prezidentliyi bunun qarşısını ala bilər”.
Azad