“Demokratik qüvvələr böyük qələbə qazanacaq”

«İlham Əliyevi Qəddafinin, Mübarəkin aqibəti gözləyir»

Turqut Ər: «Milli Şuranın uğur qazanmaması üçün həm daxildə, həm  xaricdə ağlagəlməz oyunlar quran qüvvələr var»

“Azadlıqdan Tiranlığa” kitabınının müəllifi, keçmiş türkiyəli diplomat Turqut Ər Azərbaycanda keçirələcək prezident seçkiləri, Milli Şuranın fəaliyyəti, ölkədə seçki ərəfəsi mühit və bu kimi məsələlərlə bağlı “Azadlıq” qəzetinin suallarını cavablandırıb. 

– Turqut bəy, Azərbaycan müxalifətinin bir araya gəldiyi Milli Şuranı, onun fəaliyyətini necə qiymətləndirirsiniz?
– Azərbaycanda müxalifətin kökləri 1980-ci illərə, hətta Rəsulzadə dönəminə gedib çıxır. Rəhmətlik Elçibəyin həbsindən sonra Azərbaycanda milli müxalifətin əsası qoyuldu. 88-ci illərdə bu müxalifət sürətlə böyüməyə və 90-cı ilin 20 yanvarında “Azadlıq!” hayqırmağa başladı.
Həmin gün Azərbaycanın vətənpərvər oğulları, minlərlə insan rus tanklarının altında əzilməkdən çəkinmədi. Və azərbaycanlılar müstəqilliyinə qovuşdu. Bu gün Şəhidlər Xiyabanında məhz o qəhrəman insanlar uyuyur. Onlar Azərbaycanın müstəqilliyinin şəhidləridilər. Bu qanlı hadisədən sonra totalitar rejim çökdürüldü və Azərbaycanda demokratik seçki keçirildi. Əbülfəz Elçibəy 65 faizdən çox səs toplayaraq hakimiyyətə gəldi. Amma kommunizmin qalıqları hakimiyyəti təkrarən zorla ələ keçirdi və demokratik yolla hakimiyyətə gələn Elçibəyi devirdi. Heydər Əliyev yenidən kommunizmin başqa bir formasını yaratdı. Azərbaycana yenidən repressiyalar, təhdidlər, haqsızlıqlar hakim oldu. Siyasi partiyalar, onlara məxsus media qurumları müxtəlif səbəblərlə qapadıldı, müxalifət liderləri həbsə atıldı, tərəfdarları həbs edilərək illərlə həbsdə çürüdüldü. Müxalifətin ölkənin regionlarında belə, toplaşmasına imkan verilmədi. Xalqın rəğbətini qazanan müxalif “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ofislərindən çıxarıldı, avadanlıqlarına əl qoyuldu. Jurnalistlər həbsə atıldı, şantaj və təhdid edildi. Bu ədalətsizlik Heydər Əliyevin vəfatına qədər yüksələn xətt üzrə davam etdi. Ölkənin demokratik müxalifəti isə ən çətin şərtlərdə belə, öz yolundan dönməyərək siyasi mübarizəsini davam etdirdi. Ölkədə keçirilən hər seçki Stalin dövründəki kimi idi. Söz sahibi səsi verənlər yox, onu sayanlar idi. Müxalifətin hər seçkidə böyük səs qazanmasına baxmayaraq, totalitar rejim 90 faizdən artıq səs toplandığını elan edirdi. Ağır şərtlər altında mübarizəsini davam etdirən müxalifət liderlərinin sıradan çıxarılmasına sistemli cəhdlər edilsə də, bu cəhdlər baş tutmadı.
Milli Şuraya gəlincə, onun qurulması əlbəttə ki, vacib addımdır. Bu qurum müxalifətə ünvanlanan bütün bəhanələri aradan qaldırmaq baxımından da önəmlidir. Təəssüf ki, bu ideyanın uğur qazanmaması üçün həm ölkə daxilində, həm də xaricində çalışan, bunun üçün ağlagəlməz oyunlar quran qüvvələr var. Amma mən inanıram ki, Azərbaycanın böyük təcrübəsi olan gerçək müxalifəti və onun dəyərli liderləri bu işin öhdəsindən gələcəklər.

– Turqut bəy, qarşıdakı seçkidən nə gözləyirsiniz? Sizcə, qutudan demokratiya adına bir nəticə çıxacaqmı?
– Prezident seçkilərinə çox az vaxt qalıb. Azərbaycan müxalifəti uğur qazanmaq üçün hər cür səy göstərir. Amma xalqda hələ də, hakimiyyət qorxusu var. Azərbaycan xalqı seçkiyə ağır şərtlər altında gedir. Avqustun 18-də keçirilən icazəli mitinqə fikir verin. Xalq rejimin hər cür maneəsi ilə qarşılaşdı. Aksiyanın kütləviliyinin qarşısını almaq üçün hətta süni nəqliyyat problemi də yaşandı. Mitinqdən bir neçə gün əvvəl bölgələrdən aksiyaya qatılmaq istəyənlərə, oradakı müxalifət təmsilçilərinə maneələr yaradıldı. Xalq isə sözünün eşidilməsi üçün bütün vasitələrə baş vurdu.  Bütün bunlar onu göstərir ki, qarşıdakı seçkidə xalqa öz sözünü deməyə, öz seçimini etməyə imkan verilməyəcək.
Mən inanıram ki, demokratik qüvvələr böyük qələbə qazanacaq. Amma totalitar rejim yenə saxtakarlıq edərək əvvəllər də olduğu kimi, özünü qalib elan edəcək. Proqnozlarım budur.

– Seçkilər demokratik keçməsə, Azərbaycanı nə gözləyir? Bu halda müxalifətin mövqeyi necə olmalıdır?
– Yuxarıda söylədiklərim olarsa, Azərbaycanı yaxşı günlər gözləyir. Ortada Misir, Liviya, Tunis, Iraq nümunəsi var. Azərbaycan artıq bu coğrafiyada tək bir totalitar ada kimi qalıb. Azərbaycan dünyada gedən proseslərdən kənarda  qala bilməz. Tezliklə Azərbaycanı sevənlərin, onun azad və demokratik olmasını istəyənlərin öncüllüyü ilə xalq hərəkatı olacaq. Azərbaycan xalqı azadlığını 20 yanvarda rus tanklarının altında qalaraq qazanmış bir xalqdır. Bu xalq bu rejimin hiyləgər seçiminə dözməyəcək. Yenidən milyonlar “Azadlıq” meydanına axışacaq və öz iradəsini Azərbaycan türkünə yaraşan şəkildə ortaya qoyacaq.

– Xalqın dəstəyini ala bilməyən bir hakimiyyət Azərbaycanın ümummilli problemlərini həll edə bilərmi?
– Azərbaycanın ümummilli problemlərinin başında Qarabağ  durur. Torpaqların 20 faizi erməni işğalı altındadır. Bir milyondan artıq insan öz torpaqlarından didərgin düşüb. Onların ailələri, övladları evsiz-eşiksiz, işsiz-gücsüzdür. Azərbaycanın xarici ölkələrlə münasibətləri yox səviyyədədir. Ölkənin Xəzər problemi də var. Bunların hamısı Azərbaycanın milli problemləridir. Bunlar həm də  Türkiyənin problemləri sayılır. Onların həlli üçün  xalq bir olmalıdır. Milli birliyi təmin etməyin yolu da qarşıdakı seçkilərdən keçir. Seçkidə demokratik qüvvələr seçilərsə, bu problemlər tez bir zamanda həllini tapacaq. Xüsusən Qarabağ problemini yalnız xalqın seçdiyi bir hakimiyyət həll edə bilər. Çünki bu hakimiyyət dünyadakı bütün demokratik rejimlərin dəstəyini ala biləcək. Neft və qaz müvəqqəti şeylərdir. Bunların yerini artıq başqa dəyərlər tutub. Avropa və Rusiya Azərbaycana neft və qaza görə “hə” deməyəcək.

– Sizcə, Rusiya, ABŞ və Avropa Ilham Əliyevi dəstəkləyirmi?
– ABŞ və Rusiya Azərbaycanı dəstəkləsə, nə olacaq, dəstəkləməsə, nə olacaq? Dəstəkləyərsə, haraya qədər dəstəkləyəcək? Məncə, mənfəətləri imkan verdiyi qədər dəstəkləyərlər. Ilham Əliyev bu vaxta qədər bu ölkələrə kifayət qədər güzəştlər edib, onların dediklərini edib, amma öz xalqını ac, səfil qoyub. Iş tapmaq üçün insanlar dünyanın dörd bir yanına səpələniblər. Azərbaycanın gəncləri və ziyalıları xarici ölkələrə sığınıb. Bu ölkələr indiyə qədər dəstək verirdi. Bundan sonra dəstəkləyəcəklərinə inanmıram. Xalqından səs almayan iqtidarları müvəqqəti dəstəkləyirlər. Eynilə Misir, Tunis, Liviyadakı kimi. Baxın, Qəddafinin başına nələr gəldi? Səddamın aqibəti necə oldu? ABŞ Misirdə Mübarəki dəstəkləyirdi. Amma sonra başına nələr gəldi?
Dünya əvvəl onlara dəstək verirdi. Sonra gördülər ki, xalqları bu şəxsləri istəmir. Belə olanda da xalqa dəstək verməyə başladılar. Indi Azərbaycanda da belə olacaq. Artıq dünyada xalqının dəstəyini almayan iqtidarlar arzuolunmaz hesab olunur. Heç kim “seçki, demokratiya, insan haqları, ədalətsizlik, rüşvət mənim işim deyil” deyə bilməz. Bunlar bütün dünyanı maraqlandırır. Xüsusən də Azərbaycana qardaş ölkə olan Türkiyəni. Totalitar rejimlər isə artıq “bu mənim daxili işimdir” deyə bilmir. Bilirlər ki, dünya buna qarşı çıxacaq. Ilham Əliyev heç kimin dəstəyini ala bilməyəcək. Ona görə də, gecikmədən ağlını başına yığmalıdır. Ətrafını xalqa yox, yalnız ona xidmət edən şəxslərdən təmizləyib demokratik seçkilərə getməlidir. Belə etsə, həm Azərbaycanı, həm də özünü gözləyən böyük təhlükəni önləmiş olar.

– Sizcə, Ilham Əliyev ölkədə diktatura rejimini necə qurur və bu rejim nəyə xidmət edir?
– Bu rejim başda iki ailə olmaqla 10 min insana xidmət edir. Azərbaycanın yeraltı və yerüstü sərvətləri, 9 milyon insan bu 10 min insanın xidmətindədir. Əliyev diktaturası 1969-dan qurulub. Əsasını da Heydər Əliyev qoyub. Əbülfəz bəyin bir illik hakimiyyətini çıxmaq şərtilə 44 ildir ki, bu diktatura davam edir. Eyni komanda, eyni düşüncə tərzi, eyni mentalitet, eyni inanc və “ancaq mənim olsun” düşüncəsi. O vaxtdan bu yana bir komanda gedibsə, o birisi gəlib. Ölkədə polis rejimi, hərbi rejim, “KQB” rejimi hökm sürür. Hər şey Əliyevlərə, Paşayevlərə, onların qohumlarına və mənfəət ortaqlarına məxsusdur. Bu, illərdir belə davam edir. Bu yolla da diktatorluğunu davam etdirir. Ilham Əliyevin ağlı varsa, özünü bu 10 min kişidən xilas etsin. Bu, onun üçün həyati önəm daşıyır. Əgər bacara bilirsə, bu gündən prezidentlikdən istefa versin, kənara çəkilsin və demokratik seçkilərə getsin. Mən belə düşünürəm. Azərbaycan xalqının  yaxın dostu olan, 94-cü ildə ABŞ səfiri vəzifəsini icra edən Riçard Kozlariç bu məsələ ilə bağlı geniş müsahibə verərkən Azərbaycan iqtidarına xəbərdarlıq etmişdi. Kozlariç və onun kimi Azərbaycan xalqını sevən insanlar ancaq bunları deyə bilər.

– Xalq səsverməyə gedərkən ən çox nəyə diqqət etməli və səsinə necə sahib çıxmalıdır?
– Birincisi, xalq heç kimdən qorxmadan, çəkinmədən bu seçkiyə namus-şərəf işi kimi baxmalıdır. Müstəqil Azərbaycanın gələcəyi üçün səsverməyə getsinlər. Sonra da səslərinə sahib çıxsınlar. Səslərini bu dəfə də oğurlasalar, Azərbaycanın müstəqilliyinin, azadlığının simvolu olan “Azadlıq” meydanına axın etsinlər. Meydanda verdikləri səsin hesabını sorsunlar. Xüsusən də Azərbaycan gəncliyi verdiyi səsə sahib çıxmalı, prosesi diqqətli izləməlidir.

Aydın Taş