ABŞ Suriyaya hərbi müdaxiləyə hazırlaşır

Obama və Kameron Suriyaya müdaxiləni müzakirə ediblər

Vəfa Quluzadə: «Yaranmış situasiyada ABŞ-ın Suriyaya qarşı əsgəri gücdən istifadə etməsi realdır»

ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kameron ötən həftə Suriyanın kimyəvi silaha əl atdığı barədə iddiaların ardınca Dəməşqə qarşı “ciddi tədbir” barədə razılığa gəliblər.
Obama və Kameron arasında 40 dəqiqəlik telefon söhbətində Bəşər Əsədin kimyəvi silaha əl atması ehtimalı müzakirə olunub (“Azadlıq” radiosu). Onlar razılaşıblar ki, BMT müfəttişlərinin Suriyada kimyəvi silahdan istifadə edildiyi güman olunan yerlərə buraxılması üçün rəsmi Dəməşqə verilmiş vaxt daralır.
Britaniya hökumətindəki mənbələr bildiriblər ki, iki lider Suriyaya qarşı bütün hərəkət variantlarını açıq saxlamaq qərarına gəlib. Onlar deyiblər ki, dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə Qərbi biganə qoya bilməz.

Kimyəvi silaha dair sübutlar artır

Bundan bir qədər əvvəl tibb xeyriyyə təşkilatı “Medecins sans Frontires” (MSF) – “Sərhədsiz Həkimlər” bildirmişdi ki, avqustun 21-də üç saat ərzində Dəməşqin xəstəxanalarına neyro-toksik simptomları olan 3600 nəfər qəbul edilib. Onlardan 355-nin öldüyü xəbər verilib.
MSF-in əməliyyatlar üzrə direktoru doktor Bart Canssens bildirib ki, yerli həkimlərin təşkilata verdiyi məlumata görə, pasientlərdə qıcolmalar, aşırı selik ifrazı, gözün torlanması və tənəvvüs çatışmazlığı qeydə alınıb. Doktor Canssens deyib ki, bu simptomları yalnız neyro-toksik maddələrlə təmas yarada bilər.
Fransanın xarici işlər naziri Laurent Fabius şənbə günü bəyan edib ki, əldə olan məlumatlar Dəməşq yaxınlığında kimyəvi silah qətliamının baş verdiyini göstərir və bu hadisəyə görə Əsəd rejimi məsuliyyət daşıyır.
Britaniyanın xarici işlər naziri Uilyam Heyq də bildirib ki, sivilizasiyalı dünya kimyəvi silah hücumuna dözə bilməz: “Indiyədək Barak Obama ABŞ hərbi qüvvələrinin Suriya münaqişəsinə müdaxiləsi məsələsində ehtiyatlı davranıb. Bununla belə, prezident lap əvvəldən bəyan etmişdi ki, kimyəvi silahdan istifadə Suriya rejimi üçün ”qırmızı xətt” olacaq”.

Generalların sammiti

Ötən şənbə ABŞ donanması şərqi Aralıq dənizi hövzəsinə əlavə raket döyüş gəmiləri gətirib. Donanmadakı hərəkətlər iddia olunan kimyəvi silah qətliamını müzakirə edəcək sammitlə eyni vaxta təsadüf edir. Bu sammit gələn həftənin əvvəllərində Iordaniyanın paytaxtı Əmmanda keçiriləcək.
Xəbər verilir ki, ABŞ birləşmiş qərargahının rəisi general Martin Dempsey, ABŞ baş qərargahının rəisi general Lloyd Austin, habelə Türkiyə, Britaniya, Fransa, Qətər, Kanada, Səudiyyə Ərəbistanı və Italiya silahlı qüvvələrinin baş qərargah rəisləri Əmman sammitində iştirak edəcəklər.
Sammit öncəsi təqdim olunan informasiyalar Dəməşq yaxınlığında mərkəzi sinir sistemini iflic edən sarin qazından istifadə edildiyini göstərir.
Son 72 saat ərzində hücuma məruz qalanlardan götürülmüş bioloji nümunələr məxfi qaydada Suriyadan çıxarılıb.
Suriya kimyəvi silah hücumuna görə məsuliyyətini inkar edir. BMT-nin tərksilah üzrə komissarı Angela Kane silah müfəttişlərinin iddia edilən kimyəvi hücum bölgəsinə buraxılmasına dair danışıqlar üçün Dəməşqə gəlib. Suriyadakı üsyançı qruplar, lazım gələrsə, silah müffətişlərinin bölgəyə səfəri üçün təhlükəsiz keçid verməyə razılaşıblar.
Suriyanın rəsmi televiziyası isə bildirib ki, üsyançılara aid gizli tunellərdə kimyəvi silah aşkar edilib. Suriyanın iki əsas müttəfiqi – Rusiya və Iran da kimyəvi silah hücumunda üsyançıları ittiham ediblər.

ABŞ ordusu Suriyada hərbi əməliyyata hazırdır

Bu arada isə ABŞ-ın müdafiə naziri sərt bəyanatla çıxış edib. ABŞ-ın müdafiə naziri Çak Heygel bildirib ki, əgər prezident Barak Obama güc variantını seçsə, ABŞ ordusu Suriyada hərbi əməliyyat keçirməyə hazırdır. RBK-nın məlumatında deyilir ki, Heygel Amerikan ordusunun Suriya probleminin həlli üçün hərbi gücün müxtəlif variantlarından istifadə edə biləcəyini söyləyib.
Hadisələrin bu cür məcraya yönələcəyinin proqnozlaşdırılan olduğunu deyən ekspert Vəfa Quluzadə bildirdi ki, yaranmış situasiyada ABŞ-ın Suriyaya qarşı əsgəri gücdən istifadə etməsi realdır: “Amerikanın Suriya sərhədlərində çeşidli hərbi qüvvələri var. Artıq Suriya sərhədlərinə ABŞ-ın böyük təyyarə daşıyan gəmisi də gətirilib. Yəni Amerikanın regionda cəmləşdirdiyi əsgəri qüvvə Suriya problemini hərb yolu ilə həll edə bilər. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Bəşər Əsədi sıradan çıxarmaq üçün ABŞ-a heç də bu qədər böyük hərbi qüvvə lazım deyil. Amma regionda Iran mövcuddur. Əgər Iran Əsədin köməyinə gələrsə, bu hərbi qüvvələr Irana qarşı zərbəni sığortalamağa xidmət edir. Bu zaman baş verə biləcək hadisələr bütön regionu tonqala çevirə bilər. Bu hadisələr olduqca təhlükəlidir. Ona görə baş verənlərin gedişində Irana da zərbə endirilə bilər”.
Artıq Suriyada humanitar bir faciənin yaşandığını deyən V.Quluzadə vurğuladı ki, ölkədən bir neçə milyon qaçqın var ki, onlardan da 2 milyonu təkcə uşaqlardır: “Hazırda regionda baş verənlərə görə məsuliyyətin bir hissəsini də Amerika paylaşır. Suriyada baş verənlər ABŞ-ın dünyadakı nüfuzuna böyük zərbədir. Əgər baş verənlərə ABŞ bu dəfə də göz yumsa, Vaşinqtonun, şəxsən Obamanın nüfuzuna böyük xələl gələcək. Çünki ABŞ-ın müdafiə naziri açıq bəyan edib ki, Amerika ordusunun prosesə qarışması Obamanın qərarından asılıdır. Artıq yaranmış şəraitdə Əsəd susdurulmalıdır və susdurulacaq”.

Xəyal