Suriyada 100 min adam ölüb

2 milyondan çox insan isə qaçqın və məcburi köçkün olub

Suriyada istənilən növ kimyəvi silahdan istifadə edilməsi insanlığa qarşı cinayətə bərabər olacaq. Bu, silahdan istifadə edənlər üçün ciddi nəticələrə gətirib çıxaracaq.
APA-nın BMT-nin Informasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Cənubi Koreyada keçirilən Minilliyin Inkişaf Məqsədləri tədbirində çıxış edən BMT-nin baş katibi Pan Gi Mun vurğulayıb ki, istənilən yerdə, istənilən şəxs tərəfindən kimyəvi silahdan istifadə beynəlxalq qanunun pozulması deməkdir. P.G.Mun Suriyada kimyəvi silahdan istifadə etmə hallarının araşdırılmasının vacibliyini qeyd edib: “Vaxt itirməməliyik. Münaqişə tərəfləri müharibəni dayandırmalı və danışıqlara başlamalıdır. Bu, böhrandan yeganə çıxış yoludur. Bizim məqsədimiz dəyişməz qalır: münaqişəni tam dayandırmaq, humanitar yardım göstərmək və hökumətlə müxalifəti mümkün qədər tez Cenevrədə danışıqlar masası arxasına gətirməkdir”.
Qeyd edək ki, hazırda Suriyada kimyəvi silahdan istifadə edilib-edilmədiyini araşdıran BMT-nin ekspertlər qrupu işləyir. Suriyada münaqişə başlayandan indiyədək 100 min nəfər həlak olub, 2 mln.-dan çox insan qaçqın və məcburi köçkün olub.