Əli Həsənov hansı uğurdan danışır?

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında iqtidarı zirvələrə qaldırıb, müxalifəti isə kəskin tənqid edib.
Əli Həsənov deyib ki, Azərbaycan prezidentinin əldə etdiyi nəaliyyətlər dünyanın bütün ölkələrində müsbət hal kimi dəyərləndirilir, müxalifət isə rüsvayçı şəkildə xatırlanır: “Təəssüf ki, dünya ölkələrinin marağını özünə cəlb edən məqamlardan biri də Azərbaycan müxalifətinin rüsvayçılığıdır. Onların bu vəziyyəti də müzakirə mövzusudur. Biz çox təəssüf edirik ki, güclü iqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət var. Güclü iqtidar qarşısında dayanıqlı müxalifət olmasını istərdik”- deyə Əli Həsənov bildirib.
Bir daha xatırladım ki, Əli Həsənov həm də “Qaçqınkom” sədridir. Bu yaxınlarda məcburi köçkünlərin “çörək pulu” 1 manat 65 qəpik artırıldı. Və bu Əli Həsənovun nəzərində uğur göstəricisidir. Daha dəqiq ifadə etsək, bu artım nəticəsində hər bir məcburi köçkün əvvəlkindən fərqli olaraq 4 ədəd artıq çörək yeyəcək. Digər ərzaq tələbatlarına isə, insanların ehtiyacı yoxdur.
Bəlkə də bura yeganə ölkədir ki, məcburi köçkünləri yurd- yuvasına qaytarmaq yox, çadır şəhərciklərinin ləğv edilməsi uğur sayılır. Əslində məcburi köçkünlərə ev tikib vermək, məğlubiyyəti etiraf etməkdir. Yəni Qarabağdan əlinizi üzün, yeni binalarda həyat sürün.
Indi, bu biabırçı reallığın məsuliyyət daşıyanlarından biri rüsvayçılqdan danışır.
Əli Həsənovun fikirlərinə müxalifət nümayəndələri də münasibət bildirdi.

«Əli Həsənovu məmurlar arasında yalan danışmaq üzrə rekordsmen adlandırmaq olar»

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Azərbaycan hakimiyyətində doğru söz danışmaq qadağan olunub və dövlət məmurları sanki yalançılıq üzrə yarışa giriblər: “Bu günə qədər dünyada heç bir ictimai-siyasi qurumlar, QHT-lər, tanınmış KIV-lər Azərbaycan müxalifəti haqqında zərrə qədər mənfi fikir söyləməyib. Əksinə, öz hesabatlarında  Azərbaycan müxalifətinin çətin şərtlər altında fəaliyyət göstərdiyin vurğulayırlar. Azərbaycan hakimiyyəti isə, bütün nüfuzlu qəzetlərdə, jurnallarda, beynəlxalq hesabatlarda sərt tənqid olunur və hakimiyyətin korrupsioner mahiyyəti faktlarla ifşa olunur. onlarla fakt göstərmək olar ki, Ilham Əliyevlə görüşən yüksək vəzifəli məmurlar öz ölkələrində qınaqla üzləşir. Ona görə də Əli Həsənovu məmurlar arasında, yalançılıq üzrə rekordsmen adlandırmaq olar”.

«Əli Həsənov 1 manat 50 qəpiklik artımı və zəbt olunmuş torpaqları uğur hesab edir»

Müsavat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, Əli Həsənov ölkədəki acınacaqlı vəziyyəti və məcburi köçkünlərin hələ də öz torpaqlarına qayıda bilməməsini uğur sayır: “Əli Həsənov müvəffəqiyyət deyəndə nəyi nəzərdə tutur? Zəbt olunmuş torpaqların geri qaytarılması faktı varmı, 1 manat 50 qəpiklik artımı uğur hesab etmək olarmı? Bəlkə, binaların xarici görkəminin bəzədilməsi, bir yolun 5 dəfə sökülüb, tikilməsi uğurdur. Hələ heç bir dünya ölkəsi Azərbaycandakı yüksək inkişafdan danışmayıb. Hakimiyyətin satın aldığı bəzi adamlar, hakimiyyətin uğurundan danışa bilər. Demokratik, hüquqi ölkələrin yüksək məmurlarının hakimiyyət haqqında müsbət fikrinə rast gəlməmişik. Əli Həsənov yaxşı olar ki, məcburi köçkünlərin qarşısında bu uğurdan danışsın. Məcburi köçkünlərə ayrılmış yardımı yeyən məmurların qarşısında danışmaq çox asandır”.

İlham Hüseyn