«Mənə Azərbaycan cəmiyyətinin bu quldurlardan xilas olması lazımdır»
Kamil Vəli Nərimanoğlu: «Cəmil Həsənlinin namizədliyinin seçilməsi olduqca yüksək ovqat yaratdı, insanları ruhlandırdı»
Milli Şuranın son sessiyasında qəbul olunan qərar cəmiyyətin böyük rəğbətinə səbəb oldu. Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydiyyatı ilə bağlı hüquqi problem həllini tapmayacağı təqdirdə, Milli Şura seçkilərə tanınmış ziyalı Cəmil Həsənli ilə qatılmaq niyyətindədir. AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu ilə müsahibəmizə məhz bu qərara münasibətini öyrənməklə başladıq.
– Cəmil Həsənlinin namizədliyi irəli sürülməklə hazırkı böhrandan çıxmağın təməli qoyuldu. Daha sonra Milli Şurada müzakirələr yüksək səviyyədə keçdi. Mən Azərbaycanın demokratik qüvvələrinin bu məsələyə yüksək ciddiyyətlə yanaşmasına çox sevindim. Bu məsələyə gənclərin, ziyalıların münasibəti təqdiredicidir. Siyasilər gərəkən addımları atdılar. Çünki həqiqətən də müxalifət bir böhrana qədəm qoymuşdu. Bu böhranın müxtəlif səbəbləri var idi. Iqtidar maraqlı idi ki, müxalifətin seçkilərdə güclü namizədi olmasın. Mən də o fikirdəyəm ki, Rüstəm Ibrahimbəyov demokratik qüvvələrin, ümumiyyətlə, narazı elektoratın ən güclü namizədi idi. Rüstəm bəyə cəmiyyətdə böyük rəğbət var. Milli Şuranın ehtiyat namizədi kimi seçilən Cəmil bəy də Rüstəm Ibrahimbəyov imicində bir şəxsdir. O da cəmiyyətdə tanınmış ziyalılarımızdan, siyasi təfəkkürə sahib elm xadimlərimizdən biridir. Bu baxımdan Cəmil bəyin namizədliyinin seçilməsi olduqca yüksək ovqat yaratdı, insanları ruhlandırdı. Sözün düzü, Cəmil bəyin seçimi zamanı mənim gözlərim doldu. Çoxdandır mən müxalifətdə bu cür ruh yüksəkliyi görməmişdim. Bizim həyatımız müxalifətdə keçib. Mənim həyatım müxalifətdən çox asılıdır. Ona görə yox ki, mən demokratik qüvvələrdən nəsə gözləyirəm. Xeyr. Mən artıq yaşlı adamam. Mənə nə vəzifə, nə iş lazımdır. Mənə Azərbaycan gəncliyinin, Azərbaycan insanının elementar hüquqlarının qorunması, insan haqlarına hörmət edilməsi lazımdır. Mənə Azərbaycan cəmiyyətinin bu quldurlardan xilas olması lazımdır. Hiss edirəm ki, artıq bunun təməli qoyuldu. Azərbaycanda normal seçkilərin keçiriləcəyinə heç kəs inanmır. Bu hakimiyyət Stalinin “əsas səs verən yox, onu sayandır” prinsipi ilə hərəkət edir. Bu prinsip Azərbaycanda o qədər canlıdır ki, onu pozmaq kifayət qədər çətindir. Biz bunu 1998-ci ildə Etibar Məmmədov, 2003-cü ildə Isa Qəmbər hakimiyyətə qalib gələndə görmüşdük. Deməli, müxalifətin artıq bu təcrübəsi var. Ona görə seçkidə qalib gəldikdən sonra hərəkət planının necə olacağı işlənməlidir. Düşünülməlidir ki, seçkidən sonra əldə olunan qələbəni beynəlxalq aləmdə və daxildə necə qorumaq olar. Hakimiyyət öz təbliğatında demokratik qüvvələri dağıdıcı güc kimi təqdim etməyə çalışır. Bu gün bir hökumət təmsilçisinin yazısını oxudum. Orada o, hətta utanmaz şəkildə müxalifətə qarşı rüsvayçı sözündən istifadə edir. Rüsvayçılıq bu hakimiyyətin alnına yazılmış bir təyinatdır. Rüsvayçılıqla bağlı olan hər şeyi bunlar edirlər. Rüsvayçılıq minlərlə evsiz qələm əhlinin, vətəndaşın olduğu halda hakimiyyətdə təmsil olunan bir şəxsin min evinin olmasındadır. Rüsvayçılıq Azərbaycanın sərvətlərinin qeyri-bərabər paylaşdırılmasıdır. Rüsvayçılıq Qarabağ probleminin 100-cü plana atılması və onunla maraqlanılmamasıdır. Rüsvayçılıq Azərbaycanda insan hüquqlarının olmamasıdır. Əxlaq dəyərlərinin tapdanmasıdır rüsvayçılıq. Mən xaricdə yaşasam da, Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Mən özümə başqa ölkəni vətən seçməmişəm. Mən Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmıram. Gələcəkdə bu iki dövlətin bir yerdə olacağına, konfederal və ya federal dövlət olacağına inanıram. Türkiyə xaric deyil. Amma Azərbaycan iqtidarı Türkiyəni xarici ölkə sayır. Bu ölkəyə viza sisteminin tətbiqi, telekanalizasiyadakı bərbad dilə tərcümələr bunu sübut edir. Çalışırlar ki, Azərbaycan türkcəsinin Türkiyə türkcəsindən fərqli bir dil olduğunu isbat etsinlər. Əsl rüsvayçılıq bax, budur. Bu cür bədnam hərəkətlərə son qoyulmalıdır. Azərbaycanda hər şey anormaldır. Normal düşüncəyə cavab verən çox az şey var. Onlardan bir məqamı ölkənin qiymətli ziyalılarının, çalışqan insanlarının olmasıdır. Bundan başqa, Azərbaycanın güclü mədəniyyəti var. Amma Azərbaycanın hazırkı idarəçilik rejimi, sistemi mütləq dəyişməlidir.
“Azərbaycanda cəmiyyətin 95 faizi narazıdır”
– Siz ölkədən kənarda yaşasanız da Azərbaycandakı prosesləri yaxından izləyirsiniz. Hazırda cəmiyyətdəki durumu nəzərə alarıqsa, bir ziyalı kimi nə düşünürsünüz. Azərbaycan xalqı dəyişikliklərə hazırdırmı?
– Azərbaycan xalqının dəyişim istəyən qismi çox böyükdür. Azərbaycanda hazırda cəmiyyətin 95 faizi narazıdır. Amma böyük imperiya deyil. Azərbaycan müharibə şəraitində olan, torpağını itirmiş məzlum ölkələrdən biridir. Yalandan televiziyada təbliğat aparmaq lazım deyil ki, bizim güclü ordumuz var. Indiyə qədər bir qarış torpağı almayan ordu kimə lazımdır. Bu ordu əgər müharibə etməyəcəksə, alınan silahlar ermənilərə qarşı tətbiq olunmayacaqsa, bunu nəyə görə alırlar. Əli Kərimliyə, Cəmil Həsənliyə qarşı tətbiq olunmaq üçün alınır bu silahlar? Bizim hazırda bir düşmənimiz var. O da erməni hökumətidir, xalqı yox. Amma hazırda erməni rejimi də Azərbaycandakı qurluşun bir ekiz qardaşıdır. Bu rejimlərin məqsədləri də birdir. Hər iki rejim Qarabağ probleminin həllini istəmir. Problem nə savaş, nə diplomatik yolla həllini tapır. Belə düşünürəm ki, qan ilə alınmış torpağı qan ilə geri qaytarmaq olar. Amma Azərbaycan 20 ildir müharibəyə hazırlaşır. Nefti sataraq ofşor zonalarda daşınmaz əmlaka, evlərə, firmalara xərcləyirlər. Bakının mərkəzindən var-dövlət elitasından olmayan insanların köçürülmə siyasəti gerçəkləşdirilir. Ümumiyyətlə, ölkədən köçürülmə geniş vüsət alıb. Yəni sağlam düşüncəli gənc bilir ki, Azərbaycanda onun heç bir perspektivi yoxdur. Ya atasına görə təqib edəcəklər, ya da düşüncəsinə görə təqib edəcəklər. Milli Şuranı mitinqinə görə tənqid edirlər ki, adam az gəlmişdi. Amma ora toplaşanlar əqidəli insanlar idi. Bu sayda əqidəli insan milyonlarla əqidəli insandan güclüdür.
“Mübarizəmiz demokratik mübarizədir və onu sona qədər aparmaq lazımdır”
– Kamil bəy, siz dediniz ki, Azərbaycan xalqı dəyişikliklərə hazırdır. Bəs bu dəyişiklikləri həyata keçirmək üçün hazırda gənclərin, ziyalıların, siyasi partiyaların üzərinə hansı vəzifələr düşür?
– Mən sərgilədikləri mövqeyə görə AXCP, Müsavat və başqa partiyaların rəhbərliyinə təşəkkür edirəm. Burada əsas hədəf, məqsəd diqqətə alındı. Ona görə də hazırda sağ duyum qalib gəldi. Amma bir sıra ziyalıları mən passiv görürəm. Mən özümü də heç tam aktiv saymıram. Çünki həm yaşlı, həm də ölkədən kənarda yaşayıram. Amma bir sıra ziyalılar var ki, onlar həm Ziyalılar Birliyində olublar, həm vaxtilə ciddi yazılarla çıxış ediblər. Hətta ayrı-aryı siyasi hərəkətlərin təşkilində fəal rol alıblar. Onların bu cür geri çəkilməyini anlamadım. Yenidən bu şəxslərin səssizlik dumanında itmələri, bu rejimin çox vasitəliyinin işə düşməsini göstərir. Bir çox ziyalılar var ki, mən onlardan çox şey gözləyirəm. Onlar gərək fəal olsunlar, seçki kampaniyasına qatılaraq sona qədər mübarizə aparsınlar. Bizim mübarizəmiz demokratik mübarizədir və onu sona qədər aparmaq lazımdır. Səs verib, onu qorumaq lazımdır. Digər tərəfdən, medianın üzərinə böyük yük düşür. Çünki media həm ölkə daxilində, həm də ölkə xaricində o fikri rəndələyən, nizamlayan ən böyük vasitədir. Mən diqqət yetirirəm. Yenə də köhnə vasitələrlə gündəmi dəyişmək cəhdləri, onuncu dərəcəli məsələləri birinci məsələ kimi ortaya qoymaq meyilləri var ki, bunlar da bizi ümumi məqsədlərdən uzaqlaşdırır.
– Belə fikir formalaşdırılmağa çalışır ki, Rusiya ilə seçkiylə bağlı artıq razılaşma əldə olunub və demokratiya uğrunda mübarizə heç bir nəticə verməyəcək…
– Bəziləri belə fikir formalaşdırmağa çalışır ki, Putinin səfərindən sonra Azərbaycanın taleyi ilə bağlı razılıq əldə olunub və məsələlər iqtidarın xeyrinə razılaşdırılıb. Amma belə razılaşmanın olduğuna inanmıram. Putin gəlib öz təkliflərini irəli sürüb. Azərbaycan rəhbərliyi isə seçkilərdən sonra bu təkliflərlə bağlı addımlar atacağını söyləyib. Amma Rusiyanın təzyiqi sona qədər davam edəcək. Rusiya demokratik seçki istəmir. Rusiya sadəcə olaraq Avrasiya Ittifaqı ilə bağlı arzularının reallaşmasını istəyir. Avrasiya Ittifaqı, Gömrük Birliyi SSRI-nin bərpasına cəhdir. Azərbaycan hakimiyyəti həm Rusiyanın, həm də Amerikanın istədiklərini verir. Hakimiyyətin qalib gəldiyi yalnız öz xalqıdır. Bu, əmək haqlarının artımında, sosial vəziyyətdə özünü göstərir.
“Ziyalılarımızın öz ölkəsinə etimadı çox azalıb”
– Hakimiyyət müxalifətə qarşı ənənəvi təbliğatını apararaq, demokratik qüvvələrin onlara alternativ olmadığını iddia edir. Yəni həqiqətənmi Azərbaycanda on illər boyu bu hakimiyyətə gələ biləcək, dövləti idarə edə biləcək bir alternativ formalaşmayıb?
– Azərbaycan hakimiyyətinin alternativi Milli Şuranın namizədidir. Milli Şuranın əsas namizədi olan Rüstəm Ibrahimbəyovla yanaşı Cəmil müəllim də dünyada tanınmış şəxsdir. Cəmil bəy keçmiş SSRI məkanında kifayət qədər tanınmış alimdir. Harvard Universiteti hələ postsovet məkanından heç kimin kitabını nəşr etdirməyib. Tarix elmi sovet dövründə həmişə təzyiqlərlə üzləşmişdi. Bəzi tarixçilərimizin – bu istiqamətdə Süleyman Əlyarlı və Cəmil Həsənlinin adını çəkmək olar. Bu şəxslər tarix nəzəriyyəsi üzrə dünya səviyyəli mütəxəssislərdir. Bu istiqamətdə birinci növbədə Cəmil müəllimin adını çəkmək istəyirəm. Dövründən asılı olmayaraq tarix nəzəriyyəsini bilən, öz sözünü deyən və ölkəsinin, millətinin 1918-ci il zamanı, Elçibəy dövründə haqqını müdafiə edən tək alim Cəmil Həsənlidir. Təəssüf ki, bu cür ziyalılarımızla yanaşı bir sıra iqtidar mədahı da var. Çünki onlar yaltaqlıqla dolanır, ev və ordenlər alırlar.
– Seçki ilində bir qayda olaraq hakimiyyət büdcə təşkilatlarında çalışanların əmək haqlarının artımını seçki öncəsinə saxlayır. Son qərar ilə büdcə təşkilatlarında çalışanların maaşı on faiz artırıldı. Qaçqınlara dövlət tərəfindən edilən yardımda isə artım 1 manat 60 qəpikdir. Bu addımları cəmiyyət necə qiymətləndirməlidir?
– Hakimiyyət ölkədə informasiya azadlığını məhdudlaşdırmağa çalışır. “Azadlıq” qəzetinin saytına olan hücumlar da bunu sübut edir. Amma ölkədə hamının “Azadlıq” qəzeti almaq, “Azadlıq” radiosuna qulaq asmaq imkanı yoxdur. Ölkədə informasiya azadlığı olmalıdır. Elə informasiya siyasətinin məhdudlaşdırılmasının fonunda büdcə təşkilatlarında çalşanların əmək haqlarının artırılması insanları şirnikləndirməyə xidmət edir. Bu, gözdən pərdə asmaqdır. Əgər bir professorun əmək haqqı 2 min, dosentin məvacibi min beş yüz manat deyilsə, deməli, onun təminatı sual altındadır. Ona görə ziyalılarımız bir neçə yerdə çalışaraq normal yaşamağa çalışırlar. Ziyalılarımızın bir qismi isə xarici ölkələrə üz tutmağa məcburdur. Ziyalılarımızın öz ölkəsinə etimadı çox azalıb. Ona görə mən Azərbaycan xalqına müraciət edərək demək istəyirəm ki, bütün bunlara son qoymaq istəyirlərsə, seçkilərə gələrək Milli Şuraya dəstək versinlər. Öz güclərinə və namizədimizin gücünə inansınlar. Haqq üzülər, amma qırılmaz. Mən Azərbaycan xalqını bu cəsarətə çağırıram.
Xəyal