Rahib Hacıyevi saxta sənədə imza atmağa məcbur ediblər
AXCP Gənclər Komitəsinin fəal üzvü Rahib Hacıyevin iyulun 21-də narkotik ittihamı ilə şərlənərək həbs olunduğu haqda məlumat vermişdik. Qeyd edək ki, Rahib Hacıyev həm də sosial şəbəkələrin fəal istifadəçisidir və hakimiyyət əleyhinə tənqidi fikirlər yazır.
Əslində, müxalif mövqeli nisanların şərlənərək həbs olunması birinci hal deyil. Dəfələrlə narkotik ittihamı ilə müxalifət fəalları həbs olunub. Artıq cəmiyyətdə də bu tip həbslərin əsl səbəbi hər kəsə aydındır.
Ötən gün yaxınları Kürdəxanı təcridxanasında Rahib Hacıyevlə görüşüb və hadisənin necə baş verdiyini onun özündən öyrəniblər.
Iyulun 21-də Rahib Hacıyev evə bazarlıq etmək məqsədilə “8 km bazarı” adlanan əraziyə gedir. Zəruri ərzaqları alıb geri qayıdarkən, tanımadığı şəxslər maşından düşüb, onun qolunu buraraq, maşına salıblar. Mülki geyimli adamlar əvvəlcə Rahib Hacıyevi nankorluqda qınayıblar. Belə ki, ona bildiriblər ki, sən prezidentin çörəyin yeyirsən, onun hakimiyyəti dövründə ali məktəb oxumusan. Ancaq nankorluq edərək cəbhəçi olmusan və hakimiyyəti təhqir edirsən. Rahib Hacıyev isə bildirib ki, mən təhqir etməmişəm, tənqid etmişəm. Bu zaman idmançı görkəmli şəxslərdən biri Rahib Hacıyevin başını aşağı əyərək, möhkəm sıxmağa başlayıb. Rahib Hacıyev yaxınlarına verdiyi məlumatda bildirib ki, həmin an onun sağ cibinə kiçik paket qoyublar. Sonra Rahib Hacıyevi yaşadığı ünvan gətirərək, pencəyinin cibindən həmin paketi çıxarıblar. Daha sonra narkotiklərlə mübarizə idarəsinə gətirilərək, “hal şahidləri”nin iştirakı ilə məlum paketi nümayiş etdiriblər. Rahib Hacıyev bu narkotik vasitənin ona məxsus olmadığını və sənədə imza atmayacağını bildirib. Bundan sonra idmançı görkəmli şəxs Rahib Hacıyevin başını 2 əli ilə möhkəm sıxıb və sənədə qol çəkməyə məcbur edib. Bu müddət ərzində Rahib Hacıyevi nalayiq söyüşlərlə təhqir edib, ailəsi ilə təhdid ediblər. Bütün bu baş verənlər əvvəldən video çəkilişlə müşayiət olunub. Daha sonra Rahib Hacıyevi qanından analiz vermək üçün tibb məntəqəsinə aparıblar. Analiz götürən həkim polislərə bildirib ki, bu adam narkomana oxşamır.
Onu da qeyd edək ki, Rahib Hacıyevin mobil telefonu tutulduğu gündən indiyə qədər müstəntiqdə saxlanılır və həmin nömrədən Rahib Hacıyevin yaxınlarına zəng edib susurlar.
Yaxınları qəzetimizə onu da bildirdilər ki, Rahib Hacıyev saxlanma yerindən, ona münasibətdən narazı deyil. O, bütün cəbhədaşlarına salam göndərib.
Xatırladaq ki, Rahib Hacıyev Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik maddələri istehsal etmə, saxlama, və ya satma) maddəsi ilə ittiham olunur.
İlham Hüseyn