Bütün müğənnilərin qrafiki tutulub; Onlara toy danışmaq qadağan olunub, toyu olanlar təxirə salmağa məcbur edilib
Azərbaycan hakimiyyətinin aparacağı seçki kampaniyası ilə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, seçki kampaniyasında Ilham Əliyev çox az görünəcək. Ölkə başçısının ümumiyyətlə rayonlarda keçirilən görüşlərdə iştirak etməyəcəyi bildirilir.
Onun əvəzinə vəkillər və hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi vətəndaşlarla görüşəcək. Təbliğat kampaniyasına əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də müğənnilər cəlb ediləcək. Məlumata görə, artıq müğənnilərin qrafiki tutulub. Onlara tapşırılıb ki, toy danışmasınlar. Toyu olanlar isə təxirə salmağa məcbur edilib.
Məlumatda qeyd edilir ki, Ilham Əliyevin vəkilləri ötən seçkilərdə olduğu kimi daha çox rektorlardan ibarət olacaq. Hakimiyyətin kütləvi aksiyalar keçirməsinə gəlincə, bu məsələ hələ də qeyri-müəyyən olaraq qalır. Lakin bildirilir ki, kampaniyanın sonunda Bakıda kütləvi aksiya keçirmək barədə düşünülür.