ABŞ Əsəd rejiminə qarşı qoşun çıxara bilər

Dinc insanların kimyəvi silahla qətlə yetirən Suriya regional müharibənin bir addımlığındadır.

Artıq ABŞ ordusu sayca 4-cü döyüş gəmisini Aralıq dənizinə göndərərək, bölgədəki hərbi kontingentin sayını artırmağa qərar verib. Pentaqon, Suriyada vəziyyətin gərginləşməsinin bu addımın atılmasında əsas rol oynadığını bildirib. Müdafiə katibi Çak Heygel Suriyaya qarşı hərbi əməliyyatlara başlamaqla bağlı hər hansı bir göstərişin olmadığını desə də, Ağ Ev Pentaqondan bugünlərdə istənilən ssenariyə hazır olmağı tapşırıb.

Prezident Barak Obamanın da həftəsonu təhlükəsizlik şurası ilə fövqəladə toplantıya hazırlaşması ABŞ-ın Suriyaya hərbi müdaxiləyə hazırlaşdığına işarədir. ABŞ və müttəfiq ölkələrin kəşfiyyat xidmətləri Suriyada dinc insanların məhz kütləvi qırğın silahları ilə öldürüldüyündən əmindir. Bununla belə, bu silahların kim tərəfindən istifadə olunduğunu yalnız BMT-nin faktaraşdırıcı missiyası təsdiqləyə bilər.

Həftənin əvvəlindən Dəməşqdə müzakirələr aparan BMT missiyası isə hələ də kimyəvi silahların atıldığı ərazilərə buraxılmayıb. Təşkilat nümayəndələrinin təhlükəsizliyinin təmin olunması üçün hətta Rusiyada ƏSəd administrasiyasına çağırış edib. Bununla belə, Kreml kimyəvi silahların Əsəd ordusu tərəfindən istifadə olunduğunu təkzib edir.

Xarici işlər nazirliyinin sözcüsü Aleksandr Lukaşeviç, kütləvi qırğın silahlarının üsyançılar tərəfindən atıldığına dair dəlillərin olduğunu bəyan edib. Diplomat, kütləvi qırğın silahlarından istifadə olunması ilə bağlı xəbərlərin, bu silahların atılmasından daha əvvəl yayılmasına diqqət çəkib (“Nota.az”).