Əli Kərimli Cəmil Həsənlidən yazdı

“Hər zaman ədalətin yanında olmağı bacaran şəxsiyyət”

AXCP sədri Əli Kərimli Milli Şuranın son yığıncağı barədə təəssüratlarını rəsmi Facebook səhifəsində paylaşıb.

“Bu maneəni də aşdıq. Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması kecikdirildikcə, hökumətin açıq və gizli tərəfdarları sevincək olmuşdular ki, Milli Şura dağılacaq, müxalifət seçkiyə 4-5 namizədlə gedəcək. Belələrini sevindirmədik. Xeyli zəhmət bahasına olsa da, müxalifət daxilində razılıq əldə olundu. Milli Şura, demək olar, yekdilliklə professor Cəmil Həsənlini yeni vahid namizəd seçdi. Cəmil Həsənli dünyada tanınan görkəmli tarixçi alimdir. Azərbaycan Xalq Cümhuriyyəti və Qarabağla bağlı çox qiymətli araşdırmaların, onlarla kitabın müəllifidir. Cəmil müəllimin ”soyuq müharibə” illərinə aid kitabını isə Harvard universiteti çap edib. Cəmil müəllim Ziyalılar Forumunun təsisçilərindəndir. Ziyalı adını doğruldan, şərəflə daşıyan, hər zaman ədalətin yanında olmağı bacaran şəxsiyyətdir. Cəmil Həsənlinin zəngin siyasi təcrübəsi var. 10 ildən artıq AXCP sədrinin müavini, 10 il millət vəkili kimi siyasətlə məşğul olub. Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun”.