Pəncərədən əl çalanlar

Dünən Milli Şuranın yığıncağı Müsavat partiyasının qərargahında – birinci mərtəbədəki konfrans zalında keçirilirdi. Professor Cəmil Həsənlinin prezidentliyə namizədliyi təsdiq olunanda bütün zal bunu coşqun alqışlarla qarşıladı. Bu zaman gözüm zalın pəncərəsindən baxan insanlara sataşdı – onlar da orada böyük sevinclə əl çalırdılar. Müxtəlif partiyalardan olan bu sadə mübarizə adamlarının üzündəki sevinc hislərini hər kəs axıracan anlaya bilməz. 

Cəmil müəllim dəyərli bir insandır, bu uzun illərdə hamının sevgisini qazanıb, onun kimi bir ziyalıya görə sevinmək başa düşüləndir. Amma hələ sadəcə namizədliyin irəli sürülməsindən söhbət gedir. Elə də düşünməyin ki, həmin adamlar bunun fərqində deyillər. Çətin illəri adlamış bu insanlar indi də vəziyyətin nə qədər ağır olduğunu, qarşıdakı hədəflərə yetməyin asan olmadığını hər kəsdən yaxşı anlayırlar. Onları sevindirən və coşduran isə, sadəcə, birliyə olan ümidləri və inamıdır…

Gərək bu ümidlər qırılmasın. Bu günlərdə hamı deyir ki, Milli Şurada vəziyyət ağırdır, müxalifət dalandadır. Hakimiyyətə işləyənlər də yaranmış durumu daha gərgin təsvir edir, hamını ruhdan salmağa çalışır, cinayətkar rejimə qələbə ovqatı inşa edirlər. Guya Milli Şura yaranmasaydı, Azərbaycanda vəziyyət daha yaxşı idi. Guya durum yaxşıdırmı? Vəziyyəti dəyişmək indi də çətindir, əvvəl də çətin idi. Sadə mübarizə adamları hamıdan yaxşı anlayır bunu. Eyni zamanda bilirlər ki, məhz birlik bu hakimiyyəti dəyişməyin ən yaxşı yoldur. Ardıcıl birgə mübarizə və səmimi birliklə dirəniş böyük yükü çəkməyin alternativsiz yoldur.

Ölkədə elə bir güclü qüvvə və ya qurum yoxdur ki, böyük və koalision birliyə ehtiyac duyulmasın və elə həmin qüvvə əksəriyyəti ətrafına toplayıb arzu olunan ictimai dalğanı yarada bilsin. Heç bir yeni qüvvə də bunu edə bilmir, ona görə yox ki, zəifdirlər, bacarıqsızdırlar. Ona görə ki, hamının aydın təsəvvür etmədiyi, uzaqdan tam görünməyən, işin içinə girdikcə isə gözlərdə dağa dönən əngəllər var. Elə bir qüvvəni yaratmaq çox çətin olub və bunun çox ciddi obyektiv səbəbləri var.

Milli Şura formatındakı axtarışların niyyəti də kəsə getmək, bütün qüsurlara baxmayaraq, böyük birliyin gücü ilə hədəfə çatmaqdır. Hərə bir böhtan ata bilər, amma gerçək yalnız budur. Bax, belə bir durumda birlik çarə kimi düşünülüb. Başqa bir yol da bunun alternativi deyil. O həm gücləri toplayır, həm də xalqda dəyişikliyə ümidi artıra bilir. Sevdiyim bir bənzətmə var: bu halda birlik az qüvvə ilə böyük yükü qaldıran lingə bənzəyən bir siyasi alət rolunu daşıyır. 

Pəncərədən əl çalan insanlar bunları hamıdan yaxşı anlayan, hamıdan çox gözləyən insanlardır. Onlar bilir ki, hər an hər cür əngəllə üzləşə bilərik və yalnız birlikdə bu çətinlikləri aşmaq olur…

Bu misalı son günlərdə bir çox yerlərdə söyləmişəm, təkrar yazmağı da faydasız saymıram. Həqiqi birlik qurulsa, istənilən fors-major vəziyyəti aşmaq olur. 2003-cü ildə Heydər Əliyev hakimiyyəti Heydər Əliyevin yoxluğu ilə üzləşdi və yalnız birliyi saxlamaq hesabına hakimiyyəti qorudular, hətta daha uzağa gedib 21-ci əsrdə monarxiya qurmaqdan çəkinmədilər və heç kimin inanmadığı halda onun oğlunu padşahlığa gətirdilər. Çünki bir oldular, tərəddüd etmədilər, yenə də Azərbaycana bəla olmaqda davam edirlər.

Birliyə bizim daha çox ehtiyacımız var. Pəncərədən əl çalan adamlar bunu hamıdan yaxşı anlayan sadə, mətin və gerçək mübarizə adamlarıdır.