Çatmayan nədir?

Rüstəm Ibrahimbəyov adı ilə bağlı haray-həşir yavaş-yavaş səngiməkdə, sona varmaqdadır. R.Ibrahimbəyov adı müxalifət lideri olaraq ortaya çıxandan nələr baş verdi, kimlər hansı çıxışları etdilər, hansı yazıları yazdılar – bütün bunlar araşdırılıb dəyərləndirilməlidir. Bu araşdırma-dəyərləndirmələr kimin kim olduğunu açıb ortaya qoyasıdır. Mən hələ çox-çox qabaqcadan rejim üçün indiki çətin seçki öncəsi bir çox maskaların yırtılacağını demişdim. Bircə elə R.Ibrahimbəyov faktı ilə bağlı çoxlu maskanın yırtıldığını demək, gərəkərsə, adbaad göstərmək olar. 

Rejimə bağlılığı ilə tanınan kimsələrin, mass-medianın R.Ibrahimbəyovla bağlı nə dediyi, nə yazdığı çox da önəmli deyil; ölkədə 20 ildən bəri kriminal-korrupsioner bir rejim qurulub, bu rejim hansı cinayətlərin yiyəsi olduğunu gözəl bildiyindən yıxılmamaq üçün bütün Azərbaycanı belə, yıxmaqdan çəkinməyəcək – bunu hamımızın bəlli bilməyi gərək. Bu baxımdan rejimə açıqdan-açığa bağlı kimsələrin R.Ibrahimbəyovla, bütövlükdə müxalifətlə bağlı dediklərinin, etdiklərinin hamısı, belə desək, qanunauyğundur. Onlar Azərbaycan adına o başdan dönük çıxmış kimsələrdir. Onları özünün toxluğu üçün ölkəni də, gərəkərsə özünü də satan sayılmazlardır. Burada pis olanı 20 il, 20 ildən də artıq müxalifət düşərgəsindəı yer tutub ad açan, illərdən bəri müxalifətçi, özü də çoxu radikal müxalifətçi adı qazananların bir çoxunun gerçək kimliklərinin indi açıq-aydın görünməsidir. Onların kimliyi indiyədək çoxlarına bəlli idi. Ancaq bu çoxlardan kimsə, nəyə görəsə bildiyini dilə gətirmirdi. Buna nəsə bir don geydirmək olar: biri qorxub-çəkinib, bir başqası özünə problem yaratmaq istəməyib. Burası aydındır. Aydın olmayan o adamlarla bağlı gerçəyi dilə gətirənlərin çeşidli yollarla hər yerdən uzaqlaşdırılmalarıdır. Bu nə düşüncə, bu nə davranış, bu nə taktikadır belə? Sonuc nədir?

Sonuc ortadadır: hakimiyət üçün bir çox çətin çağlarda olduğu kimi, indiki çətin çağda da bu çoxdanın bəlli adamları yenidən müxalifət arasında TROYA ATI rolunu oynamağa başladılar. Özü də qabaqkı sayaq yarıgizli yox, açıq-açığına. Açıq-açığına onlar müxalifət arasında hakimyətin BEŞINCI KOLONU olaraq görsəndilər, görsənməkdədirlər. Onların bircə elə R.Ibrahimbəyovla bağlı çıxış-baxışlarının hakimiyət adamlarının, hakimiyət mass-mediasının çıxış-baxışları ilə necə üst-üstə düşdüyü göz qabağındadır. Bununla belə… bizdəki çoxillik dəyişməz susqunluğa baxın! Hamı kimin, kimlərin müxalifət arasında illərlə recimə qulluq yolu tutduğunu bilə-bilə susub. Indi bir çox maskalar yırtılandan sonra da hamının bəlli bir tərsliklə susqunluq sərgiləməyi bizim gələcəyimizin gəlməz olduğunun açıq, danılmaz görsənişidir. Ulusumuz “örtülü bazar dostluğu pozar” deyib. Demokratiyanın başlıca prinsiplərindən biri AÇIQLIQdır (ərəbcə, şəffaflıq). Biz niyə bu iki prinsipin ikisindən də uzaq düçmüşük. Bu uzaqdüşmə indiyədək bizə yalnız STRATEJI uğursuzluq qazandırıbsa, biz bu açıq-aydın yanlışımızdan niyə əl çəkmirik? Niyə bizimlə strateji YOL YOLDAŞI olmayanlarla yoldaşlığa son qoymuruq? Bəlkə, başqa yol yoxdur? Var! Dönə-dönə yazdığımızı bir daha yazmaq gərəyi yaranır: birləşməkdən qabaq ayrılmaq gərəkdir. Birləşməkdən qabaq kiminlə, kimlərlə harayadək gedə biləcəyini düşünmək gərəkdir. Burada ortaya taktiki, strateci seçimlər çıxır: taktiki birləşmə ilə strateji birləşmə, taktiki birliklə strateji birlik ayrı-ayrı kateqoriyalı nəsnələrdir. Bu gün bizdə seçkiöncəsi ortaya çıxan bır çox görsənişlər, faktlar taktiki birliklə strateji birlik daşıyıcılarının doğurduğu görsənişlər, faktlardır. Birinci kateqoriya ardıcıllıqla ortaya çıxan satqınlıq, dönüklük görsənişləri üzündən acınacaqlıdır. Ikinci kateqoriya bilə-bilə birinciyə uduzması üzündən acınacaqlıdır. Bunların hamısını qabaqcadan görmək, düşünmək strateci düşüncə görsənişləridir. Çatmayan nədir?