Feodal qəsrləri

Bu il sosial fəallıq baxımından bölgələr Bakıdan irəlidə olub. Aydın siyasi tələblərlə müşayiət olunmasa da, bu etirazlar sosial etirazlar üçün uğurlu hesab edilə biləcək sonluqla bitmişdi-onlar hakimiyyətin ən yüksək təbəqəsinin diqqətini cəlb etmişdi. 

Düzdür, bundan insanların nə qazandığı hələ də mübahisəli qalır, çünki bütün etirazlar sonda təqiblərlə, üzücü istintaq proseslərilə, bəzi hallarda isə hətta həbslərlə bitdi. 

Elə bu səbəbdən Azərbaycanda etirazlar haqqında bu gün bir fikir demək mümkündür; etiraz etməmək olmur, çünki vəziyyət dözülməzdir, edəndə də canını qurtara bilmirsən…

Bakıda hər şeyə sosial sifariş demək bir dəbdir. Demək olmaz ki, əyalət insanı siyasi proseslərdən xəbərsizdir. Yox, belə deyil. Maraq da var. Bu maraq bəzi hallarda hətta orijinallığı ilə seçilir, burada mütləq əyalət üçün xarakterik olan nəsə bir şey tapmaq olur.

Indi bu münasibət həm də əvvəlki etinasızlığını tənqidi tonla əvəz edib. Əyalətdə hər şeyə qulp qoymağı, bir növ lağ etməyi sevirlər. Bir tərəfdən insanlara şuxluq və zarafat hisslərinin qayıtması sevindirici haldır, çünki əvvəlki bədbinlik, pessimizm bir qədər azalıb. Buna isə yalnız sevinmək olar. Amma mərkəzdə baş verən, müxalifətlə bağlı proseslərə münasibət bəzən açıq ironiya həddinə də çatır.

Mərkəzdə bəzi insanlarda, xüsusən də gənclərdə müşahidə olunan siyasi romantizm əyalətdə yoxdur. Insanlar daha realdır, daha çox Yerə yaxın  ovqatdadır.

Əyalət iztirabları

Bu yazını əslində əyalətin siyasi təsviri üçün nəzərdə tutmamışdıq. O səbəbdən bir-iki qeydlə, yolüstü təəssüratla kifayətlənmək lazım gəlir.

Əyalətin bir bəlası var ki, bu da məşhur “ağ ölüm”dür. 

Bəlkə Bakıda da belə hallar olur. Amma onlar əyalətdə olduğu qədər diqqəti özünə cəlb etmir. Bakı böyükdür. Əvvəllər bu hadisəni sırf sosial problemlərlə bağlayırdılar. Amma bu, səthi yanaşmadır. Əslində belə deyil. Bəlkə də bunu mənəvi sıxıntılarla bağlamaq olardı. Amma o, yalnız kasıbçılığın nəticəsi deyil.

Hətta mənəvi problemlər də bir qədər şərtidir. Indi məsafələr kiçilib, insanların informasiya almaq imkanları artıb. Amma bir şey var ki, bir çox hallarda məlumatlı, bilikli olmaq heç də iztirabları azaltmır, əksinə, onları artırır.

Mənə qalsaydı, “ağ ölüm”ü daha çox ağ yalanlarla bağlayardım. Demirəm, ki, bu günün əyalət insanları F.Dostoyevskinin knyaz Mışkini kimi çox böyük iztirablar keçirir. Amma əyalətdəki həyat həmişə öz yeknəsəqliyilə seçilib. Ağ yalanlar bu yeknəsəqliyi daha da artırır. Həmişə şəhər adamının sosial ümmuniteti əyalətdəkilərinə nisbətən daha artıq olur. Açığı bilirsinizmi bu gün Azərbaycan əyaləti nə deməkdir? Onlar kiçik feodal qəsrləridir. Burada hakimiyyət hər şey deməkdir-kllassik mənada desək, həm “qanunverici”dir, həm də “icraedici”…

Qərəz, ha çalışırsan ki, əyalətin təsvirini canlandırasan, alınmır, çünki yerdən yerə də fərq var. Elə əyalət bölgələri var ki, orada həyat qaynayır, elələri də var ki, yeknəsəqlikdən az qalır adamın bağrı çatlasın. 

Amma bir ümumi qanun da var: buralarda rejimin sərtliyini, hətta deyərdim ki, eybəcərliyini daha çox hiss edirsən. Bakıda xaricilər var, burada isə hamı özününkülərdir, utanıb çəkinməli kimsə yoxdur.

Əvvəllər hər əyalət mərkəzinə bir kitab dükanı düşürdü. Bunu da bir göstərici hesab etmək olardı. Indi Bakının özündə kitab dükanını barmaqla saymaq olar. Ona görə də əyalət insanı daha mütaliə etmir. 

Kitab dükanlarının əvəzində hər əyalət mərkəzində bir H.Əliyev mərkəzi var. Bəlkə bu mərkəzlər elə kitab dükanlarını da əvəz edir?

Bilmirəm. Hər şey ola bilər.    

Amma mütaliənin azlığı təkcə mədəni infrastrukturun kasadlığından yaranmır. Hamımız az oxuyuruq. Mən bunun səbəbləri haqqında o ki var düşünmüşəm. Mənə elə gəlir ki, yaşa dolduqca hamı elə bilir ki, o, bütün sualların cavabını bilir. Bu hiss əyalət insanlarında daha çox təzahür edir. Əyalətin həmişə bir statik “müdrikliyi” olub. Həmin o “müdriklik” bu gün də yaşayır. 

Amerika filmlərində həmişə bir hindu obrazı olur. Bu obrazlar qeyri- adi təmkini ilə seçilir. Onlar “ağ adam”ların anlaya bilmədikləri bir çox mətləbləri daha asan anlayırlar…

Bəlkə əyalət insanları da belədir? Kim bilir?