Qacarların nəslini təmsil edən görkəmli alim

Ölkə hüdudlarını aşan elmi uğurlar

Azərbaycanda məşhur Qacarlar nəslinin nümayəndələrindən biri də əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacardır. O, Əliqulu Mirzə Qovanlı-Qacarın nəvəsidir. Alimin elmi nailiyyətləri təkcə Azərbaycanda deyil, uzaq ölkələrdə də tanınır. Belə önəmli uğurlardan birini qeyd etmək də yerinə düşər. Etil spirti molekulasının trans-kontormetrinin fırlanma spektrini ilk dəfə Çingiz Qacar müəyyənləşdirib. 

Çingiz Oveys oğlu Qacar 06 iyun 1929-cu ildə Bakıda anadan olmuşdur. Onun fizikaya marağı uşaqlıq illərindən başlamış,  40-cı illərdə AMEA-nın Fizika-riyaziyyat bölməsində təşkil edilmiş dərnəkdə məşğul olmuşdu. Leninqrad (Sankt-Peterburq) Politexnik Institutunda texniki-fizika ixtisası üzrə təhsil alan Çingiz Qacar buranı 1953-cü ildə bitirmişdir. Burada oxuduğu müddətdə o, dünyanın tanınmış alimlərindən sayılan A.F.Ioffe, C.I.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. Tələbəlik illərində öz elmi fəaliyyəti ilə bərabər, Çingiz Qacar Avropa mədəniyyətinə böyük maraq göstərib.

“Vikipedia”nın yazdığına görə, Çingiz Qacar Leninqrad Politexnik Institutunu texniki-fizika ixtisası üzrə bitirdikdən sonra Azərbaycan EA-nın Fizika-Riyaziyyat Institutunda əmək fəaliyyətinə başlayıb. O, tanınmış alim, akademik Lətif Imanovun rəhbərlik etdiyi Radiofizika laboratoriyasında molekulyar spektroskopiya sahəsində orijinal elmi-tədqiqat işləri aparmış, mikrodalğalar diapazonunda biratomlu spirt molekulları və onların törəmələrinin fırlanma və rəqsi-fırlanma spektrlərinin ilk tədqiqatçısı olmuşdur. Çingiz müəllim tərəfindən (akademik L.Imanovla birlikdə) yaradılmış mikrodalğalı spektrometr haqqında elektronika və radiotexnikaya aid ilk elmi məqalə “Azərbaycan EA-nın xəbərləri” jurnalında Azərbaycan dilində dərc olunmuş və həmin məqaləni keçmiş Ittifaqda bu sahə ilə məşğul olan mütəxəssislər rus dilinə tərcümə etmişlər. Ç.Qacar mikrodalğalı spektroskopiya sahəsində Londonda keçirilən beynəlxalq konfransda Azərbaycanda yaradılmış həmin spektrometr və etil spirti molekulunun mikrodalğalı spektri haqqında elmi məruzə ilə çıxış etmiş, həmin vaxtlardan (keçən əsrin 60-cı illəri) beynəlxalq aləmdə elmi nəticələri ilə tanınmağa başlamışdır. Fundamental tədqiqatlar aparan Ç.Qacar atom və molekulların spektroskopiyası sahəsində bir sıra məsələləri həll etmişdir. Onun aldığı elmi nəticələrdən lazer fizikasında, qazların təhlilində, atmosferin lokal və məsafədən zondlanmasında, ulduzlararası fəzada molekulların axtarılması sahəsində və s. istifadə olunmuşdur.

50-dən çox müəlliflik şəhadətnaməsi 

1973-cü ildən elmi fəaliyyətini  Fotoelektronika Institutunda davam etdirən Çingiz Qacar burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsini yaratmış, oraya ən istedadlı alimləri toplamışdır. Alimin rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə etmiş, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olmuşdur. Burada xüsusi təyinatlı mikrodalğalar və infraqırmızı diapazonlarda işləyən, ölkəmizdə və xaricdə analoqu olmayan avtomatlaşdırılmış spektrometrlər, bir və çoxelementli yarımkeçirici infraqırmızı fotoqəbuledicilər üçun sınaq cihazları, Yer və kosmos şəraitində yarımkeçirici monokristalların yetişdirilməsi prosesini elektron idarəetmə sistemli avtomatlaşdırılmış qurğular və s. işlənib hazırlanmışdır. Bunlar müasir cihazqayırma sahəsində sanballı elmi nailiyyətlər idi. Yeni yaradılan cihaz və qurğuların, metodların 50-dən çoxu  müəlliflik şəhadətnaməsi almışdır. Çingiz Qacar eyni zamanda həmin müəssisədə baş meteoroloq vəzifəsində çalışmışdır.

Ç.Qacar infraqırmızı diapazonda optik rabitə sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Fizika Institutunda başladığı mikrodalğalı spektroskopiya sahəsində tədqiqatlarını Fotoelektronika Institutunda uğurla davam etdirmişdir. Onun rəhbərliyi ilə burada yeni, daha mükəmməl ikiqat kvant rezonanslarını müşahidə etməyə imkan verən və bunun nəticəsində spektrin birqiymətli identifikasiyasını təmin edən, dəqiqliyi atom standartları ilə olçülən, tezliyi ədədi qurğu vasitəsilə idarə olunan sintezatorlarla təchiz olunmuş santimetrlik, millimetrlik diapazonlarda işləyən spektrometrik kompleks yaradılmışdır. Ikiqat radiotezlikli-mikrodalğalı, ikiqat rezonans və Ştark modulyasiyası üsulları ilə işləyən hibrid spektrometr 1982-ci ildə cihazqayırma sahəsində S.I.Vavilov adına mükafata layiq görülmüşdür. 

Ç.Qacarın aldığı elmi nəticələrdən 2001-ci ildə yapon mütəxəssisləri də istifadə etmişlər. Keçmiş Ittifaqda mikrodalğalı spektroskopiya sahəsində müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarının bir çoxunun aparıcı təşkilatı Çingiz Qacarın  rəhbərlik etdiyi şöbənin daxil olduğu Fotoelektronika Institutu olmuşdur. 

Akademik Ç.Qacar indi də AMEA Fizika Institutunda bu sahənin inkişafı üçün çalışır, onun rəhbərlik etdiyi laboratoriya etil, izopropil, butil, izobutil, tretikbutil spirtləri və onların izotopomerlərinin mikrodalğalı spektrlərinin tədqiqi ilə məşğul olur. Çingiz Qacar eyni zamanda geniş tətbiqi olan mikrodalğa diapazonunda şüauducuların yaradılması problemləri üzrə də maraqlı işlər aparır.

Maraqlı kitablar, dərsliklər, lüğətlər…

Ç.Qacarın rəhbərliyi altında yaradılmış yeni fiziki metodlar, qurğu və cihazlar ölkəmizdə, həmçinin keçmiş Ittifaqda, Türkiyədə, Iran Islam Respublikasında tətbiq olunmuşdur.

Çingiz Qacar ölkəmizdə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərir. O, nüfuzlu spektroskopçular məktəbi yaratmış, yüksəkixtisaslı fiziklər yetişdirmişdir. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışır.

Çingiz Qacarın geniş təşkilatçılıq fəaliyyəti də xüsusi vurğulanmalıdır. O, respublikamızda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəridir. Atom və molekulların spektroskopiyası problemləri üzrə əvvəllər SSRI, hazırda Rusiya EA Elmi Şurasının və bir sıra elmi curnalların redaksiya heyətinin üzvüdür. Alimin yaradıcılıq dairəsi əhatəli və rəngarəngdir. Onun qələmindən çıxmış “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri” (rus, ingilis və Azərbaycan dillərində), “Qacarlar”, “Köhnə Bakı”, “Köhnə Şuşa”, “Tiflis. Vorontsova 53, 55″ kimi əsərləri, dərslik və lüğətləri hamı tərəfindən maraqla qarşılanmışdır. ”Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri” kitabının yazılmasının maraqlı tarixçəsi var. Çingiz müəllim Leninqradda oxuyarkən tələbəlik dostu, milliyyətcə gürcü olan Nuqzar Eliosaşvili ilə həmişə Azərbaycan və gürcü xalqlarından hansının daha çox görkəmli şəxsiyyətləri olmaları barədə mübahisə aparmışlar. Mübahisə bu kitab yazılana qədər davam etmişdir. Həmin kitab nəşr olunduqdan sonra Nuqzar Eliosaşvili özünün məğlubiyyətini ona yazdığı məktubunda etiraf etmiş və akademikin bu kitabını “Azərbaycanın görkəmli şəxsiyyətlərindən tərtib olunmuş Mendeleyev cədvəli” adlandırmışdır. Çingiz müəllim bu kitabını ingilis dilinə tərcümə etmişdir.

O, “Azərbaycan – irs” (Azərbaycan, rus və ingilis dillərində) jurnalının icraçı redaktorudur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir