«Müavinət 5 ildən bir 10 faiz, qiymətlərsə hər gün artır»
Ölkə başçısı Ilham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz artırılır. Hazırda müavinət 16 manat 50 qəpikdir
Deməli, gələn aydan bu müavinətin üstünə nə az, nə çox – 1 manat 65 qəpik də əlavə olunacaq və 18 manat 15 qəpik edəcək.
Müavinətlərin artırılmasında əsas səbəb seçkidir. Məhz sentyabr ayından bu pulun məcburi köçkünlərə şamil edilməsi hər şeyi çılpaq şəkildə ortaya qoyur. Bəs, bu məbləğ köçkünlərin dərdinə məlhəm olacaqmı? Bu suala cavab tapmaq üçün ötən gün Texniki Universitetin yataqxanasına baş çəkib 20 ildir burada yaşayan sakinlərlə söhbət etdik…
Elə danışırsınız, lap belə gülməli…
Sözügedən yataqxanın da şəraiti o biri tələbə şəhərciklərindəki binalardan fərqlənmir. Bir sözlə, eyni mənzərə, eyni yaşayış, eyni durum.
Məcburi köçkünlər ölkə başçısının bu addımını “humanist”liyə doğru daha bir addım kimi dəyərləndirirlər. Onların fikrincə, artırılan müavinət bir “sağ ol”dan da ucuzdur.
“Elə söz deyirsiniz, sanki müavinətlər yüz manat artırılıb. Nə artım var ki? 1 manat 65 qəpikli artımla nə etmək olar? Çörəyin az qala qiyməti 1 manatdır. Bu sərəncam ”köçkünlərə bir çörək artıq verin” əmrinə oxşayır. Bizim vəziyyətimizi müavinətlərin 10 faiz artırılması deyil, iş yerlərinin açılması yaxşılaşdıra bilər. Iş yerləri olsun, camaat beş-on manat çörəkpulu qazansın, bu müavinətdən daha yaxşıdır. Bir məcburi köçkünə 18 manatın verilməsi müavinət deyil, dilənçi payıdır”,- deyə sakinlər bildirirlər.
20 ildir burada yaşayan Vahid dayı da sualımızı gülüşlə qarşıladı: “Yəqin 2018-ci il seçkisinə də 10 faiz artırıb 20 manat alarıq. Mənim 53 yaşım var, mən 100 manat müavinət almaq üçün neçə il yaşamalıyam? Ümumiyyətlə, bunu hesablaya bilərsinizmi? Hər beş ildən bir 10 faiz artımı nəzərə alın. Görün, bizim yerimizə kim olsa 100 manat almaq üçün o qədər ömür yaşaya bilər? Minimum 180-200 il yaşamalıyam. Indi buna, 1 manatlıq artıma görə sevinməliyəm? O müvainət olsa nə xeyri, olmasa nə ziyanı? Sadəcə baş qatmaq üçün atılan addımdır. Kənardan baxan elə bilər ki, köçkünlərin vəziyyəti yaxşılaşdırılıb. Dildə 10 faiz böyük rəqəm kimi görünür, ancaq reallıqda başqa şeydir”.
“Müavinətlər beş ildən bir 10 faiz artırılır, qiymətlər isə hər gün”
Yataqxanada söhbət etdiyimiz məcburi köçkünlər arasında hökumətdən razı olanlar da tapıldı.
1993-cü ildən burada məskunlaşan Zəngilandan olan məcburi köçkün Nargilə Ismayılova bu pula ehtiyaclarının olmadığını söyləyir: “Mənim üçün maraqlı deyil. Uşaqlar işləyir, birtəhər dolanırıq. Hər şey yaxşıdır. Hara gediriksə, problem olmur, hörmət görürük. Hansı qapını açırıqsa, imtiyaz var. Biz dövlətimizdən razıyıq. Biz sovet dövründə də dövlətdən nəsə ummamışıq. Gedib qapını döyüb kimdənsə nəsə ummamışıq. Yataqxanada yaşasaq da, razıyıq. Çoxlarının yaşamağa evi yoxdur, bizim isə heç olmasa yatmağa yerimiz var. Bura gələndə həyətdə bir dənə də olsun maşın yox idi, indi hər evin qarşısında bir maşın dayanıb. Bunun nəyi pisdir ki? O ki, qaldı müavinət məsələsinə, bunu versələr də sağ olsun, verməsələr də”.
4 nəfərlik ailə üzvü ilə yataqxanada yaşayan Musa Quliyev deyir ki, müavinətlər 40-50 faiz artırılsaydı, daha yaxşı olardı: “Ailədə 4 nəfərik. Artım 1 manat 60 qəpik edir. Bu məbləğ 5 çörəyin pulu edir. Müavinətlər yarıbayarı qaldırılsaydı, yaxşı olardı”.
Başqa bir köçkün Hüseyn dayı da 1 manat 65 qəpiyin heç bir işə yaramayacağını deyir: “Müavinətlər beş ildən bir 10 faiz artırılır, qiymətlər isə hər gün. Bir də ki, bizə böyük pul verilmir, ki, 10 faiz böyük məbləğ olsun. Əgər 500 manat müavinət alsaydıq, 10 faiz artım 50 manat edərdi. Bax, bu zaman demək olardı ki, işimiz bir az da yüngülləşdi. Bu yalnız gözə kül üfürməkdi”.
***
“Bu pulla heç nə əldə etmək olmaz. Kim deyirsə ki, biz köçkünlərin vəziyyəti yaxşıdır, səhv edir. Adambaşına 16 manat çörək pulu nədir ki?”,- deyə məcburi köçkünlər etiraz edirlər…
Ramin DEKO