«Seçkilərin saxtalaşdırması Azərbaycanda idarəolunmuz proseslərə gətirə bilər»
Asəf Quliyev: «Milli Şuranın vahid ehtiyat namizədi seçməsi və onu cəmiyyətə təqdim etməsi hakimiyyət daxilində ziddiyyətləri yenidən gündəmə gətirəcək»
Hakimiyyət təmsilçiləri Ilham Əliyev üçün seçki kampaniyasında təbliğat aparmayacaqlarını bəyan etsələr də, seçki təşviqatının rəsmi başlamamasına baxmayaraq artıq dövlət başçısı ölkənin bir sıra rayonlarına səfərlər reallaşdırıb. Özü də səfərlər reallaşdırılan rayonların siyahısı da çox maraqlıdır. I.Əliyev, belə görünür ki, öncə daha çox narazılığın yüksək həddə olduğu və açıq vətəndaş etirazlarının baş verdiyi rayonlara səfərlər etməyə üstünlük verir. Müsahibimiz AXCP sədrinin müavini Asəf Quliyevlə söhbətimizin ilk sualı hakimiyyətin bu təşvişinin nədən irəli gəldiyi ilə bağlı oldu.
– Bu səfərlər təkcə indilərə təsadüf etmir. Artıq bir neçə aydır ki, dövlət başçısı rayonlara çıxır və demokratik qüvvələrin əleyhinə təbliğat aparır. Bundan başqa, hakimiyyət təmsilçiləri rayonlara səfərləri zamanı görüşlərində Ilham Əliyevə səs verməyə çağırır. Amma verilən bu bəyanatların heç biri öz təsirini göstərmir. Hakimiyyət təmsilçilərinin bəyanatlarının əksinə olaraq əyalətlərə çıxması və təbliğat aparması iqtidarın növbəti seçki saxtakarlığına hazırlaşdığına işarədir. Artıq hakimiyyət büdcə təşkilatlarında çalışanların siyahısını tərtib edir, onların şəxsiyyət vəsiqələrinin surətlərini çıxararaq həmin siyahıya məcburi şəkildə yazırlar. Eyni zamanda istər əyalətlərdə, istərsə də paytaxtda iş adamlarına hədə-qorxu gəlirlər ki, Ilham Əliyevə səs verməyəcəkləri təqdirdə sonrakı aqibətləri yaxşı olmayacaq. Bu cür hallar kifayət qədərdir. Hakimiyyət təmsilçilərinin əsas təbliğat üçün Qubanı, Ismayıllını, Imişlini seçməsi bu il bu rayonlarda baş verən kütləvi etirazlarla bağlıdır. Əlbəttə, digər rayonlardakı narazı durum da hakimiyyəti narahat edir. Ona görə hakimiyyət özünə məxsus formada siyasətdən istifadə edərək narazılığın qarşısını “almağa” çalışır. Hakimiyyətin indidən seçki təbliğatına başlaması namizədlərin hamısına bərabər seçki hüququ verilməyəcəyini göstərir. Eyni zamanda müxalifət düşərgəsinə olan təzyiqlər, həbslər hakimiyyətin əsl niyyətini ortaya qoyur. Bütün bunlar seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Hakimiyyət gözəl bilir ki, bu seçkidə heç kim ona səs verməyəcək, ona görə indidən əyalətlərdə təbliğat aparır.
– Büdcə təşkilatlarında çalışanların əmək haqlarının 10 faiz artırılması hakimiyyətin seçki öncəsi bir ənənəvi metodu olsa da, iqtidar bir qayda olaraq bu addımı seçki xeyli qalmış edirdi. Bu dəfə isə hakimiyyət seçkinin astanasında belə bir addım reallaşdırdı. Bu addım nədən xəbər verir?
– Əmək haqlarının qaldırılması, əhalinin digər sosial təminatlarını reallaşdırmaq birbaşa hakimiyyətin borcudur. Bu gün Azərbaycanda büdcədən maliyyələşən təşkilatlarda çalışanlar çalışdıqlarına uyğun əmək haqqı alırlar və bu əmək haqqı onların gördükləri işin müqabilində çox aşağıdır. Amma hakimiyyət sanki öz vəzifəsinin icrasını seçki kampaniyasına yönəldir. Əslində baş verənlərdən istifadə edərək demokratik qüvvələr seçki qanunvericiliyinin kobud pozuntusu kimi məhkəməyə də müraciət edə bilər. Əmək haqlarının artırılması, heç şübhəsiz, Ilham Əliyevin namizədliyinin təbliğinə, onun seçkidə iştirakına yönəlib. Baş verən hər seçki öncəsi hakimiyyətin xalqa verdiyi yalan vədlərdən biridir. Xalq da hakimiyyətin yürütdüyü bu siyasətin əsl mahiyyətini başa düşür. Çünki əmək haqqının 10 faiz artırılmasının heç bir əhəmiyyəti yoxdur. Əgər maaşlar on faiz artırılırsa, bu, 140 manat alan müəllimdə 14 manat edir. Bu artım bazarda qiymətlərin artırılmasının müqabilində heç də mütənasib deyil. Əslində hakimiyyətin xalqı aldatmağa, şirnikləndirməyə yönələn bu addımları iqtidarın əleyhinə işləyir.
“Nisbətən demokratik seçki olsa, qalib mütləq Milli Şura olacaq”
– Hakimiyyət təmsilçiləri bir tərəfdən Milli Şuranın onlar üçün rəqib olmadığını bəyan etsələr də, digər tərəfdən bütün təbliğat arsenallarını bu təşkilata qarşı yönəldilər?
– Milli Şura yaranan gündən xalqın rəğbətini, dəstəyini gördü. Hakimiyyət də baş verən bu prosesi böyük təşvişlə izləyir. Ona görə hakimiyyət Milli Şuranı gözdən salmaq üçün əlində olan bütün təbliğat vasitələrindən istifadə edir. Hakimiyyət, bundan başqa, müxalifət düşərgəsindəki bəzi adamların əliylə Milli Şuranı nüfuzdan salmağa çalışır. Bu yaxınlarda mətbuatda belə bir məlumat dərc olundu ki, “EL” Hərəkatından bir nəfər istefa verib və bəyan edib ki, Milli Şurada müəyyən qarşıdurma hazırlandığından o, buna etiraz əlaməti olaraq istefa verib. Amma sonradan bəlli oldu ki, o, Hafiz Hacıyevin partiyasının üzvüdür. Hakimiyyət Hafiz Hacıyevin partiyasının üzvünü demokratik düşərgəyə salmaqla müəyyən təxribatlar törətməyə ümid edir. Amma bütün cəhdlərinə baxmayaraq hakimiyyət Milli Şuranı dağıtmağa nail olmadı. Çünki bu gün həqiqətən də hakimiyyətə alternativ bir qüvvə kimi Milli Şura çıxış edir. Çünki Milli Şura Azərbaycanın siyasi qüvvəllərinin çox geniş spektrini əhatə edir. Indiyə qədər belə bir format olmadığını bildiyindən təşviş keçirir. Bundan başqa, Milli Şuraya olan beynəlxalq inam və dəstək hakimiyyətin təşvişini artırır. Düşünürəm ki, hakimiyyətin bütün cəhdlərinə baxmayaraq Milli Şura vahidliyini qorumalıdır. Əgər ölkədə nisbətən demokratik seçkilər keçirilərsə, onun qalibi mütləq Milli Şura olacaq.
– Hakimiyyətyönlü prezidentliyə namizədlərin sayı durmadan artır. Ekspertlər hesab edir ki, bu siyasət ITV-dəki ödənişsiz efir vaxtının demokratik düşərgənin namizədinə mümkün qədər az düşməsi üçün nəzərdə tutulub. Amma o da bəllidir ki, namizədliyi irəli sürülən şəxslərdən xeylisinin heç 4 min imza toplamağa belə imkanı çatmır. Elə bu məqam özü onlardan məhz efir vaxtını daraltmaq üçün istifadə edildiyini deməyə əsas vermirmi?
– Hakimiyyət özünün müxtəlif yollarla parlamentə saldığı, öz əli ilə yaratdığı partiyaların sədrlərini indi irəli sürməklə göstərmək istəyir ki, Ilham Əliyev alternativsiz deyil. Eyni zamanda hakimiyyət çalışır ki, ictimai televiziyadakı efir vaxtını bölməklə real müxalifətə az efir vaxtı düşsün. Bundan başqa, hakimiyyətə seçkilərdə əsas dəstək verən xarici təşkilatlardan biri – Avropa Şurası seçkilərin monitorinqini aparmayacağını bəyan edib. Çünki Avropa Şurasının hakimiyyətdən rüşvət alan nümayəndələri seçkidən sonra normal seçkilərin keçirildiyini bəyan edirdilər. Bu məqam da hakimiyyəti narahat edir. Çünki artıq hakimiyyət pul vasitəsilə özünə beynəlxalq aləmdən dəstəyin olduğu ilə bağlı fon yarada bilməyəcək. Ona görə hakimiyyət seçkiyə bir demokratiklik fonu vermək üçün özünün nəzarətində olan siyasətçilərin namizədliklərini irəli sürüb.
“Hakimiyyətdə ziddiyyətlər yenidən qabaracaq”
– Ekspertlər belə fikri də vurğulayırlar ki, seçkidə çoxlu namizədin qeydiyyatdan keçməsi əslində hakimiyyətdaxili ziddiyyətlərin bir təzahürüdür. Hakimiyyətdaxili qruplaşmaların hər biri seçkidə öz namizədini irəli sürərək ona olan hücumların qarşısını almaqla yanaşı, eyni zamanda ona rəqib olan qruplaşmaya hücumlar etməyi düşünür. Sizcə, bu fərziyyə nə dərəcədə həqiqətə uyğundur?
– Rüstəm Ibrahimbəyov Milli Şuranın vahid namizədi seçildikdən sonra hakimiyyət daxilində bu hadisə böyük təlaşla qarşılandı. Hakimiyyət bir neçə klana bölündüyündən və iqtidarı məhz bu klanlar idarə etdiyindən bu təlaş özünü qabarıq formada göstərməyə başladı. Sonradan Rüstəm Ibrahimbəyovun hüquqi problemləri yaranması üzündən Bakıya gəlişinin yubanması hakimiyyətdaxili ehtirasları qapalı formaya keçirdi. Qapalı formada keçən bu mübarizə seçkidən sonrakı dönəmə hesablanıb. Əslində bu proseslər, hakimiyyətin verdiyi digər qərarlar göstərir ki, Ilham Əliyev iqtidarı vahid komanda formasında idarə edə bilmir. Amma Milli Şuranın vahid ehtiyat namizədi Cəmil Həsənlini seçməsi və onu cəmiyyətə təqdim etməsi hakimiyyət daxilində ziddiyyətləri yenidən gündəmə gətirəcək.
– Belə fikirlər də var ki, hakimiyyət müxalifət namizədlərinin tele-çıxışlarından çox narahatdır. Hakimiyyət bu çıxışlardan sonra əyalətlərdə böyük etirazların qalxacağından narahatdır. Bölgələrdəki hazırkı durumu necə dəyərləndirmək olar? Müxalifətin cəmiyyətə səslənməsi əyalətlərdə hansı proseslərə səbəb ola bilər?
– Hakimiyyət yaxşı bilir ki, cəmiyyətin 95 faizi onlardan narazıdır. Ona görə hakimiyyət cəmiyyətin rəyini nəzərə almayaraq Milli Şuranın qatıldığı seçkilərin nəticələrini saxtalaşdırarsa, bu, hakimiyyət üçün “pir qələbəsi” olacaq. Biz rayonlarda keçirdiyimiz müşavirələrdə bunu hiss etmişik. Artıq regionlarda insanların demokratik seçki ilə dəyişikliklərə inamı itib. Ona görə hakimiyyətin seçkiləri saxtalaşdırması Azərbaycanda idarəolunmuz proseslərə gətirə bilər. Əgər hakimiyyət müxalifəti dinc mübarizədən kənarda qoyacaqsa, onda cəmiyyətdə baş verəcək proseslərə özü məsuliyyət daşımış olacaq.
“İnsanlarla canlı təbliğata üstünlük verəcəyik”
– Artıq Milli Şuranın vahid ehtiyat namizədi seçildi və əgər Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydiyyatı ilə bağlı problem həllini tapmazsa, təşkilat Cəmil Həsənli ilə seçkiyə qatılacaq. Yeni namizədin sənədlərinin hazırlanması və təbliğat işinin qurulmasıyla bağlı görülməli işlərin öhdəsindən gəlmək üçün hansı planlar var?
– Vaxt az qalsa da, yeni namizədin sənədlərinin hazırlanaraq MSK-ya təqdimatı üçün zamanımız var. Yeni namizədin sənədlərinin təqdimatı və imzalarının toplanaraq MSK-ya verilməsi üçün 7-8 gün lazımdır. Qanunda nəzərdə tutulan 45 min imzanın toplanması Milli Şura üçün çətinlik törətməyəcək.
– Ümumiyyətlə, qanuna edilən dəyişikliyə görə, təbliğat üçün cəmi 23 gün ayrılıb. Bu zaman müddəti təbliğatın aparılması üçün kifayətdirmi?
– Əlbəttə, bu zaman yetərli deyil. Amma demokratik qüvvələrin potensialı genişdir. Elə bir rayon yoxdur ki, orada AXCP-nin və ya başqa təşkilatların təmsilçiləri olmasın. Biz insanlarla canlı təmasla təbliğatımızı quracağıq. Hakimiyyət teleməkanı bizim üçün qapatsa da, bizim təbliğatımız insanlar arasında daha ciddi effekt verəcək.
Xəyal