Sabiq rektorun işilə əlaqədar həbs edilən Arzu Kazımova isə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə A. Kazımov son söz deyib. O, özünü təqsirli bilmədiyini, heç bir ittihamın sübuta yetmədiyini qeyd edib: “Mən Elşad Abdullayevin şər-böhtanları əsasında tutulmuşam. Ittihamların heç biri sübuta yetirilməyib. Lakin nə cəza versəniz çəkməyə hazıram. Inanıram ki, məhkəmə ədalətli və cəsur qərar verəcək”.
Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan olunub. A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.
Dünənki prosesdə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin barəsində xüsusi qərardad çıxarılıb.
Məhkəmə onun əməlində cinayət tərkibi olduğunu nəzərə alaraq barəsində xüsusi qərardad çıxarıldığını elan edib. Elsevər Abdullayev barəsində cinayət təqibi başlatmaq üçün xüsusi qərardadın istintaqa göndərilməsi qərara alınıb.
Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır.