Kraliça şahzadəni danladı; dünya mediası isə susmaq bilmir
II Yelizaveta: «Endryunun İlham Əliyevlə yaxın münasibətləri kral ailəsinin nüfuzuna zərbə vurur»
Britaniyanın, eləcə də Avropanın nüfuzlu mətbu orqanlarından olan “The Daily Mail” qəzetində İlham Əliyevi “milyarder diktator” kimi xarakterizə edən məqalə dərc olunduğu haqda “Azadlıq”ın ötən sayında xəbər vermişdik. Yazının müəllifi Daniel Martin York hersoqu şahzadə Endryunu İlham Əliyevlə sıx münasibətlərinə görə sərt tənqid edib.
“The Daily Mail”in məqaləsində İlham Əliyev “insan haqlarını məhdudlaşdıran, vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə pozan, müxalifət təmsilçilərinə qarşı repressiv addımlar atan despot lider” adlandırılıb.
Yayımlanan məqalə Böyük Britaniyanın digər nüfuzlu mətbu orqanı “The Guardian”, “The Independent”, “The Daily Telegraph” qəzetlərində də dərc olunub. Məqaləni müəyyən ixtisarlarla bir sıra ingilisdilli internet qəzetləri də yayımlayıb. Ötən gün “The Guardian” Daniel Martinin “Hersoq və despot: Şahzadə Endryunun milyardlarla dollar varidatı olan qəddar diktatorla ”yaxın dostluğu” adlı məqaləni günün baş xəbəri kimi təqdim edib.
Bundan başqa, Britaniyanın öndə gələn KIV-lərindən “The Daily Mirror” qəzeti də sözügedən məqaləni dərc edib. Ingiltərə mətbuatıyla yanaşı, rusdilli xəbər portalları və sosial şəbəkələrdə də Daniel Martinin İlham Əliyevi və York hersoqu Endryunu hədəf alan məqaləsi yayımlanıb.
“The Guardian” qəzetinin başqa bir xəbərində bildirilir ki, Ingiltərə kraliçası II Yelizaveta York hersoqu Endryunu qəbul edərək, mətbuatda yayılan xəbərlərdən məyus olduğunu söyləyib. Kraliça şahzadə Endryunun Ilham Əliyev kimi diktatorlarla yaxın münasibətlərinin kral ailəsinin nüfuzuna zərbə vurduğunu da York hersoqunun diqqətinə çatdırıb.
II Yelizaveta həmçinin Endryunun Ilham Əliyev və digər despot rəhbərlərlə sıcaq əlaqələrinin Ingiltərə cəmiyyətində pis qarşılanacağını bildirib. O, bu tip xəbərlərin yayılmasının şahzadə Vilyamın toy mərasimi ərəfəsində kral ailəsində dərin üzüntü yaratdığını əlavə edib.
İnformasiya şöbəsi