Salyanın Xələc qəsəbəsindəki 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, hüquq müdafiəçisi İlham Əmiraslanov aclıq aksiyasına başlayıb. Məlumatı “Media forum” saytına İlham Əmiraslanov özü verib.
Məhbus bildirib ki, saxlandığı müəssisədə avqustun 22-si 50 nəfər məhbusun iştirakı ilə məhkəmə keçirilib: “Bu məhbuslar üçdə birlə, ikidə birlə vaxtından əvvəl azadlığa çıxmaq üçün müəssisəyə yazılı müraciət edənlərdir. Dəflərlə müəssisə rəhbərliyinə yazılı və şifahi müraciət etsəm də, müraciətimə heç bir reaksiya olmadı. Bu vaxta qədər müəssisənin daxili nizam-intizam qaydasını pozmamışam. Üstəlik, etmədiyim əmələ görə cəza çəkirəm. Məndən ağır maddələrlə həbs olunan dustaqlar dünənki məhkəmədə üçdə birlə, ikidə birlə azadlığa çıxmaq imkanı qazandılar. Qayda belədir ki, onlar 21 gün müəssisədə qalanda sonra sərbəst buraxılacaqlar.
Azadlığa çıxmağıma 9 ay 15 gün qalıb. Hər ay məni aldadırlar. Hesab edirəm ki, bugünkü mövqeyimdə haqlıyam. Dustaqlar arasında bu ayrı-seçkilik nəyə lazımdır? Bir daha əmin oldum ki, siyasi məhbusam. Əgər belə deyilsə, bu qərəz nəyə lazımdır? Son zamanlar dəstə rəisi mənimlə yaxşı rəftar etmir. Həbsxanada sərbəstliyimə məhdudiyyətlər qoyub. Beynəlxalq təşkilatların təmsilçilərinin, yerli hüquq müdafiəçilərinin mənə baş çəkmələrini xahiş edirəm.
Müəssisə rəisinə aclıq etməyimlə bağlı yazılı müraciət təqdim edəcəm. Ərizədə qeyd etmişəm ki, mənimlə görüşmək istəyənlərə heç bir məhdudiyyət qoyulmasın”.
İlham Əmiraslanov 2010-cu ilin yazında baş vermiş çay daşqınlarının yaratdığı problemlərin həll olunması, daşqınlardan ziyan çəkmiş vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərib, 2012-ci il iyunun 8-də tutulub. Qanunsuz silah saxlamada təqsirli bilinən İlham Əmiraslanov 2 il müddətinə azadlıqdan məhrum edilib.