Hakimiyyətdə ikinci namizəd məsələsi yenidən gündəmə gəldi

Daha bir təşkilat Mehriban Əliyevanın namizədliyini irəli sürdü

Vətən Naminə Xalq Birliyi (VNXB) Hərəkatı builki prezident seçkilərində deputat Mehriban Əliyevanın namizədliyini irəli sürdüyü barədə bəyanat yayıb. “Turan”-ın məlumatına görə, bəyanat müəllifləri namizədlikləri qeydə alınan prezidentliyə iddialıların bəzilərini şəxsi keyfiyyətlərinə, bəzilərini həmin namizədi əhatə edən qüvvələrin xalq arasında nüfuzunu itirmələrinə görə prezident olmağa layiq görmürlər.
Hərəkat prezidentliyə namizədlikləri irəli sürülən bütün iddialıların xalqın tələblərinə cavab verə biləcəklərinə şübhə etdiyini bildirir. Bu səbəbdən M.Əliyevanın namizədliyini ən məqbul sayırlar. Hərəkat apardığı sorğunun nəticələrinə görə M.Əliyevanın xalq arasında böyük nüfuza, etibara malik olduğunu iddia edir, ölkənin bütün problemlərinin öhdəsindən gələcəyini vurğulayır. Həm də M.Əliyevanın bütün rəqiblərinə böyük üstünlükə qalib gələcəyi proqnozu verir. “Xalqın, vətənin gələcəyi naminə M.Əliyevanın namizədliyini dəstəkləyir, bu yolda bütün imkanlardan istifadə etməyi qarşıya məqsəd qoyuruq”, – deyə müəlliflər mövqelərini ortaya qoyurlar.
Müəlliflər qəbul etdikləri qərarın bu günün tarixi tələbindən irəli gəldiyini deyərək, M.Əliyevanın müsbət cavab verəcəyini bəyan edirlər.
VNXB 2013-cü ilin iyununda “Tövbə” cəmiyyətinin, “Imam Hüseyn” dini icmasının sədri Hacı Əbdülün başçılığı altında yaradılıb. Hərəkata “Tövbə” cəmiyyətilə yanaşı, “Bakı-Dirçəliş”, “Azərbaycan Tərəqqi Alyansı” və s. qurumlar daxildir.
VNXB yaradılanda “Azadlıq” yazmışdı ki, bu, Mehriban Əliyevanın namizədliyi ilə bağlı planın tərkib hissəsidir. O zaman hələ Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Əlisahib Hüseynov qanadı Mehriban Əliyevanın namizədliyini irəli sürmüşdü. Lakin Ilham Əliyevin xanımını dəstəkləyənlər iddia edirdilər ki, xeyli sayda ictimai təşkilat var və onlar da bu təşəbbüsə qoşulacaq. Sonradan DADP-ni pərən-pərən salsalar da, görünür, Mehriban Əliyevanın namizədliyi hakimiyyətdə hələ də aktualdır. Əks təqdirdə Hacı Əbdül belə bir bəyanatla çıxış etməzdi.