18 avqust mitinqində hakimiyyətin iyrənc addımı

AQIB mitinqdə döyülən şəhid ailələrilə bağlı bəyanat verdi

Milli Şuranın 18 avqust mitinqində şəhid ailələrinin zorakılığa məruz qalması hakimiyyətin növbəti biabırçılığı kimi yadda qaldı. Belə ki, mitinqdən 1 saat öncə meydana gələn şəhid ailələri polislər tərəfindən təhqir olunub, əllərindəki şəhid portretləri cırılıb, özləri isə Səbail rayon polis idarəsinə aparılıb. Polis idarəsində onlara deyiblər ki, siz mitinqə təxribat törətmək məqsədilə gəlmisiniz. 

Bəli, bu ölkədə şəhid ailəsini təxribatçı adlandıracaq qədər cılız düşüncə sahibləri var.

Atəşkəs Qurbanları Ictimai Birliyi bu hadisə ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir: “18 avqust mitinqində şəhid ailələrinin polis zorakılığına məruz qalması, dövlət üçün utancverici haldır. Bu adamlar Prezident Aparatından tutmuş, digər dövlət qurumlarına qədər müraciət ediblər. Ancaq şəhid ailələrinin müraciətinə baxılmır, onların acısına biganə münasibət göstərilir. Ona görə də bu adamlar mitinqə çıxıb sözlərini demək istəyiblər və bu onların konstitusiya hüququdur”.

Mitinqdə zorakılığa məruz qalanlar şəhid Elşən Novruzovun anası Səbi xanım, şəhid Pərviz Isgəndərlinin anası Kifayət xanım, atası Cahangir bəy, şəhid Ibayev Ismayılın anası Iradə xanımdır.

Atəşkəs Qurbanları Ictimai Birliyi tələb edir ki, Şəhid ailələrinə qarşı qeyri-insani münasibət sərgiləyən polis zabitlərinin kimliyi araşdırılsın və onlar öz hərəkətlərinə görə cəzalandırılsın. Əks halda bu utancverici və insanların qüruruna toxunulan hallarla bağlı beynəlxalq qurumlara da müraciət olunacağı bildirilir.

Bəyanatda təklif olunur ki, Respublika hərbi prokurorluğunda araşdırma aparılsın və işgəncələrə məruz qalaraq dünyasını dəyişən əsgərlərin ölümünün günahkarları tapılsın, dünyasını dəyişmiş əsgərlərin dəfn xərcləri dövlət hesabına həyata keçirilsin, Sığorta pulları təmin edilsin, Şəhid statusunun verilməsi ədalətli olsun və şəhid adlarının əbədiləşdirilməsi üçün müvafiq addımlar atılsın.

Ilham Hüseyn