Ziya Məmmədovun işçilərindən şikayət

Yevlaxda yerləşən 5 saylı nəqliyyat departamentindən narazılıq edirlər

Ağdaş rayonundan bir qrup marşrut sürücüsü “Azadlıq”a müraciət edib. Onlar Yevlaxda yerləşən 5 saylı nəqliyyat departamentinin rəhbəri Murad Səttarov və həmin quruma aid MMC-nin (MMC-nin adı qeyd edilməyib) rəis əvəzedicisi işləyən Adil Ismayılovdan şikayətlənir. Sürücülər yazır: “Murad Səttarovun kadrları necə yerləşdirməsini gözünüzlə görəydiniz.

Nazirliyə yazdığımız ərizə və məktublar yerinə çatmır, ya da nazir onları oxumur. ”Qaynar xətt” də işləmir. Nazirliyə yazılan məktubları oranın işçisi Vətən müəllim Adil Ismayılova göndərir. Aidiyyatı qurumlara göndərdiyimiz məktubları da baxılması üçün Nəqliyyat Nazirliyinə göndərirlər. Orda məktubları nazirin özünə deyil, haqqında şikayət yazılan Adilə və Murada göndərirlər. Nazir may ayında Göyçayda əhali ilə görüşməyə gələndə Vətən müəllimi Ağdaşa göndərdilər ki, sözü olanı siyahıya alsınlar. Adil Ismaylıov və Vətən müəllim necə etdisə, eşitdik ki, nazir dünən Göyçayda olub və artıq Bakıya gedib. Bizi yalandan Bakıya dəvət etdilər və daha sonra dedilər ki, nazir prezidentin tapşırığıyla xaricə səfərə gedib. O gündən etibarən nazir bizimlə görüşməyib. Adil Ismayılov hər dəfə bizə deyir ki, heç kimdən və heç nədən qorxusu yoxdur. Çünki Gəncə ŞIH başçısı Elmar Vəliyev və Yevlaxın icra başçısı Qoca Səmədov kimi “dayı”ları var.

Biz 20 qəpiyə işləyən sürücülərin isə heç bir dayısı və söz deyəni olmadığı üçün elə bil qanunlarımızdan istifadə etməyə hüququmuz da yox imiş. Bu torpaqların qorunması üçün uzun illər soyuq döyüş bölgələrində çox yatmışıq. Amma bu gün Adil və Murad kimilər halal Ağdaş torpağımızı metr-metr bölərək  Sayəddin Cəbiyev və Nemət Hacıyevə satıblar. 

Biz 2010-cu ildən Ağdaşın marşrut xəttində insanlara qulluq göstəririk. Dövlətin müəyyən etdiyi rüsumu da hər ay vaxtlı-vaxtında ödəmişik. Adil Ismayılovun gətirdiyi qəbzlərin üstündə 25 manat 20 qəpik göstərilsə də, o bizdən 60, 80 manat civarında nəqd pul yığıb. Bunun səbəbini soruşanda isə bizə idarənin başqa xərcləri, Murad Səttarova çatası pulun və hətta nazirlə hesablaşdıqlarını bildirdi. Hər ay 20 qəpikdən nə qədər adam dolanırmış.

8 ay öncə Adil Ismayılov Ağdaşda iclas keçirib marşrut xətlərinin kənd və şəhərarası hissəsinin Sayəddin Cəbiyevə satıldığını dedi. Biz də Adil Ismayılovdan dövlətdən alası olduğumuz lisenziyanı üç ay idi ki, istəyirdik. Biz marşrut xəttinə gələndə o bizi aldadıb hər birimizdən 1200, 1500  manat pul almışdı ki, lisenziya və marşrut kartlarını verəcək. 2010-cu ildən bu ilin yanvarına kimi bizə həmin lisenziyanı vermədi. Bu ilin yanvarında isə əlavə olaraq 800 manat pul istədi ki, lisenziyanı Bakıda pulla verirlər. 150 manat dövlət rüsumu, 270 manat da nazirlikdə Çingiz Bəxşiyevə, qalanı da Murad Səttarovla Adil Ismayılova  çatacaq. Iş o yerə çatdı ki, prezidentdən 800 manat borc pul istədik ki, işləyib qaytararıq. Cənab prezident də bizə pul göndərmədi. 

Adil Ismaylıov yolları Sayəddin Cəbiyevlə Nemət Hacıyevə satdığını bildirdi. Yazmadığımız yer qalmayıb. Lisenziya məsələsini həll edən adam tapılmadı. Dövlətin pulunu ödəyib lisenziyamızı ala bilmirik. Bütün qurumlara ərizə göndərmişik. Adil Ismayılov Murad Səttarovla bir çox dəmir barmaqlıqların qapısını qırdığını deyir. Dərdimizi kimə deyəcəyimizi bilmirik”.

Sürücülərin ittihamları ilə bağlı Murad Səttarov və Adil Ismayılovun mövqeyini öyrənməyə çalışdıq. Murad Səttarovun telefonu qapalı idi. Adil Ismayılov sualımızı dinləyib “məndən çox mövqe öyrəniblər” deyərək telefonu qapatdı. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyindən mövqe öyrənmək cəhdlərimiz isə baş tutmadı. 

Sosial şöbə