Hakim partiya niyə aksiya keçirmək istəmir?
Azərbaycan hakimiyyəti seçki ərəfəsində kütləvi aksiyalar keçirməyə tərəddüd edir. Bu barədə “Azadlıq”a iqtidardaxili mənbə bildirib. Mənbənin sözlərinə görə, aksiyalarla bağlı hakimiyyət daxilində dəfələrlə müzakirələr aparılıb. Lakin sonda yekdil qərar əldə olunmayıb.
Bir qrup aksiyaların keçirilməsinə tərəfdardırsa, digər qrup bunun əleyhinədir. Kütləvi aksiyaların əleyhinə olanların arqument təşkilatçılıqla bağlıdır: “Hakimiyyətin mitinqləri inzibati resusrlar hesabına təşkil edilir. Hər kəsə aydındır ki, büdcə təşkilatlarında işləyənlər, tələbələr YAP-ın mitinqlərinə zorla gətirilir. Əvvəlki illərdə hakimiyyət insanları zorla mitinqə gətirməkdən ehtiyat etmirdisə, indi bir az tərəddüd var. Çünki bu il vəziyyət bir qədər başqadır. Digər tərəfdən əvvəlki illərdə belə mitinqə zorla gətirilən insanlar aksiyanın başa çatmasını gözləmirdilər. Aksiyanın yarısında artıq adamların əhəmiyyətli hissəsi dağılışırdı. Insanların tam dağılmaması üçün YAP-ın gəncləri canlı sədd qurmalı olurdular.
Ictimaiyyət dəfələrlə bunun şahidi olub. Bu dəfə isə daha biabırçı olaylar baş verə bilər. Nəzərə alsaq ki, artıq sosial şəbəkələr də Azərbaycanda populyardır və informasiyanın ötürülməsi an məsələsidir, o zaman hakimiyyətin aksiyalar zamanı nələr yaşayacağını təsəvvür etmək çətin deyil. Bu baxımdan hakimiyyətdə aksiyaların əleyhinə çıxanlar çoxluq təşkil edir”. Mənbə əlavə edib ki, aksiyaların maliyyə tərəfi də oliqarxları narahat edir. Ona görə də böyük ehtimalla hakimiyyət seçkini aksiyasız yola verəcək.
İnformasiya şöbəsi