Mən bütün Milli Şura üzvlərinə səslənirəm. Bu qurumu təcili dağıtmaq lazımdır. Əks halda biz insan qatili olacağıq. Çünki Milli Şura təsis olunan gündən YAP fəallarının səhhətində problem yaranıb. Siyavuş Novruzov isə, son anlarını yaşayır. Bu adam bütün müsahibələrində müxalifət liderlərindən, Milli Şuranın fəaliyyətindən danışır. Çox həyəcanlıdır, emosianaldır, aqressivdir. “Yeni Azərbaycan”, “Azərbaycan”, “Səs” qəzetlərində bu adam dayanmadan Milli Şuranı asıb-kəsməklə məşğuldur. Vəziyyət o həddə çatıb ki, bu adam “Rüstəm Ibrahimbəyov kino çəkə bilmir” mesajı verir. Gəlin, bir yapçının qatilinə çevrilməyək. Ona rəhm edin, bu sevdadan vaz keçin.
Siyavuş müəllim bir müddət əvvəl deyirdi ki, Milli Şura ölü doğulmuş uşaqdır. Biz o zaman da dahi yaptokrata anlatmağa çalışdıq ki, “ölünün” dalınca danışmaq yaxşı əlamət deyil. Və aydınlıq gətirməyə çalışmışdıq ki, hakimiyyət niyə ölüdən qorxur?
Dünyada ölü ilə mübarizə aparan ikinci hakimiyyət görməmişəm. Bunlar ölünün cibindən narkotika, evindən avtomat tapır, bunlar ölüyə həbs cəzası verirlər, bunlar həqiqətən analoqsuzluq nümunəsidir.
Ölüdən söz düşmüşkən bildirək ki, Siyavuş Novruzov Milli Şuraya yeni “diaqnoz” qoyub. Novruzov deyib ki, “Milli Şura üzvləri bir yaxşı molla tapsınlar və molla bir fatihə duası oxusun. Milli Şura tabutda olan ölüdür”. Deməli, bir vaxtlar ölü doğulmuş uşaq, özünə tabut da tapıb. “Ölülərin” inkişaf etməsi Siyavuş müəllimi narahat edib.
Ancaq Siyavuş Novruzovun sonrakı fikirləri əvvəl söyldiklərini təkzib edib. O, belə də deyib: “Artıq zaman gedib. Müxalifət getsin bələdiyyə seçkisinə hazırlaşsın”.
Siz bir şey başa düşdünüzmü?
Axı ölünün seçkidə nə işi var Siyavuş müəllim?
Tabutda olan adamın seçkidə iştirak etmək hüququ varmı?
Bəlkə də məsələyə hərtərəfli yanaşsaq, bu fikirdə həqiqət payı tapmaq olar.
Çünki 20 ildir bu hakimiyyətin sayəsində, seçki də, seçici də ölü səssizliyi nümayiş etdirir. Özü seçkiyə getməyənlərin adı seçki qutusunda “rəqs” eləyir. Yaxud nə qədər eşitmişik ki, ölmüş adamların adına kompensasiya verilib. Bu cür faktlar minlərlədi.
Mətləbdən uzaqlaşmayaq. Deyəsən, Siyavuş Novruzov Milli Şuranı öldürməkdə israrlıdır. Bu adam alternativlərə nifrət edir, tənqiddən iyrənir, hakimiyyətdən getməyi ölümə bərabər sayır. Düşünür ki, yaşamaq üçün mübarizə aparmaq lazımdır.
Düzdür, bu “Ölülər” romanının yazılmasında Əli Əhmədovun, Mübariz Qurbanlının da qələminin mürəkkəbi zəhmət çəkir, amma bu romanın ağırlığı nədənsə Siyavuş müəllimin üzərinə düşüb.
Fikir vermisinizsə, bu adamlar hər cümlədən sonra “YAP-ın namizədinin alternativi yoxdur” söyləyir. Sanki bu ifadə duadan sonra “amin” kimi qəbul edilir.
Cənab yaptokratlar, biz bilirik ki, sizin namizədinizin alternativi yoxdur. Xalq da bilir ki, sizin namizədiniz alternativsizdir. Çünki siz də, biz də bilirik ki, rəqibsiz qalibiyyət mütləqdir, qeyri-şəffaf yarışda sizə bərabər olan tapılmaz.
Düşünürəm ki, Milli Şura təcili sessiya keçirməli və bu həssas məsələyə biganə qalmamalıdır. Çünki bizim mübarizəmiz dinc mübarizədir, biz vətəndaşlarımızın ölümünü istəmirik, daha bir professorun itirilməsinə razı ola bilmərik.
Yəni Siyavuş Novruzovun xətrinə demokratiyadan, hüquqdan, zalımla mübarizədən, ləyaqətli yaşamdan imtina edək. Təki o ölməsin.
Yaşasın bizi yaşamaqdan məhrum edən YAP!!!