Müxalifətin yeni adayı

Demək, belə. R.Ibrahimbəyovun gəlməyəcəyi gələcəyindən daha artıq gerçəyə çevrilməkdə, inandırıcı görünməkdədir. Onu qaldırmağa, ona (onunla birlikdə özümüzə – ölkəmizə) uğurlar qazandırmağa yönəlik neçə yazı yazdım. O yazılara görə yaxın-uzaq çoxlarından çoxlu alqış qazandım (qınaqlar da oldu). O başdan bu başa məndə quşqu doğuran bir çox faktlara, görsənişlərə, eləcə də bizi Rüstəm Ibrahimbəyovun – uzun illər müxalifət düşərgəsində deyil, antimüxalifət düşərgəsində boy göstərən bir kimsənin – ayağına getməyə sürükləyən nədənlərə toxunmadım. Quşqularımı dilə gətirməklə, bir sıra nədənləri açıb-ağartmaqla ellik qazancdan çox ellik itki olacağını düşündüm. Bir də,  analiz, sintez qanacağı, proqnoz umacağı olmayanların qanan qanmazlıqla haray-həşir salacaqlarını, ÖZLƏRININ bəri başdan stimullaşdırdıqları uğursuzluqla bağlı məni suçlu sunacaqlarını göz altına aldım. Sağlıq olsun, hər nəyi öz adı ilə çağırma çağına çox qalmayıb…

Yayılan bilgilərə görə, tezliklə müxalifət özünə yeni TƏK ADAY seçəcək. Bilindiyi kimi, tək aday olaraq üzərində durulacaq bir sıra kimsələrin adı çəkilir. Ölkəni, müxalifəti, müxalifətiçi çarpışmaları yaxından izləyən-bilən-tanıyan birisi kimi mən tək adaylığa adı çəkilənlər arasında ortaq baxışlar-istəklər baxımından ən əlverişli Cəmil Həsənlini sayıram. Rüstəm Ibrahimbəyov personasından sonra Cəmil Həsənli personası indiki ortamda müxalifət üçün uğur faktoruna çevriləcək başlıca personalardan biri, məncə, indilikdə birincisidr. Bir çox parametrlər baxımından R.Ibrahimbəyov olduqca keçərli uğur faktoru idi. Ancaq… onunla bağlı baş verənlər bəllidir, bir daha deyirəm, indilikdə mən bir sıra nəsnələri açıq-ağartmaq istəmirəm…

Bəllidir, C.Həsənli R.Ibrahimbəyov deyil. Ölkə dışında O boyda ad-sanı, o genişlikdə (qlobal xarakterli) ilişkiləri yoxdur. Ancaq biz indi burasını da görürük: “o boyda ad-san, o genişlikdə ilişkilər” R.Ibrahimbəyova gərəkən uğurları qazandıra bilmədi. Onun uzun sürən (sonu görünməyən)  Amerika, Avropa turneləri də ona gərəkən uğurları gətirmədi. Sözsüz, bu yalnız qabaqcadan bilməli olduqlarını “sonradan bilən” R.Ibrahimbəyovun suçu deyil, burası daha çox çağdaş dünyada çoxlu qlobal uğursuzluqlara gətirib çıxaran imperialist xarakterli praqmatizm, REAL POLITIKA prinsiplərinin kəsinliklə üstünlük qazanmasına bağlı suçdur. Biz bu yerdə eləcə R.Ibrahimbəyov, eləcə müxalifət olaraq uduzmadıq; biz bi yerdə demokratikləşmə yolu ilə yaxın gələcəkdə yaranacaq Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycan olaraq uduzduq. Bu bizim bəlli düşmənlərimizin, dünyanın üstün güclərinin uzun çağlardan bəri istəmədiyi Azərbaycandır. Bizim R.Ibrahimbəyovla bağlı bəlli qlobal umacaqlarımız, demək olar, boşa çıxdı. Bilindiyi kimi, bu işdə hakimiyətlərini qoruyub saxlamaq üçün Azərbaycanı bütünlüklə bazara çıxaran kimsələr böyük rol oynadılar. “Demokratik dünyanın” indiki yalançı “narahatlığı”, Azərbaycanın bütünlüklə yenilib alver obyektinə çevrilməsindən doğan RAHATLIĞA bağlıdır. 

Bizdə indi hər nəyin itirildiyini düşünənlər, deyənlər çoxdur. Elə deyil. Biz ölkə olaraq, müxalifət olaraq bu arada böyük bir aşamanı aşdıq. Rejim aylardan bəri bütün məhkəmə-hüquq, informativ resursları ilə R.Ibrahimbəyovun üzərinə gedərək onu, onunla birlikdə “Rusiyanın adamını”, özünə tək aday seçmək istəyən, sonra da seçən müxalifəti gözdən salmaq üçün ardıcıl çalışmalarda bulundu. Rejim Kinematoqrafçılar birliyindəki hansısa əyər-əskiklərə görə R.Ibrahimbəyova cinayət işi də açdı. Bütün bunlardan sonra ortaya TƏK ADAY olaraq Cəmil Həsənli kimi damğa vurulması, cinayət işi açılması çətin bir kimsənin çıxarılması istər-istəməz rejimin uğursuzluğu, müxalifətin uğuru deməkdir. Biz hamılıqla bu uğurun arxasınca getməyə borcluyuq!