“Rusiya vətəndaşlığından çıxmaqla bağlı iyulun 8-də müraciət etmişəm, ABŞ-da yaşamaq iznim isə yoxdur”
Milli Şura sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması ilə bağlı yeni qalmaqallı məlumat yayılıb. “virtualaz.org” saytı yazıb ki, Rusiya Federal Miqrasiya Xidmətinin Mətbuat Xidmətinin əməkdaşı Zalina Vladimirova onların sorğusuna cavabında Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etmək barədə avqustun 13-də müraciət etdiyini və onun ABŞ-da yaşamaq izni olduğunu, buna görə də ABŞ-a sorğu göndəriləcəyini bildirib.
Məlumatla bağlı “Yeni Müsavat” qəzeti Milli Şura sədri ilə əlaqə saxlayıb. Rüstəm İbrahimbəyov bu məlumatı təkzib edib. Bildirib ki, Rusiya hökumətinə vətəndaşlıqdan çıxmaqla bağlı iyulun 8-də müraciət edib: “Mən iyulun 8-də müraciət etmişəm, amma Rusiya hökumətinin öz qanunları var. Müraciəti məndən qəbul edəndə əlavə sənədlər istədilər. Həmin sənədlər mənim Rusiya hökuməti qarşısında öhdəliklərimin olub-olmaması ilə bağlı idi. Bu sənədlərin toplamaq üçün onlar rəsmi məktublar göndəriblər. Vergi İdarəsinə edilən müraciətə avqustun 12-də cavab gəlib, dünən isə Rusiya Daxili İşlər Nazirliyindən cavab gəlib. Mən dünən həmin sənədin surətini Bakıya göndərmişəm. Eyni zamanda başqa sənədlər gəlib və bütün bu sənədlər gələndən sonra avqustun 13-də bütün sənədlər toplanandan sonra bunlar mənim iyulun 8-də yazdığım məktubu qəbul ediblər. Bu mənim müraciətim deyil, müraciət iyulun 8-də olub. Amma Miqrasiya Xidməti bu sənədləri avqustun 13-də qeydiyyatdan keçirib”.
R.İbrahimbəyov ABŞ-da yaşayış izninin olması ilə bağlı deyilənləri də təkzib edib. Bildirib ki, Miqrasiya Xidmətində belə bir məsələ olmayıb və onun ABŞ-da hər hansı yaşayış izni yoxdur: “Yalandır. Mən Amerikada yaşamıram. Orda yaşayış iznim yoxdur. Başdan ayağa yalandır”.