Vahid Məhərrəmov: «10 faizlik artım istehlak mallarının qiymətinin qalxmasında özünü göstərəcək»
Dövlət başçısı Ilham Əliyev bir sıra büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınır. Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Görəsən, 10 faiz artım Azərbaycan əhalisinin həyatında hansı dəyişikliyi edəcək?
Ekspert Vahid Məhərrəmov qeyd edir ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda insanların aldığı əməkhaqqı çox aşağıdır. Bir sıra qonşu ölkələrlə, həmçinin Avropa dövlətlərilə müqayisədə bizdə istehlak qiymətləri həddən çox yüksəkdir: “Rusiya, Ukrayna, Belarus, Qazaxıstanla müqayisədə də Azərbaycanda əməkhaqqı aşağıdır. Bu baxımdan insanların alıcılıq qabiliyyəti onsuz da aşağıdır. Qeyd edim ki, əməkhaqqının 10 faiz artımı bir çox hallarda istehlak mallarının qiymət artımında müşahidə ediləcək. Təəssüf ki, Azərbaycan istənilən səviyyədə mal-məhsul istehsal etmir. Idxaldan asılı və idxalın da inhisarda olduğu üçün artırılan vəsait istehlak mallarının qalxmasına görə hiss olunmur. Maaşlarını artırsalar da, insanlar onu əvvəlki qaydada istehlak, əsasən də ərzaq mallarına xərcləyəcəklər. Biz ətin qiymətinin qalxdığını müşahidə edirik, yaxınlarda süd məhsullarının qiyməti də artacaq. Digər kənd təsərrüfatı məhsullarının qiymətinin də artacağı gözlənilir. Bu da ölkədə özümüzü təmin edəcək qədər məhsul istehsal etməməyimizlə əlaqədardır. Əsasən idxaldan asılı Azərbaycanda idxal inhisarda olduğu üçün inhisarçıların marağı daha çox gəlir əldə etməkdən ibarətdir. 10 faiz artım istehlak mallarının 10 faiz qalxmasında özünü göstərəcək. Bu da insanların büdcəsinə müsbət təsir etməyəcək”.
Nigar