«Azərbaycan bir adama məxsus deyil»
Azərbaycan hakimiyyəti ötən həftə Cənubi Azərbaycan Milli Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının ölkəyə girişinə imkan vermədi. Bakı beynəlxalq hava limanının vəzifəli şəxsi Çöhrəqanlını “Yenə niyə gəlmisiniz?” sualı ilə qarşılayaraq onun adının arzuolunmaz şəxslər və təşkilatlar siyahısına daxil edildiyini deyib. Bir neçə saat hava limanında saxlanıldıqdan sonra M.Çöhrəqanlının sənədləri təyyarə ekipajına təhvil verilib, baqajı isə onun son 10 ildir siyasi mühacirətdə yaşadığı ABŞ-a qaytarılıb.
“Onlar mənə düşmən kimi yanaşdılar. Bu satqınlıqdır, … məni sadəcə alçaltdılar”, deyə Çöhrəqanlı Turan-ın Vaşinqton müxbirinə bildirib. Iran rejimi ilə möhkəm siyasi və iqtisadi əlaqələr quran Türkiyə də ötən ilin noyabrında Çöhrəqanlının Istanbul aeroportundan deportasiya edib.
Azərbaycanlıların hüquqlarının müdafiəsinin tərəfdarı olan Çöhrəqanlı Tehran rejiminə qarşı mübarizədə ən nüfuzlu fiqurlardan biri kimi qəbul edilir. O həbs edilib, həbsxanada işgəncələrə məruz qalıb. 2000-ci ildə beynəlxalq ictimaiyyətin uzunmüddətli və israrlı tələblərindən sonra sərbəst buraxılıb. 2006-cı ildən etibarən o, Azərbaycana buraxılmır. Bu dəfə hakimiyyət deportasiyanı “sənədlərdə pozuntularla” izah edib. “Bu, yalandır. Səfərdən 8 gün əvvəl bütün lazımi sənədlər Azərbaycan səfirliyinə təqdim edilib. Onlar hətta mənə Bakıda otel sifariş etməyi təklif ediblər. Baxmayaraq ki, mən dostlarımın yanında qalmağı planlaşdırırdım. Dörd dəfə səfirliyə müraciət etdim, mənə dedilər ki, viza almasam belə, Bakı aeroportunda mənə viza veriləcək”, deyə o bildirib.
Çöhrəqanlının deportasiyası Tehranda müsbət qarşılanıb, burada Azərbaycanın addımları alqışlanıb. Baş verənlərə baxmayaraq, Çöhrəqanlı Azərbaycan səfirliyindən viza almaq üçün yenidən ərizə vermək niyyətindədir: “Azərbaycan mənim vətənimdir və mən inciməyəcəyəm. Azərbaycan və Türkiyə bir şəxsə məxsus deyil”.