Misir və ABŞ Ərdoğanı ittiham etdi

«Qərbin agentindən vətənpərvərlik dərsi almağa ehtiyacımız yoxdur»

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misir olaylarına münasibət bildirərkən deyib ki, rəsmi Ankarada Israilin Məhəmməd Mursinin devrilməsində rolunun olduğu barədə sənədlər var. Baş nazir Misirdə baş verən hadisələrin arxasında Israilin dayandığını bildirib. 

Ağ evin sözçüsü Coş Ernest Ərdoğanın bu fikirlərinin əsassız olduğunu deyib: “Baş nazirin Misirdə tüğyan edən olaylarda Israilin əlinin olması ilə bağlı səsləndirdiyi fikirləri qəbul etmirik. Misir olaylarında Israilin əlinin olması tamamilə əsassız və yanlışdır”. 

C.Ernest bu cür fikirlərin bölgədəki ölkələr arasında işbirliyini pozmaqdan başqa heç nəyə xidmət etməyəcəyini də vurğulayıb. 

Ərdoğanın iddialarına rəsmi Qahirədən də cavab gəlib. Misirin Prezident Adminstrasiyasının sözçüsü “Qərbin agentindən vətənpərvərlik dərsi almağa ehtiyacımız yoxdur” deyə, Ərdoğana cavab verib(“Olaylar”).