Vaşinqton Məhəmməd Bədiinin həbsini pisləyib
Misir məhkəməsi “Müsəlman qardaşlar”ın dini lideri Məhəmməd Bədiinin həbs müddətinin daha 15 gün uzadılmasına qərar verib. M.Bədii avqustun 20-də etirazçıları qətlə yetirməyə təhrik etmək ittihamı ilə saxlanılıb. Onun məhkəməsi avqustun 25-də başlayacaq. 70 yaşlı M.Bədii hazırda Qahirənin ətrafında yerləşən “Tora” həbsxanasında saxlanılır. Mahmud Ezzat “Müsəlman qardaşlar”a müvəqqəti lider təyin olunub. Rəsmi Vaşinqton M.Bədiinin həbsini mənfi qarşılayıb. Bunu Ağ Evin nümayəndəsi Coş Ernest bəyan edib. Ağ Ev hesab edir ki, Misir hakimiyyəti siyasi proseslərin aparılması qaydalarını pozur.
Dünən “Müsəlman qardaşlar”ın fəal üzvlərdən Safqat Heqazi Liviyaya qaçmağa cəhd edərkən saxlanılıb. Digər saxlanılan şəxs isə “Müsəlman qardaşlar”ın mətbuat katibi Murad Əlidir. O, Italiyaya uçmaq istəyərkən Qahirənin hava limanında saxlanılıb.
Misirin baş naziri ölkədə demokratik sistemin qurulması üçün keçid dövrünün 6-9 ay çəkəcəyini bildirib. Hazim Əl-Bəblavi müvəqqəti hökumətin Misirdə demokratiyanın bərpa olunması üçün çalışdığını deyib. NBC televiziyasına müsahibə verən əl-Bablavi qeyd edib ki, Misirin yeni Konstitusiyası hazırlanacaq. Bunun üçün ölkədə referendum keçiriləcək və seçkilərdə çoxlu sayda xarici müşahidəçinin iştirakına çalışılacaq(APA).