“Qızıl və gümüş medal alanların balları açıqlanmalıdır”

Etibar Əliyev: «Belə keyfiyyətsiz təhsilə bu qədər «qızıl» və «gümüş» yaraşmır»

Bu il orta məktəbi bitirən məzunlardan 238-i qızıl, 10-u isə gümüş medala layiq görülüb. Maraqlıdır ki, məzunlara medallar ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri bəlli olandan sonra təqdim edilib. Görünür, son illər orta məktəbi əla və yaxşı qiymətlərlə başa vuran bəzi məzunların imtahanlarda göstərdiyi acınacaqlı nəticə müvafiq qurumları çətin duruma salıb. 

Qeyd edək ki, Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən verilir. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.

Qızıl və ya gümüş medalların təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. Bununla yanaşı, həmin namizədlər nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər olmalıdır.

Qızıl və gümüş medalların heç bir çəkisi olmaması onların hansı məqsədlə verilməsi sualını ortaya çıxarır. Xatırladaq ki, sovet vaxtında orta məktəbi medalla bitirənlər ali məktəbə qəbul zamanı müəyyən güzəştlər əldə edirdi. Indi isə bu qayda yoxdur. Belə olan halda qızıl və gümüş medala ehtiyac varmı?

Təhsil üzrə ekspert Etibar Əliyev Təhsil Nazirliyinin “qızıl” və “gümüş” medallların verilməsində tələsikliyə yol verdiyini deyir. Çünki orta məktəblərdə çox ciddi qiymət şişirdilməsinə yol verilir. Yuxarı siniflərdə şagirdlərin tam əksəriyyətinin dərslərdən yayınması və repetitor yanına getməsi halları barədə hamının məlumatı var: “Necə ola bilər ki, dərsə gəlməyən uşaqların nəticələri ”əla” qiymətləndirilsin? Qızıl medal alanların siyahısı TQDK-nın keçirdiyi imtahandan bir müddət sonra açıqlanmalı idi. Çünki vaxtaşırı bu qurum bəyan edir ki, orta məktəb qiymətləndirilməsi ilə qəbul imtahanlarının nəticələri uyğun gəlmir. Məsələn, yaxın tədris ilinin birində əlaçı abituriyentlərin 15 faizi 0-200 bal toplamışdı. Bu, həqiqətən biabırçılıq idi”.

Ekspertin sözlərinə görə, TQDK təcili qızıl və gümüş medal alanların ballarını cəmiyyətə təqdim etməlidir. Əks təqdirdə nəticələrə edilən şübhələr dərinləşə bilər. Əgər məsələ tələsik idisə, heç olmasa qızıl medala namizədlərin sınaq imtahanlarındakı nəticələri nəzərə alınmalı idi. 

Saxtakarlığı elə Təhsil Nazirliyinin məsul şəxsi edib. Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların Idarə Olunması şöbəsinin müdiri Fərzəli Qədirovun oğlu Fərid Qədirov elə anasının rəhbərlik etdiyi 164 saylı orta məktəbdə ona yazılan əla qiymətlərin hesabına qızıl medal alıb. Sonra isə qəbul imtahanından 473 bal toplayıb. Təkcə bu fakt onu göstərir ki, qiymət şişirdilmələri ekspertiza olunmalı və cavadeh şəxslər cəzalandırılmalıdır. Qiymət şişirdilməsinin məsuliyyəti Bakı şəhər Baş Təhsil Idarəsi və rayon təhsil şöbələrinin üzərinə düşür.

Maraqlıdır ki, orta məktəblərdə əlaçı olanların sayı 238 nəfərdən bir neçə dəfə çoxdur. Bu ayrı-seçkilik barədə kimsə cəmiyyətə arayış verəcəkmi? Burada başqa meyarların rol oynaması şübhə doğurmurmu? Bundan başqa, bu qədər keyfiyyətsiz təhsilə bu qədər “qızıl” və “gümüş” yaraşırmı?”.

Fizzə