Əhməd Əhmədzadə və Alı Alıyevin kadr islahatı

Füzuli sakini dövlət qurumlarından qanunsuzluqlara qarşı tədbir görmələrini tələb edir

Füzuli rayon sakini, hazırda Biləcəridə məskunlaşan Saday Rüstəmov rayondakı qanunsuzluqlardan şikayətçidir. O, müxtəlif qurumlara saysız məktublar göndərsə də durum dəyişmir. Bir çox qurumlarsa, ümumiyyətlə, məktublara cavab vermir. O, maliyyə naziri Samir Şərifova və ombudsman Elmira Süleymanovaya yazdığı məktublara cavab almadığını deyir. 

“Alı Alıyevi rayonumuza icra başçısı vəzifəsinə Əhməd Əhmədzadə təyin etdirib. Bu təyinat keçmiş iş birliyindən, dostluqdan qaynaqlanır. Bu dostluğun tarixisə ötən əsrin sonlarına gedib çıxır. 1992-ci ildə bir çox rayonlarda olan dövlət çevrilişi Füzulidə də baş vermişdi. Həmin dövlət çevrilişində iştirak edən əsas fiqurlardan biri də Alı Alıyev olmuşdur. Mən həmin dövrdə Füzuli rayon icra hakimiyyətində iqtisadiyyat şöbəsində işləyirdim. Onun çevriliş ortaqları Şakir Hacıyev, Məhərrəm Nəzərov (mərhum), Əsgər Şıxalıyev, Füzuli Rayon Kapitalbankın müdiri Camal Ocaqverdiyev, Qənimət Əliyev və başqaları idi. Onlar çevriliş istəklərini Kazım Ibişov və Səfa (ləqəbi Yapon) adlı batalyon komandirinin əli ilə həyata keçirdilər. Çevriliş xəbərini eşidib icra hakimiyyətinə yollandım. Bina hərbçilərin nəzarəti altında idi. Bütün mərtəbələrdə əsgərlər dayanmışdı. Icra başçısı yerində rəhmətlik Kazım Ibişov oturmuşdu, otağa yığışanlar çıxış edirdi. Həmin vaxt Alı Alıyev də odlu-alovlu çıxış etdi. O vəd verdi ki, Füzuli rayonunun işğal olunmuş ərazilərini düşməndən geri almaq üçün öz vəsaiti hesabına 2 ədəd MIQ qırıcı təyyarəsi alacaq. Təşəbbüs çoxlarının xoşuna gəldi, amma Alı Alıyev çıxış edən zaman Əsgər Şıxəlıyev əyilib Kazım Ibişovun qulağına nəsə dedi. Bununla da vəziyyət dəyişdi. Kazım Ibişov yumruğunu stola vuraraq dedi: 

– Ə, saxla, özüməm, özüm də oturmuşam. Durun basın bayıra!

Bəlli oldu ki, bu adamlar çevriliş üçün Kazım Ibişovdan vasitə kimi istifadə etmək istəyiblər. Kazım rayonda çox tanınmış və qorxmaz adam idi. Deyəsən, onlar bunu nəzərə almamışdı. Beləliklə, Kazım Ibişov onların planının iştirakçısı olsa da, istəklərinin əleyhinə getdi. Çevrilişdən sonra 45 gün fərmansız icra başçısı vəzifəsində işlədi. 45 gündən sonra dövlət başçısı Heydər Əliyevin fərmanı ilə devrilmiş icra başçısı Nofəl Qasımov işdən azad olundu və onun yerinə Nəbi Muxtarov təyin edildi. Çevriliş iştirakçıları isə hamısı istintaqa verildi. Maraqlıdır ki, çevrilişdə iştirak edənlərdən Kazım Ibişov və Səfa(Yapon) həbs edildi. Alı Alıyev və başqaları sudan quru çıxdı.

1992-ci ilə qədər Alı Alıyev Füzuli rayonunda “Aqroprom”un sədri vəzifəsində işləyib. Həmin ərəfədə Respublika “Aqroprom”unun, səhv etmirəmsə, Sabirabadda keçirilən zona müşavirəsində kollegiyanin qərarı ilə (işdə yol verdiyi nöqsanlara, yeyintiyə görə) vəzifəsindən azad edilmişdi. Burda daha bir maraqlı məqam Alı Alıyevin bioqrafiyasındakı bu ləkəni məhkəmənin əliylə təmizləməsidir. Alı Alıyevi “Aqroprom”a sədr vəzifəsinə Füzuli Rayon Partiya komitəsinin birinci katibi işləyən Əhməd Əhmədzadə gətirmişdi. Alı rayonda həmişə onun bir nömrəli adamı olub. Işlədiyi müddətdə kənd təsərrüfatı və heyvandarlığa böyük ziyan vurub. Məhz Əhməd Əhmədzadənin göstərişi ilə Füzuli Rayon Məhkəməsinin hakimi Şəkər Məmmədova(indi Ağır Cinayətlər üzrə Məhkəmədə hakim) Azərbaycan Respublikası “Aqraprom”un kollegiya iclasının qərarını ləğv edərək Alı Alıyevin əmək kitabçasını təmizlədi. Rayon məhkəməsinin kollegiyanın qərarına baxmağa səlahiyyəti yoxdur. Dövlət başçısına, Ali Məhkəmənin sədrinə, Baş prokrora və bütün aidiyyəti orqanlara müraciət edirəm. Rayon Məhkəməsi Respublika Baş “Aqroprom”unun kollegiya qərarını ləğv edə bilərmi? Bəs onda hara baxırsınız?

Əmək kitabçasını təmizlətdirdikdən sonra Əhmədzadə Alı Alıyevi Füzuli rayonu üzrə su təsərrüfatına rəhbər təyin etdi. Korrupsiya ortaqlığı, rüşvət dostluğu nəhayət Icra başçısı təyinatı ilə yekunlaşıb. Rayon Əhmədzadənin nəzarətindədir. Bütün kadrlar vəzifəyə onun göstərişi və razılığı ilə təyin olunur. Məsələn, Əhmədzadənin vaxtında internat məktəbinin direktoru işləmiş və birinci katiblə yaxşı münasibətləri olan Almaz Həşimova “Azərsu” prezidentinin göstərişi ilə rayon təhsil şöbəsinə müdir təyin olundu. Almaz Həşimova müdir təyinatından sonra 254 müəllimi ixtisara salıb. Bu müəllimlərdən, demək olar, heç birini əlavə iş yeri ilə təmin etməyib. Edilən şikayətlərin, müraciətlərin də heç bir faydası yoxdur. Çünki A.Həşimovanın arxasında Əhməd Əhmədzadə dayanır. Mən rayon Maliyyə Idarəsinin müdiri Dilavər Əliyevə və onun özünə dəfələrlə müraciət etmişəm. Onlar Azərbaycan Konstitusiyasının 50 və 57-ci maddələrinə hörmətlə yanaşıb  mənə cavab belə vermək istəmirlər. Dövlətin və onun büdcəsini talayan, dağıdan adamlara niyə bir söz deyilmir? Dövlət qurumları hara baxır? Mən rayondakı bu və başqa qanunsuzluqlarla bağlı məsələni dəfələrlə aidiyyəti qurumlar qarşısında qaldırmışam. Çox təəssüf ki, hakimiyyət orqanları bu günə qədər heç bir tədbir görməyib. Rayondakı çevrilişin iştirikçılarından biri olan Şakir Hacıyev Füzulinin qoyunçuluq birliyinin müdiri olub. Həmin vaxt birliyin 25 min qoyunu vardı. AXC hakimiyyəti vaxtı icra başçısı Şakir Abbasov birliyi yoxlatdırdı. Bəlli oldu ki, 25 mindən cəmi 160 qoyun qalıb. Yoxlamanın nəticələri rayon prokurorluğuna verildi. Ancaq hakimiyyətin devrilməsi Şakir Hacıyevi cəzadan qurtardı. Budur, Əhməd Əhmədzadə – Alı Alıyev cütlüyünün kadrları.

Bu kadrlardan biri də Füzuli rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Qənimət Əliyevdir. O, bu vəzifəyə gələndə özünü Moskva Dövlət Univerisitetinin Hüquq fakültəsininin 2-ci kurs tələbəsi kimi təqdim edib. Lakin şöbənin müdiri olandan bu günə qədər bir dəfə də olsun Moskvaya təhsilini davam etdirməyə getməyib. Belə düşünürəm ki, onun, ümumiyyətlə, heç bir ali təhsili yoxdur. Bunlardımı YAPın “savadlı” kadrları? Alı Alıyevin humanitar sahə üzrə müavini aqronomdur. Aqronom müəllim və həkimlərə rəhbərlik edir?! Başçının ticarət xidmət sahələri üzrə nümyəndəsi- təlimatçısı tikinti işçisidir. Təlimatçılardan, nümayəndələrdən bir neçəsi musiqiçidir, nağaraçıdır. “Çal oynasın Əjdər əmi” – bu gün Füzuli rayonunda durum belədir”.

Sosial şöbə