Sifət kolleksiyaçıları

Müxtəlif zamanlarda, müxtəlif insanların öz əqidəsinə, komandasına, vicdanına xəyanət etdiyinin şahidi olmuşuq. Bir sözlə, xəyanət nümunələri hər zaman bizi müşayiət edib. Bu xəyanət siyasətdə daha qabarıq və daha iyrənc şəkildə özünü göstərir. Özünü müxalifət adlandırıb, hakimiyyətin ünvanına zərrə qədər tənqid yağdıra bilməyənlər, öz komandasına xəyanət edəndən sonra “cəsarət”lənir. Bəzən ölkə telekanallarına müsahibəsində, bu tip insanlar özlərini  kişi, ağıllı, müdrik kimi qələmə verməyə çalışırlar. Dünənə qədər təmsil etdiyi komandanı yıxıb sürüyür, müxalifətin uğur qazanmayacağını iddia edir, ölkədə müsbət dəyişikliklərin müşahidə eildiyini dilə gətirir.

Aydın olur ki, qorxu və “nəmər” satılmışları cəsarətləndirən amildir. Çoxları deyə bilər ki, müxalifəti tənqid etməyə cəsarət lazım deyil. Mən də bu fikirlə razıyam. Əli Kərimlini tənqid etmək, ona böhtan atmaq, heç bir təhlükə vəd etmir. Sadəcə olaraq bu adamlar özlərində cəsarət tapıb, keçmişlərini unuda, bir vaxtlar dediklərini dana bilirlər. Bəlkə də həya hissinin itirilməsi, insana “cəsarət” bəxş etməyə xidmət edir. Ötən gün ANS telekanalında Qabil Hüseynli qonaq idi. Müxalifət haqqında elə danışırdı ki, elə bil 2010-cu ilin parlament seçkilərində Isa Qəmbərin yanında boynunu büküb duran adam deyil. Parlament seçkilərindən sonra isə, Qabil Hüseynlini metroda görürdüm. Çox kədərli idi və seçkilərin nəticəsi ilə bağlı bu yazıda ifadə edə bilməyəcəyim kobud bir ifadə işlətdi. Həmin an düşünə bilmirdim ki, bu adam az müddətdən sonra müxalifət haqqında başqa planet haqqında danışırmış kimi danışacaq. Düzdür, hələ o zamanlar da Qabil Hüseynlinin müxalif düşərgədə olmasına etiraz edənlər, onu qeyri-sağlam qüvvə hesab edənlər var idi. Mənim kimilər isə, həmişə insanların “səmimi”liyinə inanır. Əslində bu qəbildən olan “cəsarətli”lərin geniş siyahısını təqdim etmək olar. Onlar çoxdular və masqalarını dəyişə-dəyişə dövr edirlər. Bəziləri üçün hər zaman pul və vicdan arasında seçim eləmək çətin olub. Vicdanı nəfsinə satılmışların şərin komasına işıq saçması təbiidir. Mən bu tip insanlara ona görə nifrət etmirəm ki, onlar tutduqları yola xəyanət edib. Mən ona görə nifrət edirəm ki, bu adamlar özlərinə, övladlarına, övladlarının sabahına xəyanət edirlər. Çünki bu adamların ləkəli bioqrafiyası hər zaman yaxınlarını təqib edəcək. Burda heç bir bəhanə bəraət sayılmır.

Tutaq ki, müxalifətin strategiyasını, bu düşərgədəki bəzi insanları qəbul etmirsən, tutaq ki, bu mübarizəni səmərəsiz hesab edirsən. Bütün bunlar oğruya əl çalmaq üçün əsas verirmi? Hünərin çatıb bu yolu axıra qədər gedə bilmirsən, heç olmasa susmağı bacar. Daha Ilham Əliyevin şəninə təriflər nə deməkdir, müxalifət liderlərinə şər-böhtan atmaqla nəyi sübut etmək istəyirsən? Səhv etmirəmsə Halvetsinin sözüdür:

“Tərifə layiq olanları tərifləmək çox çətindir”. Bu “vicdan”lı satılmışlar isə, tərifə layiq olmayanları asanlıqla tərifləyib, “nəmər” gözləmək yolun tutublar. Həmişə deyirəm ki, bu hakimiyyət bizə bir xidmət göstərib, o da insan psixologiyasının elmə məlum olmayan sirlərini praktiki nümayiş etdirməkdir. Biz öyrəndik ki, bu ölkədə pulun, maşının, antikvar əşyaların kolleksiyasını yığanlarla yanaşı, sifət kolleksiyası yığanlar da var. Hər gün sifətini dəyişib, yeni kosmetik forma almağı özünə peşə seçənlər var. Indi isə satılmışlar Milli Şura layihəsində öz rollarını ifa etmək üçün “qrim” otağına giriblər. Yəqin öz rolunu mahir ifa edənlər “Şərəf” ordeni alacaq.