Bizim siyasətçilər, demokratik düşərgənin fədakar insanları çox nikbin görünsələr də həmin nikbinliyi bölüşmək mənim üçün bir təcrübəli siyasi təhlilçi imicini tamamilə itirmək demək olardı. Mən nikbinlik üçün elə bir əsas görmürəm.
Bunu əsaslandırmağa çalışmaq da bir qədər gülünc görünür. Ona görə ki, hər şey onsuz da aydındır. Düzdür, builki prezident seçkisi hələ başlanğıcdan bizim düşərgə üçün böyük perspektivlər vəd etmirdi.
Amma əvvəl bir az ümid yaranmışdı və bu, daha çox dünyadakı proseslərlə bağlı idi. Ona görə “dünyadakı proseslərlə” deyirəm ki, 2008-ci ildən bu tərəfə ölkənin içində öyünüləsi bir dəyişikliyə imza atmamışıq, hər şey necə var, elə də qalıb, hətta deyərdim ki, bir az da pisləşib.
Indi bizim düşərgədə baş verən prosesləri bəlkə kimsə rəqabət adlandıra bilir. Amma mən burada “qara siyasi texnologiya”nın izlərini, təzahürlərini görürəm. Belə mübarizə üsuluna biz daha çox qarşı tərəfin – hakimiyyətin ifasında rast glmişik. Amma özümüz bəzən onları da ötüb keçirik.
Böyük təəssəüf hissilə demək olar ki, güvəndiyimiz insanlar “Ya mən olmalıyam, ya da filankəs olmamalıdır!” məntiqi ilə hərəkət etdilər və bu gün də belə hərəkət etməkdə davam edirlər.
Əvvəl də yazmışdım ki, müxalifətin yaratdığı növbəti böyük qurum iki əsas siyasi vektorun çəkişmə meydanı olacaq. Demişdim ki, bu çəkişmənin nəticəsi kimi üçüncü vektorlar meydana çıxacaq, hətta onların adını da bir xeyli əvvəl çəkmişdim. Bunun yeni qurumu böyük böhrana sürükləyəcəyini də demişdim. Bütün bunlar oldu. Nəyin hesabına? Ona görə oldu ki, siyasi rəqabəti çoxdandır siyasi intiriqa ilə əvəz etmişik.
Indi iki əsas vektor ardıcıl, birmənalı şəkildə böyük birliyin seçkidə iştirakının tərəfdarı kimi çıxış edir. Əslində bu, böyük əsəb savaşıdır. Hər bir tərəf ümid edir ki, qarşı tərəfin əsəbləri davam gətirməyəcək və qayıdıb “Biz öz partiyamızla seçkiyə gedəcəyik!” deyəcək.
Yeni qurumun sədri əslində vəziyyətdən çıxış yolunu özü təklif etmişdi. O demişdi ki, vahid namizəd qalmaq şərtilə qoy partiyaların da liderləri seçki prosesinə qatılsın.
Əgər vahid namizəd qeydiyyatdan keçərsə, onlar namizədliyini geri götürər, yox, alınmazsa seçkidə iştirak etməyə davam edər və sonrakı prosesləri özləri koordinasiya edərlər.
Bununla mən indiki vahid namizədin günahlarını heç də digər partiya liderlərinin üzərinə yükləmək istəmirəm. Onun suçu böyükdür. Biz heç olmasa maraqlı bir siyasi film gözləyirdik, amma o, prosesi əsl multiplikasiya filminə çevirdi.
Şəxsən mənim vətəndaşlıq məsələsilə bağlı Rusiya prezidentinə müraciət edilməsinə də böyük şübhəm var. Bəlkə də indiki vahid namizəd heç belə bir müraciət etməyib.
Bu şübhəmdə ona görə qərarlıyam ki, hamı vətəndaşlıqla, ölkədə yaşamaqla, başqa dövlət qarşısında öhdəliklərin olması ilə bağlı ciddi həyəcan siqnalı çalanda politologiyanı və hüququ YAP-ın sıralarında öyrənənlər bütün gücləri ilə belə bir problemin olmadığını israr edirdilər.
Üstəlik, əvvəl dedilər ki, bütün demokratik düşərgənin adından V.Putinə müraciət ünvanlanıb. Sonra isə bildirdilər ki, o müraciət göndərilməyib və bununla bağlı heç kim özünü ciddi bir açıqlama verməyə borclu saymadı.
Nə isə. Qayıdaq söhbətin əvvəlinə. Indi faktiki olaraq müxalifətin birliyi sakral ideyaya çevrilib, heç kim istəmir ki, sabah onu müxalifətin birliyini pozmaqda qınasınlar.
Bəli, belə bir problem də var. Hamı istəyir ki, “Bəsdir! Daha dözə bilmirəm!” sözlərini rəqib tərəf desin. Bunun üçün hətta bütün seçkini dəfn etməkdən də çəkinmirlər.
Düzdür, şəxsən mənim üçün bu seçkinin heç bir qara qəpiklik də qiyməti yoxdur. Amma düşünürəm ki, heç nə etməməkdənsə seçkidə iştirak etmək daha yaxşı olardı, çünki hər iki halda – seçkidə iştirak edəcəyimiz və yaxud da ki, iştirak etməyəcəyimiz halda heç kim bizim boynumuzdan medal asmayacaq.
Həm də hiss olunur ki, müxalifət düşərgəsində günahı başqasının boynuna yükləməklə seçkidən kənarda qalmaq arzusu da var. Ən azı ona görə ki, müxalifətin hətta zaman resursları da xeyli məhduddur.
Adamda əəvəl belə təsəvvür yaranır ki, bu ölkədə hamı heç nədən olmasa da vaxt sarıdan kasadlıq çəkmir. Amma ölkədə vaxtın həqiqətən də qiymətini bilənlər var. O da hakimiyyətdir və bu düşərgə üçün vaxt sözün əsl mənasında puldur.
Onlar tələsirlər ki, hakimiyyətlərini növbəti dövr üçün tez rəsmiləşdirib qurtarsınlar. Axı vaxtın bizim üçün qiyməti yoxdur, onlar üçün isə var, hətta konkret ədədlərlə ifadə olunur – o düşərgədə hamı bir gündə, bir ayda, bir ildə nə qədər qazandığının fərqindədir.