«Xalqın iştirak etmədiyi siyasi sistem uzun müddət yürüyə bilməz»
Mehriban Vəzir: «Dəyişiklik o zaman baş verəcək ki, onu xalq istəyəcək və edəcək»
Demokratik Qüvvələrin Milli Şurasının son sessiyasında Milli Şuranın prezident seçkilərində iştirakı ilə bağlı verilən mühüm qərar mətbuatın bir nömrəli müzakirə predmeti olaraq qalmaqdadır. Milli Şura təşkilatın sədri və vahid namizədi Rüstəm Ibrahimbəyovun namizədliyini sona qədər müdafiə edəcəyini bir daha bəyan etməklə yanaşı, vahid ehtiyat namizədin müəyyənləşdirilməsini situasiyaya uyğun olaraq məqbul sayıb. Milli Şuranın üzvü, tanınmış ziyalı Mehriban Vəzirlə müsahibəmizə də bu suala cavab almaqla başladıq.
– Milli Şuranın son sessiyasında qəbul olunan qərarı müsbət qiymətləndirirəm. Çünki Milli Şura mürəkkəb bir birlik formatıdır. Burada təkcə plürazlim deyil, əksfikirlilik belə mövcuddur. Bu səbəbdən də belə bir müstəvidə ortaq məxrəcə gəlməyin özü uğur sayıla bilər.
– Son günlər hakimiyyət düşərgəsindən belə bir təbliğat aparılır ki, demokratiya uğrunda imkanlar tükənib. Artıq cəmiyyət, demokratik düşərgə olaraq göstərilən səylər bir nəticə verməyəcək və seçkilərin taleyini dəyişmək olmaz?
– Düşünmürəm ki, demokratiya uğrunda mübarizə imkanları tükənib. Sadəcə, geniş toplumun demokratik dəyərlər uğrunda mübarizə etməməsi, kütləvi şəkildə haqq və hüquqlarını istəməməsi vəziyyəti ağırlaşdırıb. Eləcə də demokratik dünyada Azərbaycan demokratiyasını dəstəkləyənlərin sayı çox azalıb. Dövlətlər bir yana, hətta fərdlərin belə sırası seyrəlib. Hər kəs rüşvətlə susdurulub, satın alınıb. Iqtidar siyasi fəalları ağır şəkildə təqib edir. Bu səbəblərdən hazırkı situasiya ümidsiz görünə bilər. Amma bizim liderimiz – böyük öndərimiz Elçibəy xalqlar həbsxanası olan SSRI ilə savaşanda vəziyyət daha ümidsiz idi. O, sabahkı nəticə üçün və ya prezident olmaq üçün savaşmırdı. Ona görə savaşırdı ki, müstəqillik və ədalət istəyirdi. Yolundan caymadan, davamlı yürüyürdü. Elçibəyin rəhbərliyi ilə onun düşərgəsinə mənsub bizlər müstəqillik əldə etdik. Biz idealist insanlarıq. Mübarizəmiz davam edir və edəcək. Növbəti mərhələdə bu ölkəyə elə bizim – ideya insanlarının əli ilə demokratiya və ədalət gələcək. Buna əmin olun.
“Milli Şurada vəziyyət, iqtidarda olduğu qədər olmasa da, ağırdır”
– Hakimiyyətyönlü media Milli Şuraya qarşı belə təbliğat aparır ki, seçkilərə az müddət qalsa da demokratik düşərgə seçkilərə münasibətini sərgiləməyib. Ortaya belə sual çıxır: məgər hakimiyyət düşərgəsində hər şey qaydasındadırmı? Hakimiyyət düşərgəsində hələ də seçkidə iştirak edəcək şəxslərlə bağlı müxtəlif adlar çəkilir, ssenarilər olduğu bildirilir?
– Demokratik qüvvələr nə qədər gərgin durumdadırlarsa, iqtidar da bir o qədər gərginlik və çətinliklər içindədir. Hətta iqtidarın vəziyyəti daha qeyri-müəyyəndir. Milli Şurada vəziyyət, iqtidarda olduğu qədər olmasa da, yetərincə ağırdır. Biz siyasi mədəniyyətin oturuşduğu ölkədə yaşamırıq ki, iqtidar-müxalifət münasibətləri, hakimiyyət uğrunda mübarizə imkanları qanunlarla tənzim olunsun, vəziyyətimiz də birmənalı və müəyyən olsun. Qaydasız döyüşdür. Xalqın gözünün odu alınıb. Insanlar qorxudulur, siyasi fəallar təqib olunur. Ona görə təbii ki, biz, eləcə də cəmiyyət və bütün xalq birgə olaraq yaxşı və müəyyən vəziyyətdə deyilik. Bu qeyri-müəyyənlik Azərbaycan demokratiyasının vəziyyətidir. Buna sevinənlər isə böyük hesabla götürsək, öz gələcəklərinin qeyri-müəyyən vəziyyətinə sevinirlər. Gələcək hamı üçün ağır gələcək. Çox təəssüf ki, indiki iqtidarın və mirzələrinin şüuru bu reallığı dərk etmək gücündə deyil.
– Amma cəmiyyətdə hələ o əhval-ruhiyyə hökmrandır ki, insanlar dəyişikliklərin qaçılmaz olduğunu birmənalı şəkildə bəyan edir və hesab edilir ki, hazırkı iqtidarın siyasəti daha davam edə bilməz. Toplumdakı bu yanaşmanı necə qiymətləndirmək olar?
– Xalqın iştirak etmədiyi siyasi sistem uzunmüddətli yürüyə bilməz. Postsovet məkanına baxaq və onu Qərb dövlətləri ilə müqayisə edək. Son əsrlərdə Qərb ölkələrində dövlət idarəertməsi işlərində xalqın iştirakçılığı uğrunda kəskin mübarizələr gedib, xalq hərəkatları, inqilablar olub, nailiyyətlər əldə edilib və bu proses hər gün təkmilləşməkdədir. Postsovet məkanında isə bu dönəmlərdə xalqın iştirak etdiyi heç bir sistem mövcud olmayıb. Doğulub yaşamaq istəyən isə bələyində boğulub. Azərbaycanda belə qətl bir əsrdə ruslar tərəfindən 2 dəfə törədilib; 1920-də və 1993-də. Rusiya iqtidarları bütün siyasi formasiyalarda, istər çarizm, istər sovet, istər indiki siyasi sistem olsun xalq iştirakçılığının qəti əleyhinədir. Və bu avtoritarizmi bütün postsovet ölkələrində himayə edir. 150 milyonluq rus xalqı belə öz dövlət idarəetməsinə yaxın buraxılmır. Idarəetmə haqqı və milli sərvət bir ovuc adamın əlindədir. Rus xalqı idarəetmədə iştirak etsəydi o boyda dövlətin iqtidarını futbol topu kimi bir-birinə pas ötürüb 3-cü dəfə hakimiyyətə gəlmək mümkün olmazdı. Rusiyanın və rus hərbi gəmilərinin Bakı limanına yan almasının hazırkı məqsədi bizim bildiyimiz işğal deyil, dövlət idarəetməsində xalqın iştirakçılığını sıfıra endirmək və iqtidarlara diqtə etməkdir. Bu yolla qarı düşmən dövlət idarəetməsində yalnız xalq iştirakçılığını deyil, hətta bizim elm sahələrimizi belə nəzarətdə saxlaya bilir və hazırda belə bir yeni ekspansiya üsulunu tərcih edir. Bu, bəlli. Lakin bütün bunlara baxmayaraq ictimai şüur artıq müəyyən mərhələlər aşıb. Bu ictimai şüur keçidlərinin əsas səbəblərindən biri odur ki, bizim xalqımız öz müstəqilliyini özü əldə edib. Azadlıq üçün milyon insan meydana çıxıb. Nəticədə isə xalq öz gözləntilərini əldə edə bilməyib. Vətəndaş müstəqil və mövcud milli sərvətə adekvat yaşamır. Vətəndaşımızın gözləntilərinin yeri dolmayıb. Belə şəraitdə bu boşluq öz-özünə və ya islahatlarla dola bilməz. Bundan ötrü ikinci hərəkat mərhələsi olmalıdır. Kütləvi mübarizə üçün isə ictimai şüurun uyğun formalaşması mərhələsi yetişməlidir. Düşünürəm, hazırda o mərhələ yaşanmaqdadır ki, insanlar kütləvi şəkildə təngə gəliblər və “belə yaşamaq olmaz” deyə düşünürlər. Hamı narazıdır. Hətta rifahı olan azsaylılar belə. Çünki onların da könül rahatlığı yoxdur. Ona görə ki, bu ölkədə qanun heç kəsi qoruya bilmir. Bu ortaq ictimai rəyin ardıyca dəyişiklərdən ötrü hərəkət etməyin vacib olduğunu idrak edən kollektiv ağılın işlək mexanizmi işə düşməlidir. Dəyişiklik o zaman baş verəcək ki, onu xalq istəyəcək və edəcək. Hazırkı mərhələ istəmək mərhələsidir, xalq birmənalı olaraq dəyişiklik istəyir. Lakin, görünür, hələ etmək mərhələsi yetişməyib. Amma o da var ki, xalqın istək mərhələsindən etmək mərhələsinə keçid zamanı bəzən bir an çəkir. Gözlənilməz və ağlagəlməz bir an. Sağlıq olsun.
“Xalq bu köləpayını qəbul edib yumşalmayacaq”
– Avqustun 16-da GAMOH lideri Mahmudəli Çöhrəqanlı Azərbaycana səfər etsə də onu ölkəyə buraxmadılar. Çöhrəqanlı özü ona olan münasibəti qəzetimizə müsahibəsində Azərbaycan hakimiyyətində türk ideologiyasına sadiq insanların təmsil olunmamasıyla izah etdi. Sizin fikrinizcə, GAMOH lideri niyə Azərbaycana buraxılmadı?
– Belə biabırçı problemlərin olmamasından ötrü Azərbaycanda milli mənafeyə xidmət edən, xalqın seçdiyi, toplum qarşısında hesabatlılığı olan hakimiyyət olmalıdır.
– Hakimiyyət ənənəsinə sadiq qalaraq seçki öncəsi büdcə təşkilatlarında çalışanlara qarşı bir sıra güzəştlər tətbiq etməklə özünə olan mənfi rəyi yumşaltmağa çalışır. Bunu büdcə təşkilatlarında çalışanların məvaciblərinin 10 faiz artırılması da göstərir. Amma buna baxmayaraq ekspertlər vurğulayırlar ki, edilən artım artıq inflyasiyanın yeminə çevrilib?
– Iqtidar neçə dönəmdir seçkiləri saxtalaşdırır, özü-özünü zorakılıqla təyin edir, xalq onun iqtidara gəlməsində iştirak etmir – bu başqa məsələdir. Lakin belə ləyaqətsiz durumda yaşayan vətəndaşımız bu köləpayına görə gedib yenidən bu iqtidara səs verəcəksə, o zaman bu da tamam başqa məsələdir. Əgər maaşlara artırılan 10 manat rəy yumşaqlığı yaradacaqsa, demək, biz bir xalq olaraq yoxa sayılmalıyıq. Müşahidələrim deməyə əsas verir ki, xalq bu köləpayını qəbul edib yumşalmayacaq və seçkiyə getməyəcək. Sizi əmin edirəm, xalq seçkidən bir gün öncə dəyişiklik edə biləcəyini hiss edəcəksə, seçkiyə gedəcək. Özündə güc görməyəcəksə, seçkiyə getməyəcək. Çünki mövcud ictimai narazılıq 10 manata satın alınacaq qiymətdə deyil.
– Rüstəm Ibrahimbəyovun namizədliyi ilə bağlı hüquqi problem həllini tapmayacağı təqdirdə Milli Şura yeni vahid namizəd ideyası ilə seçkiyə qatılmağı düşünür. Ekspertlər, ziyalılar hesab edir ki, bu addım cəmiyyətdə Milli Şuraya olan etimadı və inamı bir qədər yüksəldəcək. Siz necə düşünürsünüz?
– Bir az fərqli düşünürəm. Yeni vahid namizəd məsələsini məqbul sayıram. Nəhayət biz də fərdlər ətrafında deyil, ideyalar ətrafında birləşmək səviyyəsinə yüksəlməliyik. Lakin təəssüf edirəm ki, Milli Şurada lider siyasətçilərdən heç birinin ehtiyat vahid namizəd olması reallaşmır. Çünki belə dar macalda yalnız peşəkar və təcrübəli partiyası olan lider bir iş görə bilər. Demək, Milli Şura formatında olan birliklər cəmiyyətin zənn etdiyi qədər effektli deyil. Cəmiyyət hesab edirdi ki, bütün tərəflər bir yerdə olsa, iş düzələcək. Bu rəy alt-üst oldu. Təcrübə sübut etdi ki, tərəflərin birlik oması hələ yetərli deyil, mühüm olan həm də xalqın iştirakçılığıdı. Eləcə də mühüm olan filosoflar demişkən “bərabər olanların bərabərliyidir”. Bu qədim fikri bərabər düşüncədə, bərabər amalda və bərabər hədəfləri olanların bərabərliyi kimi nəzərdə tuturam. Görünür, xalqımızın kollektiv ağlı bu təcrübəni də qazanmalıydı.
Xəyal