Suriyada kimyəvi hücumda 1300 adam ölüb

Suriyanın əsas müxalifət qrupu bildirir ki, hökumət qoşunlarının kimyəvi hücumu nəticəsində 1300 adam ölüb. Müxalifət bu hücumun Dəməşq ətarfında baş verdiyini bildirir. Suriya Milli Koalisiyası İstanbulda keçirdiyi mətbuat konfransında elan edib ki, hücum bu gün səhər saatlarında olub və bu, Suriyadakı vətəndaş müharibəsində dönüş yarada bilər. Koalisiyanıən üzvü George Sabra deyib: “Bu, terrordan çox, insanları qırmaq idi”. İnternetdə kimyəvi silahdan ölənlərin videoları yayılıb. Suriya müxalifətinin müxtəlif qrupları müxtəlif sayda qurbandan xəbər verir. 

İstanbulda Suriya Milli Şurasının sözçüsü Xalid Saleh Reutersə deyib ki, məsuliyyət Bəşər Əsəd hökumətinin üstündədir: “Bizim üçün aydındır ki, bu kimyəvi silahlar ballistik raketlər üçündür. Yalnız hakim rejimdə bunlardan günahsız insanlara qarşı istifadə imkanları və istəyi var”. Ərəb Liqasının rəhbəri Nabil Elarabi Suriyada olan kimyəvi silah müfəttişlərini dərhal Şərqi Qoutaya getməyə və yerində vəziyyəti qiymətləndirməyə çağırıb.